Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-178/2024 31.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, müəyyənetdim: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin BDYP-nin Yol Patrul Xidmətinin inspektoru polis mayoru X1 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş və həmin əmələ görə barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli, EQ 19346092 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bundan sonra Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis idarəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabr ayının 19-20-də Qarabağ ərazisində apardığı antiterror əməliyyatlarında xx.xx.2023-cü il tarixində hərbi əməliyyatlar nəticəsində şəhid olmuşdur. Belə ki, materialda olan AZ-İİ № 378796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü ildə Tərtər rayonu, Canyataq kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 115 nömrə ilə qeydiyyat aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs öldüyü üçün onun barəsində olan materiala baxıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyündən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanı isə Şəxs öldüyü üçün işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Nəsimi Rayon Polis İdarəsi tərəfindən şəxs barəsində protokol tərtib edilməmişdən əvvəl şəxsin həyatda olub-olmaması yoxlanılmamış, nəticədə antiterror əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçunun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalı və inzibati xətanın kim tərəfindən törədilməsi araşdırılmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü madəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisədən əvvəl öldüyü üçün İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında İXP ******* nömrəli 03 iyun 2024-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar protokolu tərtib etmiş orqana, yəni Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-178/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-178/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver