Məhkəmə qərarları › İş №3(024)-18/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-18/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-18/2024 13.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib etdiyi EP № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 12000 ABŞ dolları məbləğində vəsaiti 27 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş. valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayədəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən “Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun”. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs MMC 27 dekabr 2021-ci il tarixdə 12000 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə kənd təsərrüfatı malları sifariş etmişlər. Lakin həmin malların gətirilməsi sərf etmədiyi üçün aralarında olan anlaşma pozulmuş və sifariş ləğv edilmişdir. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, ödənilmiş vəsait tam şəkildə qaytarılmışdır. Göstərdiklərini nəzərə alaraq Şəxs MMC-nin barəsində tərtib edilmiş EP № ******* saylı protokolun ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi Bank Respublika ASC-nin Zaqatala filialının xx.xx.2024-cü il tarixli Qax rayon Məhkəməsinə təqdim edilməsi üçün Şəxs MMC-nə ünvanlanan məktubundan görünür ki, AĞACLİ OTOMOTİV GİDA TİC A.S ilə bağlamış olduqları xx.xx.2021-ci il tarixli S.2021.2065 saylı müqavilə və xx.xx.2021-ci il tarixli P.2021.2065 nömrəli proforma invoys əsasında xx.xx.2021-ci il tarixdə göndərilən 12000 ABŞ dolları məbləğində vəsait xx.xx.2022-ci il tarixdə AĞACLİ OTOMOTİV GİDA TİC.A.S tərəfindən geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC xx.xx.2019-cu il tarixdə 12000 ABŞ dolları məbləğində pulu Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə kənd təsərrüfatı avadanlıqları sifraiş etmiş, lakin sifariş ləğv edilmişdir. Buna baxmayaraq Şəxs MMC-barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclaısnda müəyyən edildi ki, Şəxs MMC-nin AĞACLİ OTOMOTİV GİDA TİC A.S ilə bağlamış olduqları xx.xx.2021-ci il tarixli S.2021.2065 saylı müqavilə və xx.xx.2021-ci il tarixli P.2021.2065 nömrəli proforma invoys əsasında xx.xx.2021-ci il tarixdə göndərilən 12000 ABŞ dfolları məbləğində vəsait xx.xx.2022-ci il tarixdə AĞACLİ OTOMOTİV GİDA TİC.A.S tərəfindən geri qaytarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində qeyd edilmiş (“Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması”) inzibati xətanın törədilməsi Şəxs MMC-nin hərəkətlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsində göstərilir ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Belə ki, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53.1.2, 84, 106, 114, 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından işin icraatına xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar