Məhkəmə qərarları › İş №3(024)-202/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-202/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-202/2024 23.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1984-cı il tarixdə Qax rayonu, Çüdüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, öz deməsinə görə məhkumluğu olmayan, il ərzində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayonu Çüdüllü kəndində qeydiyyatda olmaqla yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qax RPŞ-dən Qax Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materialları nəzərdən keçirib, müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Qax rayonu Çüdüllü kəndində yerləşən fındıq bağında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs saçını dartaraq və bədən nahiyyəsinə yumruq ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Qax RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı Ömərov Hicran Qazı oğlu tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmiş, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Səxavətin arvadıdır. xx.xx.2024-cü il tarixdə mərhum atası qardaşı Səxavəti müalicə aldığı Şəkidə yerləşən psixiatriya xəstəxasından çıxararaq evlərinə gətirmişdir. Rahilə isə qardaşını evə buraxmamışdır. Bu səbəbdən Rahilənin atası ilə orada mübahisəsi olmuşdur. Avqust ayının 22-i Zərərçəkmiş şəxs zərərçəkmişin qayınatası, onun isə atası olan Oktayın mülkiyyətində olan pay torpağından fındıq yığmağa getmişdir. O da atası ilə oraya getmiş və Rahiləyə fındıq bağından çıxmasını, məhkəməyə müraciət etməsini, məhkəmə qərar çıxardıqdan sonra, uşaqlarına düşən paydan yığmasını bildirmiş, Rahilə isə çıxmayacağını demişdir. Bundan sonra onlar sözləşməyə başlamışlar. Həmin gün o 3 dəfə DİNnin 102 qaynar xəttinə zəng etmişdir. Polis əməkdaşları Qax rayonu, Güllük kəndinin yoluna gəlmiş, o da həmin yerə gedərək izahat vermişdir. Polis əməkdaşları ona onların bağ sahəsinə girməyə səlahiyyətlərinin olmadığını bildirərək zəng etməsi üçün sahə rəisinin nömrəsini ona vermişlər. O sahə rəisinə zəng etmiş, sahə rəisi hazırda işi ilə əlaqədar başqa ərazidə olduğunu və gələcəyini bildirmiş, nahar vaxtı sahə rəisi gəlmiş və Rahiləylə danışdığını, ona məhkəmə qərarı olmadan həmin bağa girməyə ixtiyarının olmadığını dediyini və Rahilənin bir daha bağa girməyəcəyini demişdir. Sahə rəisi getdikdən sonra o heyvanlara yemək vermək üçün evə gedən zaman orada polis maşının olduğunu görmüş və qardaşının evinin yolundan ötüb keçmiş, geri qayıdanda isə atasının yaşadığı evin qarşısına çatdıqda polislər keçib getmişlər. Səhəri gün polis şöbəsindən zəng edərək ondan şikayət olduğunu və Rahiləni döydüyünü demişlər. O, şöbəyə tək getmiş, lakin ondan izahat almamışlar. Bundan sonra atası ilə getmiş və hər ikisi izahat vermişlər. Növbəti gün atası rəhmətə getmişdir. Bir səhvi onda olmuşur ki, Rahilənin ünvanına nalayiq söz demişdir. Ona görə də Rahilədən üzr istəyir. Ancaq Rahiləyə əli dəyməmişdir. Həmin vaxt aralarında 20 metr məsafə olmuş, Rahilənin uşağı da telefonla çəkiliş etmişdir. 102 xidmətinə zəng etməsi ilə bağlı polis əməkdaşı gəldiyi üçün Güllük kəndinin yoluna çıxmış, orada izahat vermiş və daha sonra isə motosikleti işə salıb evə qayıtmışdır. Sahədə Rahilə, onun 3 uşağı, mərhum atası və uşağı olmuşdur. O, Rahiləni vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Rahilənin qolundan aldığı xəsarətlə bağlı heç bir fikri yoxdur və ola bilər ki, həmin xəsarət Rahilənin özü tərəfindən yetirilmişdir. Rahiləyə söyüş söyməsini etiraf edir və səmimi peşmandır. Odur ki, məhkəmədən qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs onun qaynıdır. Hadisəyə qədər Vilayətlə münasibətləri yaxşı olmuşdur. Əri Şəki şəhərində yerləşən psixiatriya xəstəxanasında müalicə olunub. xx.xx.2024-cü il tarixdə Vilayət və qayınatasının razılığı ilə ərini xəstəxanaya qoyub gəlmişlər. Cari ilin avqustun 20-də qaynatası ərini xəstəxanadan çıxarıb gətirmişdir. Həkim isə ərinə müalicə lazım olduğunu, ciddi xəstəliyinin olduğunu və xəstəxanadan çıxartmamasını demişdir. O, qayınatasına ərini nə üçün xəstəxanadan çıxardığını, ona müalicə lazım olduğunu demiş, qayınatası isə “oğlumdur, mən bilərəm” cavabını vermişdir. O isə qayınatasına ərini xəstə olduğu üçün atmadığını, bir saat sonra başına nə iş gələcəyini bilmədiyini, ərindən qorxduğunu və ona müalicə lazım olduğunu demişdir. Çünki əri balta, bıçaq və dəhrə ilə dəfələrlə ona hücum etməyə cəhd edib. Bunu kənd camaatı və polis də bilir. Onun 11 yaşlı və 13 yaşlı qızı və 7 yaşlı oğlu vardır. Gəlin gəldiyi 17 ilin bəlkə bir ilində polisə müraciət etməyiblər. Onların işi hətta məhkəməyə belə getmişdir. Uşağı “İstiqlal” kursunda oxuduğu üçün test kitabı almaq lazım olmuşdur. Həmin kitabı almaq üçün pula ehtiyac olduğundan uşaqlarla birlikdə 17 il məhsulunu yığdığı fındıq bağına fındıq yığmaq üçün gəlmişlər. Təxminən 5-10 dəqiqə sonra qayınatası və qayını motosikletlə bağa gəlmiş, yanlarında da qayınının balaca uşağı olmuşdur. Vilayət ona bağdan çıxmasını, onun bağının Qaratala kəndində olduğunu demişdir. O isə özgəsinin fındığını yox, ərinin payına düşən məhsulu yığdığını, başqasının yerindən yığarsa ona yığmaması barədə irad tuta biləcəklərini bildirmişdir. Əri, uşaqları və özü hər il bağın məhsulunu yığmışlar. Vilayət ona “səni öldürüb 17 il yataram, ağlın Səxavətə getməsin” demiş, o isə “dünya dərəbəylik deyil, qanun-qayda var” demişdir. Vilayət çıxmasını tələb etdikdə çıxmayacağını, onun uşaqlarının da fındıq bağında haqqı olduğunu, uşaqlarına necə kitab dəftər almalı olduğunu bildirmişdir. Vilayət isə çıxmasını demiş və üstünə cumaraq onu vurmuş, saçından tutmuş və ünvanına nalayiq sözlər demişdir. Vilayətin hərəkətləri təxminən 25 dəqiqə davam etmişdir. Vilayət ona polis çağıracağını və bağdan çıxmasını demiş, o, anasına zəng etmiş, anası isə bağdan çıxmasını tələb edirlərsə yerinə yetirməsini xahiş etmişdir. Həmin vaxtdan isə bağa ayaq basmamışdır. Əri Səxavət hazırda başqa evdə yaşayır. O, Səxavətlə birlikdə qalmağa qorxur. O, Vilayətə məxsus yerin məhsulunu yığsaydı və Vilayət ondan məhsulu yığmamasını tələb etsəydi baş üstə deyərək bağdan çıxardı. Münaqişə baş verən gündən sonra isə 17 il məhsulunu yığdığı bağa girməmiş, digər şəxslərə məxsus fındıq məhsulunu yığaraq uşaqlarını dolandırmışdır. Şəxs ilə barışmır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Qax Rayon Şöbəsi tərəfindən verilmiş 129 nömrəli xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sağ dirsək oynağı nahiyyəsində sıyrıq-bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun zərərçəkmiş şəxsi vurmaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə Şəxs ifadəsini səmimi, inandırıcı hesab etmir və inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını bildirir. Törətdiyi əmələ görə Qax RPŞ-nin təhqiqat qrupunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi və Qax RPŞ-dən daxil olmuş materialla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsiliyyyətini yüngülləşdirən halın olmasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin qohum olmasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar