Məhkəmə qərarları › İş №3(024)-195/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-195/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-195/2024 16.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1998-ci ildə Qax rayonu Marsan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan işsiz, əlilliyi olmayan, Qax rayonu Marsan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Qax rayon Notariat Ofisinin 8İ-1851 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi üzrə 1072.69 manat, Qax rayon Notariat Ofisinin 8İ-1852 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi üzrə 438.31 manat və Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(024)-856/2021 saylı icra sənədi üzrə yaranmış 1002.15 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qax rayon Notariat Ofisinin 8İ-1851 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 1052.69 manat kredit borcu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi 17 may 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməklə tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Növbəti dövrlərdə - 23 iyun 2021-ci il tarixdə borcluya xəbərdarlıq məktubu, xx.xx.2022-ci il tarixdə isə çağırış vərəqəsi göndərilsə də, borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Qax rayon Notariat Ofisinin 8İ-1852 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi 17 may 2021-ci il tarixli icra qeydinə əsasən cəmi 438.31 manat pul Şəxs alınaraq "xxxx" ASC-nə ödənilməlidir. Tərəfindən 17 may 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə borcluya xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu, xx.xx.2022-ci il tarixdə isə çağırış vərəqəsi göndərilmiş, lakin Şəxs Qax rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(024)-856/2021 saylı icra sənədi 22 oktyabr 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin məhkəmə əmrinə əsasən Şəxs cəmi 1002 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəflərə göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə çağırış vərəqəsi borcluya göndərilmişdir. Şəxs Qax rayon icra və probasiya şöbəsinin çağırışlarına gəlməmişdir. Növbəti dövrdə borclunun ünvanda yaşayıb-yaşamamasının müəyyən edilməsi üçün sorğu edilmiş, borclu ünvanda yaşamadığı üçün barəsində axtarış qərarı qəbul edilərək Qax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 16 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, ondan izahat alınmışdır. Borclu isə izahatında sözügedən icra sənədlərində qeyd olunan borcları ödəməyə maddi imkanı olmadığını, icra məmurunun çağırışlarına isə imkanı olmadığı üçün gələ bilmədiyini və icra sənədləri üzrə borclarını işlədikdən sonra ödəyəcəyini bildirmişdir. İcraata başlamaq haqqında qərarı və bildirişi xx.xx.2024-cü il tarixdə borcluya təqdim etmişlər. Lakin çağırış və xəbərdarlığı borcluya göndərmişlər. Borclu tərəfindən iki ədəd hər biri 20 manat olmaqla ödəniş qəbzləri təqdim olunmuşdur. Borclunun "xxxx" ASC-nə 1471 manat borcu qalmış, "xxxx" MMC-nə 2024-cü ilin iyul ayı üzrə ödədiyi cəmi 10 manat ödəniş qəbzini təqdim etmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, artıq 4 aydır ki, gücü çatdığı qədər üç icra sənədi üzrə ödənişlərini ödəyir. Bu gün AFN TRADE MMC-yə 50 manat ödəmişdir. “Kontakt Home” 30 manat, "xxxx" ASC-nə isə 14 manat ödəmişdir. "xxxx" ASC-nə ay ərzində 10-15 manat olmaqla gücü çatdığı qədər ödəyir. "xxxx" ASC-dən kredit götürərkən “Sərhan Market” də işləyirdi. Ev tikmək üçün kredit götürmüşdür. Bakı şəhərində Sovxoz Ramana adlanan ərazidə ev tikmişdir. Həmin evdə hazırda uşağı ilə həyat yoldaşı yaşayır. "xxxx" MMC-dən mobil telefonu hissə-hissə ödəmək şərti ilə götürmüşdür. Həmin krediti iki aydır ki, hər ay 50 manat olmaqla ödəyir. Vəfadar müəllim adlı şəxs ona zəng etmiş, əgər kredit borcunu ödəməsə onun axtarışa veriləcəyini bildirmiş, bundan sonra 3 aydır bütün icra sənədləri üzrə ödənişlər həyata keçirmişdir. İcra məmurunun çağırış məktubları onun qeydiyyatda olduğu ünvanına gəlmiş, o Bakı şəhərində yaşadığı üçün maddi imkanı olmadığından çağırışlara gələ bilməmişdir. Üç il ərzində borclarını ödəməməsinin səbəbi, pandemiyanın başlanması, karantin dövrünə təsadüf etməsi, həmçinin maddi imkanının olmaması ilə əlaqədardır. Borcundan hazırda heç bir ödəniş edə bilmir. İcra məmuru ona təxminən 4-5 ay əvvəl zəng edərək ödənişlərini etməsini tələb etmişdir. O da ödənişlərini etmişdir. O, işləmək və imkan daxilində ödənişlərini etmək istəyir. Tələbin könüllü icrası barədə bildiriş ona elə bu gün – 16 sentyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Qax Rayon Notariat Ofisinin 8İ-1851 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, borclu Şəxs cəmi 1072.69 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Qax Rayon Notariat Ofisinin 8İ-1851 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Qərar xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilmişdir. “Tələbin könüllü icrası barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bildiriş Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Qax Rayon Notariat Ofisinin 8İ-1851 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydində göstərilən borcun ödənilməsi tələb olunmuş. əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli çağırış vərəqəsindən görünür ki, X2 Qax Rayon Notariat Ofisinin 8İ-1851 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar 04 iyul 2024-cü il tarixdə saat 11:30-da Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Qax Rayon Notariat Ofisinin 8İ-1852 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, borclu Şəxs, cəmi 438.31 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Qax Rayon Notariat Ofisinin 8İ-1852 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Qərar xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilmişdir. “Tələbin könüllü icrası barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bildiriş Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Qax Rayon Notariat Ofisinin 8İ-1852 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydində göstərilən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli çağırış vərəqəsindən görünür ki, Şəxs Qax Rayon Notariat Ofisinin 8İ-1852 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar 04 iyul 2022-ci il tarixdə saat 11:30-da Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Qax Rayon Məhkəməsinin 2(024)-856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 1002.15 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “AFN TRADE" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə əmri üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bildiriş Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli çağırış vərəqəsindən görünür ki, X2 Qax Rayon Məhkəməsinin 2(024)-856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar 10 noyabr 2022-ci il tarixdə saat 09:00-da Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərar və məlumatdan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Qax RPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, icra məmuru və borclunun məhkəmə iclasında verdiyi izahatla müəyyən olunur ki, borcluya hər üç icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş elə protokol tərtib edilən gün - 16 sentyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Bu halda onun qətnamənin icrasından yayınmasından söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırki inzibati xəta haqqında iş üzrə isə icra məmuru tərəfindən icraatda olan icra sənədlərinin icrası üçün vaxtında tədbirlər həyata keçirilməmiş, icra sənədləri icraata daxil olduqdan 3 il müddət keçdikdən sonra formal olaraq borclunun barəsində axtarış qərarı qəbul edilmişdir. Borclunun qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilsə də, həmin ünvanda tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmaması da araşdırılmamış, 2021-ci ildən bu vaxtadək bir dəfə belə həmin ünvanda əmlaka baxış keçirilməmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədlərinin icrası üçün lazımi səy göstərilməmiş, əvəzində isə borclu şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilməsinə çalışılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs icra sənədləri üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə ona icraata başlama haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin protokol tərtib olunan gün təqdim edilməsi, habelə onun icra sənədi üzrə ödənişləri etməsinə niyyətinin olması, borcundan hissə-hissə ödənişlər etməsi qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar