Məhkəmə qərarları › İş №3(024)-180/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-180/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-180/2024 05.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax rayon prokruronun köməkçisi, İİ dərəcəli hüquqşünans X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1993-cü ildə Qax rayonu, Qıpçaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, X2 mühafizə taborunda baş sürücü vəzifəsində işləyən, Qax rayonu, Qıpçaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon prokuroru, ədliyyə müşaviri X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 24-1-2-2-429-1210-2 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Qərarda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Şəxs yaşadığı Qax rayonu, Qıpçaq kəndində yerləşən evin yataq otağında arvadı Zərərçəkmiş şəxs əlini əlləri ilə tutub qəsdən sol üzünə vuraraq sonuncuya sağlamlığına zərər vurmayan sol yanaq nahiyəsində 01 ədəd qançır xəsarətini yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Qax rayon Prokurorluğunun prokuror köməkçisi, İİ dərəcəli hüquqşünans X3 qərarı müdafiə edərək göstərdi ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Şəxs yaşadığı Qax rayonu, Qıpçaq kəndində yerləşən evin yataq otağında baş vermişdir. Şəxs arvadı Zərərçəkmiş şəxs əlini əlləri ilə tutub, qəsdən sol üzünə vuraraq sonuncuya sağlamlığına zərər vurmayan sol yanaq nahiyəsində 01 ədəd qançır xəsarətini yetirmişdir Bununla bağlı ekspertiza rəyi inzibati xəta haqqında materiala əlavə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs əlini əlləri ilə tutmuş, Mahirənin sol üzünə sillə vurmuşdur. Təqsirini boynuna alır. Əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində bildirdi ki, əri Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən yaşadıqları evdə mübahisə vaxtı onun üzündən sillə ilə vurmuşdur. Hadisə baş verən vaxtdan hazırki vaxtadək Zaqatala rayonu, Faldarlı kəndində, atasının evində yaşayır. Vüqardan ayrılmaq istəmir. Ailəsini bərpa etmək niyyətindədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ondan üzr istəyib, Vüqarla barışmışdır və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbirin görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmədən bəhs edən 39.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını, eləcə də İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar