Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-192/2024 05.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1956-cı il tarixdə Qax rayonu Qaxmuğal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, pensiyaçı, Qax şəhəri, 20 yanvar küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən evin həyətində qardaşı Zərərçəkmiş şəxs1 və onun arvadı Zərərçəkmiş şəxs2 ilə münaqişə zamanı onların ünvanına nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 protokola uyğun izahat verərək, göstərdi ki, müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, onu yaşamağa qoymurlar. Qardaşı 4 dəfə DİNnin 102 xidmətinə zəng etmişdir. Ailəsindən ayrılmışdır. Qardaşı və qardaşının arvadı ilə eyni ünvanda yaşayır. 68 yaşı var. Pensiyaçıdır. Hazırda heç bir yerdə işləmir. Hadisə baş verən gün polis gəlib görmüşdür ki, dava-dalaş, heç nə yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmədən qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o evdə ailəsi ilə, yəni oğlu və həyat yoldaşı ilə birgə yaşayır. Qardaşı Aydın onlara evdə rahat yaşamağa imkan vermir. Aydın onlara özü yaşamırsa, onların da yaşamamasını deyir. Şəxs əvvəllər Bakı şəhərində yaşamışdır. Ailəsi onu evdən qovmuşdur. Bundan sonra Aydın onun evində yaşamağa başlamışdır. Aydın evdə spirtli içki qəbul edərək onun həyat yoldaşını, uşağını söyüb təhqir edir. Aydının yemək-içməyini onlar verir. Artıq 15 gündür ki, Aydına yemək vermədikləri üçün qaz peçi taparaq evdə özünə yemək bişirir. 21 avqust 2024-cü il tarixdə Aydın spirtli içki qəbul edərək yaşadığı evin həyətində onu və arvadını nalayiq söyüşlərlə təhqir etmiş, o da 102 zəng xidmətinə müraciət etmişdir. Aydın qonum-qonşunu hətta polisi belə bezdirmişdir. Hazırda qardaşı ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Onun həbs edilməsini də istəmir. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs onun qayınıdır. Aydın spirtli içki qəbul edir və söyməyə başlayır. O, həmin evə gəlin gəlmişdir. O da tütün sahəsində gündəlik fəhlə kimi işləyir. Aydın onları evin həyətində söyür. İstəmir ki, qayını tutulsun. Qayınını həmişə böyüyü, atası olaraq görmüşdür. O da yorulmuşdur və istəyir ki, insan kimi yaşasınlar. 21 avqust 2024-cü il tarixdə Aydın spirlti içki qəbul etmiş və evin həyətində onları söymüşdür. Əri Vaqif də 102 xidmətinə zəng etmiş, polis gələrək onun müraciətinə baxmış, Aydını aparmış, bir gün sonra buraxmışlar. Aydın yaşlı adamdır və bir də belə hərəkətlər etməzsə onun həbs olunmasını istəməz. Bu vəziyyətə son qoyulmasını istəyir. O da hazırda Aydınla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Onun həbs edilməsini də istəmir. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş 23 avqust 2024-cü il tarixli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Şəxs barəsində HK-1/511 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd olunmuş, barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surəti Qax RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə, onun özünün etirafı və zərərçəkmiş şəxsin izahatı ilə təsdiqini tapır. Şəxs yaşadığı evin həyətində qardaşı və onun arvadı ilə mübahisə yaratmış, ucadan səs-küy salmış, zərərçəkmiş şəxsləri nalayiq ifadələrlə söyüb təhqir etmiş, ətrafda yaşayan vətəndaşları narahat etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin normaya əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmçinin Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisədən sonra barışmışdır. Eyni zamanda hazırda onun 68 yaşı vardır. Məhkəmə qeyd edilən halları İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Zərərçəkmiş şəxslər hadisə baş verən gün Şəxs sərxoş vəziyyətdə olduğunu bildirsələr də, bu faktı təsdiq edən sübut inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, 68 yaşında olmasına baxmayaraq zərərçəkmiş şəxslərlə mütəmadi olaraq münaqişədə olmasını, sabit olmayan və cəmiyyətdə birmənalı qarşılanmayan davranışlarını, Qax RPŞ-də münaqişəli ailə kimi qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-192/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-192/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver