Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-200/2024 19.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və tərcüməçi X2 iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1974-cü il tarixdə Qax rayonu Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, eyni inzibati xətanı törətdiyinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayonu Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan Malumaşvili Qoça Ramonoviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis, kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qax rayonu Əlibəyli kəndində Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş verən mübahisə zamanı bel nahiyəsinə yumruqla bir dəfə vuraraq xəsarət yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, hadisə xx.xx.2024-cü il tarixdə Qax rayonu Əlibəyli kəndində Zərərçəkmiş şəxs yaşadığı ata evində baş vermişdir. Şəxs və Zərərçəkmiş şəxs əvvəllər nikahda olmuş, birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Son bir ay ərzində aralarında baş verən mübahisələrlə bağlı Zərərçəkmiş şəxs polis şöbəsinə müraciətləri daxil olmuşdur. xx.xx.2024-cü il tarixində Qax rayonu Əlibəyli kənd sakini Zərərçəkmiş şəxs Qax RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixində saat 10 radələrində yaşadığı evdə olan zaman keçmiş həyat yoldaşı Şəxs heç bir səbəb bildirmədən onu bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərcüməçinin iştirakı ilə izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixində saat 10 radələrində Qax rayonu, Əlibəyli kəndində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əsəbləşərək yumruqla onu vurmuş, lakin sonradan peşman olaraq gedib ondan üzr istəmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi və qeyd etdiyi hallarla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərcüməçinin iştirakı ilə dindirilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, keçmiş əri Şəxs ondan üzr istəməsini, onunla barışmasını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirərək, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və qeyd etdiyi hallarla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞnin Balakən rayon MTE və P/A Şöbəsinin 212 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs belinin aşağı orta nahiyyəsində qançır, bədənin bir neçə nahiyyəsinin səthi travması – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmədən bəhs edən 39.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını, eləcə də İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-200/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-200/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver