Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-194/2024 10.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, tərcüməçi X1, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1990-cı il tarixdə Qax rayonu, Qax-İngiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil (ümumi xəstəlik), öz deməsinə görə məhkumluğu olmayan, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayoun Qaxbaş kəndində qeydiyyatda olmaqla yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qax RPŞ-dən Qax Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materialları nəzərdən keçirib müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ ayağına iki təpik vuraraq ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Qax RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmiş, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. İnqa ilə aralarında narazılıq olmuş, axşam söhbət etmiş və atası gəlib İnqanı evinə aparmışdır. Mübahisə baş verən gün İnqa bibisigilə getmiş, o da uşağı görmək üçün həmin evin həyətinə gedərək İnqanı çölə çağırmış, nə vaxta qədər atasıgildə oturacağını, barışmaq istədiyini və evə gəlməsini demişdir. İnqa ilə söhbət etmək və barışmaq istəmişdir, çünki nə vaxta kimi belə olacaq? Həmin vaxt aralarında mübahisə düşmüşdür. Hər ikisi əsəbləşmiş, İnqa DİN-nin 102 Zəng xidmətinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları evə gəlmişlər. O, İnqanı nə əl, nə ayaq, nə də təpiklə vurduğunu xatırlamır. Ola bilər ki, əsəbləşərək arvadını vurmuşdur. Ancaq həmin vaxt əsəbi olduğundan yadına gəlmir. İnqa onunla barışmaq istəmir. Ona görə də, şikayət etmişdir. Hərəkətindən peşmandır. Nikahlarından bir qızları var, ona görə də arvadı ilə barışmaq istəyir, lakin İnqa boşanmaq istəyir. Təqsirini etiraf edir və səmimi peşmandır. Odur ki, məhkəmədən qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə bibisinin evində olmuşdur. Həmin gün günorta vaxtı Revazi qonşu həyətdən damın üstünə çıxmış və orada olan pilləkəndən Revazi həyətə düşmüş və onun sol ayağından bir dəfə təpiklə vurmuşdur. Bibisi yaşlı qadındır, təzyiqi qalxmış və özündən getmişdir. O, evə girərək qapını bağlamış və DİN-nin 102 qaynar xəttinə zəng etmişdir. Revazi 8 il əvvəl əməliyyat olunmuş, sağ qolu həmin vaxtdan işləmir. O isə bazarda işləyərək daim Revaziyə maddi dəstək olmuşdur. Ancaq Revazi onu döyməkdən başqa heç nə etmirdi. Onlara kömək etmirdi və baxmırdı. Həmişə döyüşürdü, o 8 aylıq hamilə olarkən həyətdə onun saçından tutub sürüyürdü. Revaziyə yeni ər-arvad olduqlarını və axşamlar evə nə üçün gec gəldiyini soruşanda onu döyürdü. Ona görə də, çıxıb getmişdir. Atası evinə getdikdən sonra da Revazi gecələr əlində bıçaqla gəlib pəncərəni döyərək onu öldürmək istədiyini deyirdi. Onu öldürməsə arabaya oturtduracağı ilə hədələmişdir. Uşaq da qorxur və axşamlar yata bilmirdi. Ona görə də, Revazi ilə barışmaq istəmir. O, 8 ildir ki, zülüm çəkir. Revazi ona xəyanət etdiyini deyirdi. Lakin o Revaziyə heç vaxt xəyanət etməmişdir. Şəxs ilə barışmır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Qax Rayon Şöbəsi tərəfindən verilmiş 116 nömrəli xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Şəxs ümumi xəstəlik-ikinci qrup əlildir və 220 (iki yüz iyirmi) manat təqaüd alır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilir. Törətdiyi əmələ görə Qax RPŞ-nin təhqiqat qrupunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilməməsi ilə bağlı ekspert rəyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, müvafiq rəydə şəxsin bədəni üzərində sağlamlığına zərər vurmayan xəsarətlər aşkar edilməsə də, döymə əməli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin izahatı ilə, həmçinin inzibati xəta haqqında iş üzrə icraat materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və Qax RPŞ-dən daxil olmuş materialla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Şəxs səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini və İİ dərəcə əlil olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, həmçinin orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyinin müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsiliyyyətini yüngülləşdirən halların olmasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin faktiki nikah münasibətlərində (ər-arvad) olmasını, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyinin müəyyən edilməsini (İİ dərəcə əlillik), inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsinin tətbiq edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-194/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-194/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver