Məhkəmə qərarları › İş №3(024)-212/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-212/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-212/2024 27.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Zəhra Rövşən qızının katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Protokol tərtib etmiş şəxs Qax rayon İcra və Probasiya şöbəsinin rəisi X1, xx.xx.1998-ci ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, il əzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, FİN-xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(024)-244/2024 nömrəli icra sənədi üzrə yaranmış – 2587.96 (iki min beş yüz səksən yeddi manat doxsan altı qəpik) manat və 46.28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumundan ibarət borcu və Qax rayon məhkəməsinin e-2(024)-270/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 606 manat və 30 (otuz manat dövlət rüsumundan ibarət borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, X2 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin e-2(024)- 244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2208.40 (iki min iki yüz səkkiz manat qırx qəpik) manat əsas borc, 326.79 (üç yüz iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu və 52.77 (əlli iki manat yetmiş yeddi qəpik) cərimə borcu olmaqla, cəmi – 2587.96 (iki min beş yüz səksən yeddi manat doxsan altı qəpik) manat pul vəsaiti və 46.28 (qırx manat iyirmi bir qəpik) manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 07 may 2024-cü il tarixdə Qax rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Həmçinin Qax rayon məhkəməsinin 2(024)-270/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 550.12 (beş yüz əlli manat on iki qəpik) manat ödənilməmiş hissə, 55.88 (əlli beş manat səksən səkkiz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 606 (altı yüz altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 10 may 2024-cü il tarixdə Qax rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Məhkəməyə iki icra sənədi təqdim etmişdir. İcra sənədlərinin hər ikisi 2024-cü ilin məhkəmə qərarlarıdır. Borclu tərəfindən Unibank KB ASC-nin hesabına ödəniş aparılmamış, ABC Telecom MMC-nin hesabına isə qismən ödəniş edilmişdir. Borclu icra sənədlərinin icrasına yanaşmır, icra sənədlərinin icrasını edilən xəbərdarlıqlardan sonra da təmin etməmişdir. ABC Telecom MMC-nin hesabına ödənilmiş hissəni borclunun babası ilə əlaqə saxlayaraq ödətdirilmiş, özü ilə telefonla əlaqə saxlanılarkən hər dəfə müxtəlif bəhanələrlə öhdəliyinin icrasından yayınmışdır. Lakin hazırda borclu tərəfindən ABC Telecom MMC-yə olan qalıq borc məbləği tam olaraq, Unibank KB ASC-yə olan borcundan isə qismən (500 manat) ödənilmişdir. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və borclunun inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasından sonra icra sənədləri üzrə 25 manat Unibank KB ASC-nin, 25 manat isə ABC TELECOM MMC-nin hesabına ödəniş etmişdir. Bundan sonra işləmək üçün Bakı şəhərinə getmiş, ancaq 2-3 gün sonra işdən ayrılmışdır. Hazırda Qax şəhərindəki evlərinin satılması üçün Qax rayonuna gəlmiş və ev satıldıqdan sonra borcunun qalıq bütün hissəsini ödəyəcəkdir. Hal-hazırda ABC Telecom MMC-yə olan borcunu tam olaraq, banka olan borcundan isə 500 (beş yüz) manat ödəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasından sonra borclu Şəxs Bakı şəhərində işlədiyini, günlük 30-50 manat qazancı olduğunu, ay sonun qədər borcunu tam olaraq ödəyəcəyinə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Apellyasiya şikayəti verilməzdən əvvəl 25 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixində Şəki Apellyasiya məhkəməsin qərarı ilə yerli məhkəmənin qərarı ləğv edilib iş baxılması üçün yenidən Qax rayon məhkəməsinə göndərilmişdir. Həmin tarixdən bu günə kimi borclu tərəfindən heç bir ödəniş edilməmiş, lakin hazırda ABC Telecom MMC-yə olan qalıq borc məbləği tam olaraq ödənilmişdir. Tələbkarın hesabına borc məbləği tam olaraq ödənildiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Qax Rayon Məhkəməsinin e-2(024)-244/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs 2208.40 (iki min iki yüz səkkiz manat qırx qəpik) manat əsas borc, 326.79 (üç yüz iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu və 52.77 (əlli iki manat yetmiş yeddi qəpik) cərimə borcu olmaqla, cəmi – 2587.96 (iki min beş yüz səksən yeddi manat doxsan altı qəpik) manat pul vəsaiti və 46.28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “Tələbin könüllü icrası barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Qax Rayon Məhkəməsinin e- 2(024)-244/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Qax Rayon Məhkəməsinin e-2(024)-270/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********89859 Samsung Galaxy A33 markalı telefon, Samsung Charger üçün, 550.12 (beş yüz əlli manat on iki qəpik) manat ödənilməmiş hissə, 55.88 (əlli beş manat səksən səkkiz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə, 606 (altı yüz altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “Tələbin könüllü icrası barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Qax Rayon Məhkəməsinin e- 2(024)-270/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli Akt-dan görünür ki, borclunun qeydiyyatda olduğu ünvanda əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi, üzərinə həbs qoyulması mümkün olan hər hansı əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ABC Telecom MMC-yə olan borc məbləği tam olaraq ödənilmişdir. xx.xx.2024-cü il tarixli 25177 nömrəli qəbzdən görünür ki, Unibank KB ASC-nin hesabına 500 (beş yüz) manat pul ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-360/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs ABC Telecom MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilmiş, Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-212/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, işə təkrar Qax rayon məhkəməsində baxılarkən borclu tərəfindən Qax rayon məhkəməsinin xx.xx.2024cü il tarixli 2(024)-270/2024 saylı icra sənədi üzrə tələbkara olan borc tam olaraq ödənilmiş, icra sənədinin icrası tam şəkildə təmin edilmişdir. Protokolun tərtib edilməsinə səbəb olan digər Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-244/2024 saylı icra vərəqəsi üzrə isə borclu tərəfindən 500 (beş yüz) manat pul tələbkarın hesabına ödənilərək müvafiq qəbz məhkəməyə təqdim edilmiş, beləliklə icra sənədi üzrə qismən ödəniş edilmişdir. Ayrıca borclu izahat verərək göstərmişdir ki, ailəsinə məxsus Qax rayonu ərazisində olan evi satmaq məqsədi ilə Qax rayonuna gəlmişlər və ev satılan kimi banka olan borc məbləği də tam şəkildə ödəniləcəkdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, həmçinin protokol tərtib etmiş Qax rayon icra və probasiya şöbəsinin rəisi borclunun inzibati məsuliyyətə cəlb edilməməsini və inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adı çəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırki inzibati xəta haqqında iş üzrə isə icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərdikləri ilə müəyyən olunmuşdur ki, borclu Unibank KB ASC-nə olan borcundan 500 manat hissəsini ödəmişdir. Borclu Unibank KB ASC-nə olan qalıq borcunu bir neçə gün ərzində tam şəkildə ödəyib qurtaracağını bildirmişdir. "xxxx" MMCyə olan qalıq 395 (üç yüz doxsan beş) manat borcunu isə məhkəmə prosesi zamanı tam şəkildə ödəmişdir. Göründüyü kimi, hazırki halda borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün zərurət müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs icra sənədləri üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun borclu olduğu bir icra sənədi üzrə borcunu tam olaraq ödəməsi, digər icra sənədi üzrə qismən ödəniş etməsi qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar