Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-189/2024 28.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Qax RPŞ-nin sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlunun iştirakı ilə, Qax RPŞ-nin İTB-nin polis sahə, rəisi polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs - Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokolun və MN ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qum bələdiyyəsinin Tabaxca adlanan sahə Süskənd Fısdıqlı yolunun kənarında yerləşməklə sözügedən ərazidə bir hissə örüş sahəsi olmaqla cəmi 0.56 ha-dır. Ərazidə əvvəllər keçmiş Oktyabr kolxozunun dövründə qoyun çimizdirilən vannalar olduğundan oradan arxac kimi istifadə olunmuşdur. Ona görə də sahə qoyun peyini ilə örtülü olduğundan və əraziyə kəndin mal-qarası getmədiyindən sahə yabanı otlarla sirayət olunmuşdur. Həmin ərazidə yabanı otların içərisində yabanı halda bitən narkotik tərkibli Asral bitkisi bitir. Uzun illərdir ki, həmin ərazidə Asral bitkisi bitdiyindən ərazi bələdiyyə tərəfindən təmizlənir və bitki yığılaraq yandırılır. Bu il ərzində iki dəfə olmaqla həmin ərazi Asral bitkisindən təmizlənmişdir. Lakin Qax Rayon Polis Şöbəsinin sahə müvəkkili Ömərov Hicran Qazı oğlu tərəfindən ona bildiriş verilmədən xx.xx.2024-cü ildə İnzibati Protokol tərtib edilmişdir. Protokola tərəfindən imza olunmamışdır. Tərtib olunmuş Akt poçt vasitəsilə ona göndərilmişdir. Bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2 maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquq pozuntusunun aradan qaldırılması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquq pozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq, bir aydan iki ayadək müəyyən olunur. Lakin yuxarda qeyd olunduğu kimi Qax rayon Polis şöbəsinin əməkdaşı İnzibat Xətalar Məcəlləsinin müddəalarını nəzərə almamış, ya ona, ya da Qum bələdiyyəsinə məlumat verməmiş, hüquq pozuntusunun aradan qaldırılması üçün müddət təyin etmədən protokol tərtib etmiş, inzibati qaydada onu 400 (dörd yüz) manat məbləğində cərimə etmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Qax Rayon Polis şöbəsinin sahə rəisi polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərəfindən tərtib olunmuş MN № ******* saylı protokol və MN № ******* saylı qərarın ləğv olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə sonradan məhkəməyə ərizə təqdim edərək məhkəmədən Qax RPŞ-nin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda Nümayəndə ərizəsində həmin ərazini narkotik vasitələrdən təmizlədiyini göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, onun barəsində 2023-cü və ondan əvvəlki 2022-ci il ərzində də protokol yazılmışdır. 2023-cü ildə məktubla müraciət edilmiş və yerində təmizlik işləri aparılmışdır. Cari ildə iki dəfə təmizlik işləri aparmışdır. Protokol yazılmaqdan üç gün əvvəl qanunda da var ki, İXM-nin 116.2-ci maddəsinə əsasən bir ay, üzürlü səbəblərə görə iki ayadək ona həmin ərazini təmizləmək üçün müddət verməlidirlər. Ərazi əvvəllər qoyun yatağı olmuşdur. Hazırda heç kəsin istifadəsində deyildir. Heyvanlar otarılır. Həmin ərazini narkotik tərkibli bitkidən iki dəfə təmizləmiş və heç kəs ona deməmişdir ki, ərazini təmziləmək lazımdır. Bu il də əraziyə traktor salaraq ərazini həmin bitkilərdən təmizləmişdir. Ancaq müşahidə aparmışlar ki, çətənə bitkisi yenə də bitir. Onu cərimə yazmaqdan bir həftə qabaq Qax RPŞ-nə dəvət etmişlər. Ona 400 manat cərimə olunacağını dedikdə etirazını bildirmişdir. Ona bildiriş göndərilməmişdir. Onu zəng vurub polis şöbəsinə dəvət etmişlər və xx.xx.2024-cü il tarixdə polis şöbəsinə getmişdir. Polis şöbəsində etiraz etdikdə ona “yaxşı baxarıq” demişlər. Daha sonra məktub şəklində protokol gəlmişdir. O, protokola imza etməmişdir. Avqustun 20-si məktub gəlmiş, 21-i isə məhkəməyə müraciət etmişdir. Onlar ərazinin narkotik tərkibli bitkilərdən təmizlənməsi məsələsini daim nəzarətdə saxlayırlar və hər ilin may, iyun və oktyabr aylarında ərazidə çətənə bitkilərinin kolları quruduqdan sonra təmizlənir. O, həmin torpaq sahəsini bütöv təmizlətmək istəmişdir. Lakin torpağı şumlamağa görə 500 manat cərimə nəzərdə tutulmuşdur. Hazırda həmin ərazi təmizlənmişdir və bu barədə Qax RPŞ-yə məlumat verilmişdir. Odur ki, barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs qax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlu şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, həmin protokol təhqiqat qərarı əsasında yazılmışdır. Hər il ərzində bələdiyyə sədri yabanı halda bitən narkotik vasitələr haqqında onlara yazılı məlumat verməlidir. Qax rayonu Qum Bələdiyyəsinin sədri bu barədə Qax RPŞ-nə məlumat verməmiş və təhqiqat araşdırması nəticəsində qərar qəbul edilmiş və həmin qərar əsasında protokol tərtib olunmuşdur. Profilaktiki əməliyyat və axtarış tədbirləri nəticəsində yabanı halda bitən çətənə bitkilərinin məhv edilməsi ilə bağlı plan əsasında tədbirlər keçirilmişdir. Protokol tərtib edilməmişdən əvvəl Qum Bələdiyyəsinin sədri Nümayəndəla şifahi qaydada telefon vasitəsi ilə əlaqə saxlanılmış və Qax RPŞ-nə dəvət olunmuşdur. Bələdiyyə sədrinə bildirilmişdir ki, barəsində 400 manat inzibati cərimə olunması barədə qərar qəbul olunacaqdır. Ərazi Qax rayonu Fıstıqlı kəndinin ərazisidir və Qum Bələdiyyəsinin mülkiyyətinə daxildir. X1 sədri Nümayəndə həmin ərazidə çətənə bitkisinin yabanı halda bitməsi barədə Qax RPŞ-nə məlumat verməmişdir. Halbuki özü izahatında deyir ki, 2023-cü və 2022-ci illərdə bu barədə məlumat vermişdir. Qum Bələdiyyəsini sədri cari il ərzində məlumat verməli idi ki, Qum Bələdiyyəsinin ərazisində olan torpaq sahəsində yabanı halda çətənə bitkisi bitir. Həmin məlumat əsasında da əməliyyat axtarış tədbirləri həyata keçirilməli və məhv etmə barədə qərar qəbul olunsaydı, Nümayəndə məsuliyyətə cəlb edilməyəcəkdi. Nümayəndə isə Qax RPŞ-nə müvafiq məlumatı verməmişdir. İnzibati araşdırmanın aparılması barədə Qum bələdiyyəsinə bildirişin göndərilməli olması, həmçinin inzibati cərimənin şərti olaraq tətbiq edilməli olmasından məlumatsız olub. Odur ki, şikayətin təmin edilməməsi və qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Ömərv Hicran Qazi oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə xx.xx.2024-cü il tarixdə bələdiyyə sədri olduğu Qax rayonu Fıstıqlı kəndinin mülkiyyətində olan torpaq sahələrində tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görmədiyi üçün barəsində İXM-nin 209-cu maddəsi ilə protokol tərtib edilmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Ömərv Hicran Qazı oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərardan görünür ki, Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vəzifəli şəxs qismində 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Qum Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli əmrindən görünür ki, bələdiyyə üzvlərinin gizli səs çoxluğu ilə Qum bələdiyyəsinin sədri vəzifəsinə Nümayəndə təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsi və barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həm protokol, həm də qərar eyni tarixdə - xx.xx.2024cü il tarixdə tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamamış, protokolda şəxsin izahatları qeyd edilməmiş, ümumiyyətlə protokolun tərtib edilməsi barədə bələdiyyə sədrinə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Protokolu tərtib etmiş polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlunun ifadəsində də qeyd etdiyi kimi, yalnız telefon vasitəsilə şəxs polis şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4.-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə bələdiyyənin mülkiyyətinə daxil olan Qax rayonu Fıstıqlı kəndinin ərazisində tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görmədiyi üçün Qax rayonu Qum bələdiyyəsinin sədri Nümayəndə barəsində İXM-nin 209-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin normada təsbit edilmişdir ki, yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Lakin işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, Qax RPŞ-nin İTB-nin sahə rəisi Ömərov Hicran Qazı oğlu tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən Qum Bələdiyyəsinin sədrinə hüquqpozmanın aradan qaldırılması barədə xəbərdarlıq edilməmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən ona rəsmi qaydada bildiriş göndərilməmiş, işə onun iştirakı olmadan baxılaraq şəxsə məlumat verilmədən qərar qəbul edilmişdir. Polis sahə rəisi Hicran Ömərov tərəfindən İXM-nin 116.2-ci maddəsinin tələbləri pozularaq Qum Bələdiyyəsinin sədrinə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün bələdiyyənin zəruri maliyyə imkanları, işçi qüvvəsi, texnika ilə təminatı və ərazinin sahəsi nəzərə alınmadan bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müddət verilməmiş, barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmək əvəzinə, hazırki mübahisələndirilən qərar qəbul edilmşdir. Həmçinin bələdiyyə sədri tərəfindən ərazi narkotik tərkibli bitkilərdən təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından görünür ki, Nümayəndə qərardan şikayət vermə müddəti olan 10 (on) gün müddəti ötürməmişdir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs, Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərəfindən qəbul edilmiş, Qax rayonu Qum Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-189/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-189/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver