Məhkəmə qərarları › İş №3(024)-214/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-214/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-214/2024 31.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № № ******* qərarı əsassız və qanunsuzdur. Həmin qərar Qax rayon prokroru Rəşad Bəşirovun xx.xx.2024-cü il tarixli qərarı əsasında çıxarılmışdır. Qax rayon prokroru Rəşad Bəşirovun xx.xx.2024-cü il tarixli qərarını da əsassız və ədalətsiz hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində özümə məxsus olan ofisdə olduğu zaman X2 Əfsanə adlı xanımın arxasınca gələrək onun otağına icazəsiz girmiş, bu zaman otaqda özü, Şıxəmir, Əfsanə və Murad olmuşlar. O, Murada ayın 5-də də icazəsiz otağa girməsini, svetafordan Muradın otaqdan çıxdığını gördüyünü bildirərək ona irad bildirmişdir. Bu zaman Murad ona kinayəli və ədalı şəkildə yaxşı etdiyini bildirmişdir. O, əsəbləşib Muradın üzünə bir sillə vurmuşdur. Murad isə otağın içərisində ona təpik-yumruq atmağa başlamış və onu otağın içərisində vuraraq sol gözünün altına xəsarət yetirmişdir. Bu zaman Şıxəmir Muradı çölə çıxarmışdır. 30-40 saniyə sonra əlində olan A4 kağızlarını Şıxəmirə vermək üçün çölə çıxmışdır. Həmin vaxt Muradın qapının sol tərəfində Əfsanə ilə söhbət etdiyini görmüş və Muraddan oradan getməyini xahiş etmişdir. Murad isə başını yelləyərək saçlarını arxaya tərəf atmış və ona kinayəli və adalı şəkildə get gözünün altının qanını təmizlə demişdir. O, əli ilə gözünün altında olan qanı təmizləmiş, bundan sonra, özündən aslı olmadan hissiyyatsız şəkildə sol əli ilə Murada bir yumruq vurmuşdur. Murad isə yenə də təpik və yumruq atmağa başlamış, Muradın atdığı təpiklərdən biri onun sağ baldır nahiyyəsinə dəyərək xəsarət yetirmiş, digər təpiyi isə sağ əlinə dəymiş və sağ əli iki yerdən sınmışdır. Bundan sonra Muradın ayağı sürüşüb arxa yıxılmış və X.Hüseynov Muradın başına bir dənə təpik vurmuşdur. Bu zaman Şıxəmir gəlib X.Hüseynovu otağına aparmışdır. Həmin hadisə cəmi 3-4 dəqiqə davam etmiş. Hadisə yerində isə adları çəkilən 4 nəfərdən başqa şəxs olmamışdır. Hadisə olan tarix həftənin 6-cı gününə təsadüf etmiş və hadisənin törəndiyi küçə şəhərin mərkəzindən uzaq olduğu üçün orada vətəndaşlar olmamışdır. Hadisə zamanı isə heç bir təhqir, söyüş və nalayiq ifadələr işlədilməmişdir. Yuxarıda qeyd olunan faktları və hadisəni etiraf etməsinə baxmayaraq hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə 10-11 saat həbsdə tutulmuş, həmçinin Qax rayon Polis şöbəsində bir çox çətinliklərlə üzləşmişdir. Hesab edir ki, əməlində Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi vardır. Lakin barəsində CM-nin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə cinayət işi başlanmış və baxılması üçün xx.xx.2024-cü il tarixdə Qax rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işində müstəntiq tərəfindən şahid ifadələri saxtalaşdırılmışdır. Buna görə də şahidlər Əfsanə və Şıxəmir sonradan ərizə ilə Qax rayon Polis şöbəsinə və Qax rayon Prokrorluğuna müraciət etmişlər. Həmin izahatlar isə hazırkı materiallara əlavə edilməmişdir. Hadisəyə görə o xx.xx.2024-cü il tarixdə təqribən saat 13:00-dan 23:30-dək Polis şöbəsində əli sınıq vəziyyətdə tutulmuşdur. Həmçinin baş vermiş hadisəyə görə o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və şübhəli şəxs qismində saxlanılmışdır. Göründüyü kimi prokuror Rəşad Bəşirov açıq-aşkar şəkildə onunla qərəzli münasibət saxlayaraq işi məhkəməyə göndərdikdən 3 gün sonra hazırki qərarı çıxarmışdır. İstintaq zamanı verdiyi izahatdan görünür ki, o Şahid ilə asan işlər olduğu zaman ayda bir-iki dəfə olmaqla onun köməyindən istifadə etmiş, lakin onu heç bir əməyə məcbur və ya cəlb etməmişdir. Aralarında isə əmək münasibətləri ilə bağlı heç bir şifahi və ya yazılı müqavilə olmamışdır. Belə ki, Şahid ailəsi ilə yaxın münasibəti vardır. Yəni ailəvi get-gəli yaranmışdır. Şahid isə heç bir təmənna gözləmədən ona köməklik etmişdir. Lakin o könüllü olaraq ona ehtiyacı olduğu vaxtlarda 5-10 manat pul vermişdir. Bu faktı isə Şahid özü də təsdiq edə bilər. Qax rayon X15 qərarda Şahid 1 il 6 aydan çox əmək müqaviləsi olmadan onu kərgüzarlıq işlərinə cəlb edərək işlətdiyini qeyd etmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X10 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, Qax rayon prokurorunun qərarı düzgün deyil. Məhkəməyə də məlumdur ki, barəsində iki ağır maddələrlə ittiham olunduğu əsassız hesab etdiyi cinayət işi məhkəmə icraatındadır. Həmin qərar, yəni sübutların qiymətləndirilməsinə dair qərar Qax RPŞ-nin müstəntiqi Laçın Ədilov tərəfindən 24 avqust 2024-cü il tarixdə çıxarılmışdır. Qərardan şikayət vermiş, qanuni qüvvəsini almadan iş məhkəməyə göndərilmişdir. Heç qərardan verdiyi şikayətinin nəticəsi də yoxdur. İş məhkəmənin icraatına 27 avqust tarixində daxil olub, prokurorluq isə 30 avqustda belə bir qərar qəbul edib ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri var və tədbir görülməsi, baxılması üçün X9 Şəki-Zaqtala regional idarəsinə göndərilmişdir. İş üzrə zərərçəkən şəxs yoxdur, onun haqqında heç kəs iş barədə şikayət etməyib. Şahid izahatında yazmışdır ki, 5-10 manat pul almış, Asan imzayla filan işləmişlər. Əfsanə xanım hansı tərzdə yazıb, necə yazıb, tam dəqiq ona məlum deyil, ancaq polisə ərizə göndərib ki, onun izahatı düzgün yazılmayıb. Həmin ərizə cinayət işinin materiallarında vardır. Lakin yenə də Əfsanə xanımın izahatına istinad edirlər. O da ifadə vermişdir. Sadəcə cinayət işinin xatirinə o cür ifadə vermişlər. İşin faktiki hallarında onların əslində Əfsanə xanımla ailəvi gediş-gəlişləri var. Aralarında heç bir əmək sazişi bağlanmayıb, əmək kontraktı olmayıb. Maddənin tərkibində də əmək müqaviləsinin qanuni qüvvəsini almadan ifadəsi qeyd olunur. Belə çıxır ki, onların arasında əmək müqaviləsi olub və qanuni qüvvəsini almadan Əfsanəni əməyə cəlb etmişdir. Faktiki elə bir hal mövcud deyildir, yəni ki onların arasında heç bir əmək sazişi olmamışdır. Sadəcə olaraq o Əfsanəyə, Əfsanə isə ona kömək etmişdir. Əfsanənin anasının onda işi olmuş, ona kömək etmişdir. Ailəvi get-gəlləri olmuş, başqa bir kontrakt olmamışdır. Himayəsində 3 azyaşlı uşağı vardır, özü də əkinbiçinlə, çətinliklə dolanan adamdır, 1000 manat cərimə olduqca ağırdır. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Əfsanə xanım onun yanında işləməyib. Çağırmışdır, gəlib beş-üç dəqiqə ona kömək edib getmişdir. Əfsanə xanımın anasının 2023-cü ilin aprel ayında onda işi olmuşdur. Əfsanə xanım Kommunal Müəssisələr Kombinatında anası ilə bir yerdə işləyirdi. Həmin vaxtdan yanına gəlib-gedirdilər. Sadəcə Asan imza olanda vətəndaşa gmail ünvanı açırdılar. Əfsanə xanım o hissəsinə kömək etmişdir. Elə vaxt olub heç gəlməmiş, xahiş edib, adam göndərmiş, Əfsanə özünün evində etmişdir, bəzən o da getmişdir. Ümumiyyətlə Əfsanə heç bir iş görməyib, kontraktla aralarında elə bir iş olmayıb, gəlsin ona kömək etsin, o da qarşılığında Əfsanəyə pul versin. Cinayət hadisəsi 08 iyun 2024-cü ildə baş vermişdir. Elə vaxt olmuşdur ki, Əfsanə ona kömək edəndə pul verməyib. Elə vaxt olub ki, heç iş olmadığı halda Əfsanə ona zəng etmişdir ki, evində un yoxdur. O, un alıb aparıb vermişdir. Yəni iş məqsədi ilə yox, sadəcə ailəvi gediş-gəlişləri olduğuna görə bunu etmişdir. Əfsanəylə anasının işinə görə tanış olmuşlar. Əfsanəyə 5-10 manat pul vermiş, iş müqabilində heç Əfsanə də ondan pul tələb etməmişdir ki, ona bu qədər iş görmüşdür, bu qədər pul verməlisən. Yəni aralarında elə bir müqavilə də olmamışdır. Elektron məhkəmə sistemi təzə yaranan ərəfədə Əfsanə ona 5-10 işə kömək etmiş, ya etməmişdir. Başqa bir işə kömək etməmişdir. İndi ona lazım deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinə dəvət olunmuş, o həmin idarəyə getmiş, həmin vaxtı idarədə prokurorluğun nümayəndəsi Səxavət müəllim olmuşdur. Burada dediklərini müfəttişlikdə də demiş, yəni eyni ifadəni vermişdir. Ondan heç bir sənəd soruşulmamışdır. Sentyabr ayının 25-i günü həmin idarəyə getmişdir. xx.xx.2024-cü il tarixə keçirlən məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X10 göstərdi ki, X9 qərarından şikayəti ona görə vermişdir ki, Qax rayon X15un 30 avqust 2024-cü il tarixli qərarını əsassız və ədalətsiz hesab edir. Ona görə ki, həmin qərar müstəntiqin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib olunub. Həmin qərarda göstərilib ki, onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmalıdır. Cinayət işinin materiallarından da məlum olduğu ki, Şahid ilə aralarında heç bir əmək sazişi olmamışdır. Ona heç bir əmək müqaviləsi bağlamadan xidmət göstərməsi ilə bağlı heç bir tələbi olmamışdır. Həmin vaxt Şahid da Qax rayon Kommunal Müəssisələr Kombinatında, 5-6 ay sonra da başqa təşkilatda işləmiş və onunla heç bir əmək müqaviləsi olmamışdır. Belə olub ki, sadəcə olaraq Şahid ona Asan imzada köməklik etmiş, ailəvi get-gəlləri olmuş, o Əfsanə ilə heç bir əmək sazişi bağlamadan qarşılıqlı xidmət göstərib. Belə çıxır ki, iki qonşu bir-birini çağırır ki, kartof əkəcək, yer belləyəcək, gəlsin kömək etsin, onların arasında əmək müqaviləsi bağlamalıdır. Sadəcə Əfsanə ilə onun məqsədi bir-birilərinə kömək etmək olmuşdur. Əmək sazişi ilə bağlı heç bir şey olmamışdır. İşdə zərərçəkən yoxdur, Şahid ondan heç bir şikayət və tələbi yoxdur, eyni zamanda da əməlin inzibati xəta olub-olmamasını dərk etməmişdir. İnzibati xəta törətmiş olmuş olsa belə onu da bilərəkdən, qəsdən törətməmişdir. İXM-nin 13-cü maddəsində göstərilir ki, inzibati xətanı qəsdən törətmiş əməl inzibati xəta hesab olunur. Ona görə də, hesab edir ki, X12 işə ədalətli baxmamış, Qax rayon prokurorluğunun qərarı əsasında o, yüksək məbləğdə cərimə olunmuşdur. Xahiş edir ki, qərar ləğv olunsun və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Əfsanə təxminən ona 2-3 ay Asan imzanın işlədilməsində köməklik etmiş, 3 ay ərzində hər gün gəlib-getməmişdir. Asan imzaya ehtiyac olanda gmail açmağa köməklik göstərmişdir. Elə olub ki, Əfsanə gəlməyib, o Əfsanənin evinə getmiş, ayda 2-3 dəfə belə hallar olmuşdur. Sadəcə ona kömək etmişdir. Onların arasında heç bir əmək sazişi bağlanmayıb ki, bu işi edəcək, ona kömək etsin, qarşılığında bu qədər pul verəcək. Cinayət işinin materiallarına görə hər ikisi belə ifadə vermişlər ki, ona Asan imzada kömək etmiş, qarşılığında pul vermişdir. Ancaq faktiki olaraq ailəvi gediş-gəlişləri vardır, bu gün də Əfsanənin anası ilə görüşmüşdür. Anası məhkəməyə gəlmək istəmişdir, o ehtiyac olmadığı üçün gəlməyə qoymamışdır. Ailəvi getgəl olduğu üçün bir-birlərinə kömək etmişlər. Pul qarşılığında olmayıb, sadəcə kömək etmişlər. O, Əfsanəyə əl tutmuşdur. İstintaqa bu cür ifadə verəndə belə bir nəticəsinin olacağını gözləməmişlər. Əfsanə xanım ona gmail açmaqda. elektron məhkəmə informasiya sistemində elektron kabinet yaratmaqda kömək etmişdir. Bunun qarşılığında hər dəfə Əfsanəyə pul verməmişdir. Sadəcə ona kömək etdiyi üçün, ehtiyacı olduğu zamanda ona pul vermişdir. Onun Şahid ilə qohumluğu yoxdur, lakin ailəvi get-gəlləri vardır. Şahid təxminən 2-3 ay, bəlkə də az müddət də ola bilər, həmin müddətdə ona kömək etmişdir. Protokolda qeyd etdiyi kimi 1 il 6 ay deyil. Şahid faktiki olaraq Qax rayonu Kommunal Müəssisələr Kombinatında işləmiş, həmin ərəfələrdə də ona köməklik etməmişdir. Qax rayon Məhkəməsində də “Elektron Məhkəmə İnformasiya Sistemi” 2023cü ildən tətbiq edilməyə başlamışdır. Əfsanə onun yanında əyləşib işləməmişdir. Sadəcə olaraq gəlib 10 dəqiqə ərzində işini görüb çıxıb getmişdir. Şahid polisə verdiyi ifadəsi ilə bağlı ərizə göndərərək həmin ifadənin Murad Camalovun yanında yazıldığını bildirərək ifadənin nəzərə alınmamasını xahiş etmişdir. Göstərdiklərini nəzərə alaraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümyəndəsi (baş əmək müfəttişi) Nümayəndə şikayəti qəbul etmədi və izahat verərək göstərdi ki, həmin materiallar Qax rayon prokurorluğunun müvafiq qərarı ilə Xəyal Hüseynov barəsində inzibati tənbeh vermə barədə qərarın qəbul edilməsi üçün X12 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinə daxil olmuşdur. Artıq orada araşdırma tələb olunmayan bir şey idi. Çünki prokurorluğun qəbul etdiyi qərar onların yazdığı protokola bərabər tutulur. Prokurorluğun istinad etdiyi mövqe Xəyal Hüseynovun və Şahid izahatına əsaslanmışdır. Şahid izahatında qeyd edir ki, 1 il 6 aydır Xəyal Hüseynovun yanında işləyir, gün ərzində Xəyal Hüseynov ona 25-30 manat pul vermişdir. Xəyal Hüseynovun qeyd etdiyi məlumat da odur ki, Əfsanə gəlib ona Asan imza və elektron kabinetlərin yaradılması ilə bağlı kömək edir və gün ərzində ona 5-10 manat pul vermişdir. Qeyd olunan hal həm işçi, həm də işəgötürən tərəfindən öz təsdiqini tapdığı üçün Qax rayon prokurorluğu tərəfindən müvafiq qərar qəbul olunmuş, həmin qərara əsasən də Xəyal Hüseynov barəsində İXMnin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şahid həmin materiallara baxılmasında dəvət olunmuş və gəlmişdir. Lakin təkrar izahatı alınmamışdır. Çünki onun prokurorluqda verdiyi izahatı qəbul etmişlər, həmin qərar, həmin sənədlər əsasında, yəni prokurorluğun müvafiq qərarı olduğundan, həmin qərara uyğun olaraq tənbeh qərarı qəbul etmişlər. Yəni faktın sübuta yetirilməsi məsələsi var idi, həmin izahatı onlar kifayət bilmişlər ki, fakt sübuta yetirilmişdir. Bu nöqteyi-nəzərdən Şahid təkrar izahatının alınmasına ehtiyac görməmişlər. Əfsanə xanım idarəyə gələndə Xəyal Hüseynov da gəlmişdir. Şahid məlumatları təkzib edirdi, ancaq işləmək məsələsində sualları verəndə izahatla razılaşmalı olurdu, çünki əvvəlki izahatlarında yazdığı materiallarla bağlı çarpaz suallar verdikdə Əfsanə cavab verə bilmirdi. Ona görə onlar izahatları, prokurorluğun müvafiq qərarlarını qəbul edib onun əsasında icraatı yekunlaşdırmışlar. Qeyd olunan faktın sübuta yetirilməsindən söhbət gedir. Xəyal Hüseynov öz izahatında deyir ki, Şahid 5 manat, 10 manat müqabilində öz işlərini görmüşdür. Şahid da izahatında bu halı təsdiqləyir. Yəni bu sübutdur. Əmək müqaviləsində tərəflər işçi və işəgötürəndir. Əgər hər iki tərəf, işçi və işəgötürən bu faktı təsdiq edirsə burada əlavə bir sübuta ehtiyac yoxdur. Həmin izahatlar qəbul olunaraq bunun əsasında və prokurorluğun qərarına əsasən inzibati tənbeh vernə haqqında qərar qəbul olunmuşdur. Şahid işləyib-işləməməsi məsələsi ilə bağlı bildirir ki, hazırda qanunvericilik imkan verir ki, şəxs bir və ya bir-neçə yerdə işləsin. Onun da şərtləri vardır. Yəni bu Şahid gəlib Xəyal Hüseynovun yanında işləməsinə hər hansı bir maneçilik törətmir. Burada şərt başqadır. İlkin olaraq izahat üzərindən getmək istəyir. Şahid izahatında göstərmişdir ki, Xəyalın yanında 1 il 6 aydır ki, işləyir və Xəyal ona hər gün 25- 30 manat pul vermişdir. İXM-nin 192-ci maddəsinin dispozisiyasında qeyd olunmayıb ki, orada minimum normalar dəqiqləşdirilmir, bir saat ərzində olmalıdır, yaxud bir gün işləmişdir. Hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə görə nəzərdə tutulub. İkincisi, Xəyal Hüseynov vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub və hal-hazırda fəaliyyətini dayandırmışdır. Onlar müvafiq maddə ilə Xəyal Hüseynovu fiziki şəxs olaraq məsuliyyətə cəlb etmişlər. Ancaq şəxs Respublikada sahibkarlıq fəaiyyəti ilə məşğul olan fiziki şəxsdir. Əgər bununla bağlı icraat aparılırsa vəzifəli şəxs kimi icraat aparılmalı idi. Ancaq onlar işin halını, qeyd olunanları nəzərə alaraq cərimənin minimum məbləğini və sübuta yetirilməni əsas götürərək Xəyal Hüseynovla bağlı bu qərarı vermişlər. Odur ki, şikayəti əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, oların Xəyal Hüseynovla ailəvi gediş-gəlişləri vardır. Xəyal Hüseynova sadəcə olaraq Asan imzayla bağlı, elektron kabinetin yaradılmasında kömək etmiş, yəni heç bir maddi tələbi olmayıb, əmək müqaviləsi filan, belə bir şey olmamışdır. Müddət olaraq isə 2023-cü ilin iyun ayından cinayət hadisəsi baş verən günədək Xəyala köməklik etmişdir. Ay ərzində üç və ya beş dəfə Asan imzayla bağlı Xəyal Hüseynova köməklik etmişdir. Xəyala kömək edən vaxtı da işləmiş, hazırda da işləyir. O, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində olan podratçı şirkətdə müqavilə əsasında mühasib vəzifəsində işləyir və aylıq 560 manat əmək haqqı alır. Xəyal köməklik məqsədi ilə ona pul ödəmişdir. Yəni işini görmüş, Xəyal da ona gördüyü işə görə pul verməyib, köməklik məqsədi ilə vermişdir. Xəyalın ofisinə hər dəfə gedəndə 5 dəqiqə ona köməklik etmişdir. Elə vaxtı olmuşdur ki, özü gəlib Xəyalın yerində oturaraq öz işini işləmişdir. Xəyal ona köməklik məqsədi ilə 10, 20 manat pul vermişdir. İstintaqa həmin izahatı o vermişdir, izahatında Xəyalın ona ay ərzində 3-5 dəfə, 25-30 manat pul verməsini Xəyalla bir yerdə işləməsini göstərmək üçün izahat xatirinə yazmışdır. İzahatı yazarkən ona təzyiq göstərilməmiş, lakin izahat iş yerində verildiyi üçün oxumayıb imza etmişdir. Xəyaldan 25-30 manatı işlədiyi işə görə almamışdır. Bir dəfə kömək istəmiş, onda 20 manat pulu vermişdir. Xəyal ona il ərzində iki dəfə 20 manat pul vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X10 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o rəsmi olaraq fərdi hüquqşünas kimi fəaliyyət göstərir. Qax şəhəri, Azərbaycan prospektində yerləşən 1 otaqlı “Hüquq Xidmətləri” adlı iş otağı, yəni ofisi vardır. O, həmin ofisdə mülki işlərlə bağlı vətəndaş qəbul edir, hüquqi məsləhətlər verir və iddia ərizələri yazır. İş sistemində Asan imza ilə iş olan zaman Şahid adlı xanım ona kömək edir, o da hər kömək edəndə həmin xanıma 5-10 manat pul hörmət edir. İş materiallarında olan Şahid tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o rəsmi olaraq "xxxx" MMC-də regional mühasib vəzifəsində çalışır. Qax şəhəri, Azərbaycan prospektində X6 məxsus “Hüquq Xidmətləri” adlı iş ofisi vardır. O, həmin ofisdə təxminən 1 il 6 aydır ki, əmək müqaviləsi bağlamadan işləyir. Xəyal Hüseynova sənəd işlərində köməklik edir və gördüyü işə görə günlük 25-30 manat pul alır. İş materiallarında olan Qax rayon X15 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərardan görünür ki, fiziki şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış materiallar şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədi ilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən X6 və Şahid ünvanlanmış 02 sentyabr 2024-cü il tarixli bildirişlərdən görünür ki, Xəyal Hüseynov barəsində Qax rayon prokurorluğunun 30 avqust 2024-cü il tarixli 24-1-2-2-429-1294-2 nömrəli qərarı üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixdə saat 11:00-a təyin edilmiş, qeyd olunan vaxtda X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Əfsanə Yusif qızının əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, X5 adına fiziki şəxs kimi xx.xx.2017-ci il tarixdə açılmış ********** nömrəli VÖEN-in fəaliyyəti müvəqqəti dayandırılmışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X1 şikayətində göstərdiyi xüsusatlar, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, X10 şikayətində Şahid Qax rayon Kommunal Müəssisələr Kombinatında, 5-6 ay sonra da başqa təşkilatda işləməsi, onunla heç bir əmək münasibətlərində olmaması, sadəcə olaraq Şahid ona asan imzadan istifadə etməklə elektron kabinetin yaradılmasında köməklik etməsi, onunla ailəvi gediş-gəlişlərinin olması, Əfsanə ilə onun məqsədlərinin birbirilərinə kömək etmək olması, köməklik məqsədi ilə maddi yardım kimi ona 5-10 manat pul verməsi, işdə zərərçəkən şəxsin olmaması və Şahid onun barəsində heç bir şikayət və tələbinin olmaması, eyni zamanda da əməlin inzibati xəta olub-olmamasını dərk etməməsi, inzibati xəta törətmiş olmuş olsa belə onu da bilərəkdən, qəsdən törətməməsini göstərməsi ilə bağlı məhkəmə qeyd edir ki, əslində Xəyal Hüseynov izahatında Şahid ilə əmək müqaviləsi bağlamadığını, ona göstərdiyi xidmət müqablində 5-10 manat pul verdiyini qeyd etməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğunu özü-özlüyündə etiraf etmiş və sübuta yetirmiş olur. Çünki İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X.Hüseynovun izahatından da görünür ki, artıq onunla Şahid arasında əmək münasibətləri kifayət qədər uzun müddətdir (təxminən bir ildən artıq müddətə) ki, yaranmış və Şahid gördüyü iş müqabilində pul ödəmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış əmək hüquq münasibətləri Xəyal Hüseynovun da qeyd etdiyi 08 iyun 2024-cü il tarixdə baş vermiş hadisəyə qədər davam etmiş, cinayət işinin istintaqı zamanı araşdırılma aparılarkən tərəflərin izahatına əsasən təsadüfən aşkara çıxmışdır. X.Hüseynov və Şahid göstərilən xidmət müqabilində deyil, ailəvi gediş-gəlişləri olan insanlar kimi maddi kömək məqsədi ilə Xəyal Hüseynov tərəfindən ona pul verildiyini göstərsələr də, məhkəmə onların hazırki ifadələri səmimi qəbul etmir, həm barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin, həmçinin də məhkəmə tərəfindən şahid qismində inzibati xəta haqqında materiala baxılmasına cəlb edilmiş Şahid izahatlarına tənqidi yanaşır və bu dəlilləri X.Hüseynov tərəfindən inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Xəyal Hüseynov məhkəmə iclasında ali təhsilli hüquqşünas olduğunu, hüquqşünas kimi fəaliyyət göstərdiyini qeyd etdikdən sonra, inzibati xəta törətmiş olmuş olsa belə onu da bilərəkdən, qəsdən törətmədiyini göstərir və bundan sonra isə İXM-nin 13-cü maddəsinə istinad edərək inzibati xətanı qəsdən törətmiş əməlin inzibati xəta hesab olunduğunu qeyd edir. Məhkəmə X.Hüseynovun bu cür izahatına tənqidi yanaşır və onun göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Ali təhsilli hüquqşünas tərəfindən hüquq normasının dispozisiyasında qeyd olunan hallara yol verilməsi isə ağalbatan deyildir. Ona görə də, məhkəmə Xəyal Hüseynovun göstərdiklərini inzibati məsuliyyətdən yayınmaq kimi qiymətləndirir və eyni zamanda da qeyd edir ki, Azərbaycan Respublikasınını Konstitusiyasının 72-ci maddəsinə uyğun olaraq, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İşin fakitki halları, tərəflərin izahatları və işdə olan sübutlarla müəyyən olunur ki, X16 Cumayeva arasında əmək münasibətləri 2023-cü ilin iyun ayından yaranmışdır. Ona görə də, mübahisə həmin dövrdə qüvvədə olan müddəalar əsasında həll olumalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir Həmin Məcəllənin 28 iyun 2024-cü il tarixədək qüvvədə olan 3-cü maddəsinin 5-ci bəndinə əsasən isə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 28 iyun 2024-cü il tarixədək qüvvədə olan 7-ci maddəsinrin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə 1-ci bəndinə əsasən (köhnə redaksiyada) bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə həmçinin qeyd edir ki, X5 və Şahid izahatları arasında da uyğunsuzluq mövcuddur. Belə ki, məhkəmə iclasında X4 Cumayevanın əslində 2-3 aydan az müddət ərzində hərdənbir 5-10 dəqiqəlik elektron kabinetin yaradılması ilə bağlı ona köməklik göstərdiyi barədə ifadə vermiş, şahid qismində dindirilmiş Şahid onun göstərdiklərinə zidd olaraq 2023-cü ilin iyun ayından cinayət hadisəsi baş verən günədək Xəyala köməklik etdiyini, ay ərzində üç və ya beş dəfə Asan imzayla bağlı Xəyal Hüseynova yardım etdiyini, Xəyalın ona köməklik məqsədi ilə 10-20 manat pul verdiyini göstərmişdir. Bundan əlavə Şahid məhkəmə iclasında verdiyi ifadəsində istintaqa verdiyi izahatda Xəyalın ona ay ərzində 3-5 dəfə 25-30 manat pul verməsini Xəyalla bir yerdə işləməsini göstərmək üçün izahat xatirinə yazdığını, (lakin həmin izahatdan da görünür ki, o hər gün Xəyal Hüseynovdan göstərdiyi xidmət müqabilində 25-30 manat pulu aldığını yazmışdır) Xəyaldan 25-30 manatı işlədiyi işə görə almadığını göstərmiş, məhkəmədə verdiyi ifadəsinin sonunda isə ona ünvanlanan göstərdiyi xidmət müqabilində Xəyal Hüseynovdan konkret nə qədər pul alması barədə verilən suala cavab olaraq Xəyaldan bir dəfə maddi kömək istədiyini, Xəyalın ona 20 manat pul verdiyini, ümumilikdə isə bir il ərzində Xəyalın ona iki dəfə 20 manat pul verməsi barədə ziddiyyətli ifadə vermişdir. Ona görə də, məhkəmə şahidin ifadəsinin həmin hissəsini səmimi qəbul etmir və hesab edir ki, Şahid həmin ifadəsi onun səmimiyyətini şübhə altına alır və mötəbər sübut kimi qiymətləndirilə bilməz, çünki Xəyal Hüseynovun və Şahid ibtidai istintaq zamanı verdiyi ifadələrlə, inzibati xəta haqqında iş üzrə icraatın gedişatı dövründə verdiyi ifadələr ziddiyət təşkil edir və məhkəmə hesab edir ki, onların istintaqa verdiyi ifadələr hazırda Xəyal Hüseynovun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına və inzibati məsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə şahidin ifadəsinin həmin hissəsini hazırda Xəyal Hüseynovun inzibati məsuliyyətdən yayınmasına köməklik göstərmək məqsədi ilə onun xeyrinə yönələn ifadə kimi qiymətləndirir. Çünki Şahid məhkəmə iclasında istintaq dövründə Xəyal Hüseynova məxsus “Hüquqi Xidmətlər” göstərilən ofisdə işləyərək bunun müqabilində X.Hüseynovdan pul almasını izahat xətrinə yazması barədə göstərdikləri də buna sübutdur. Ona görə də, məhkəmə hesab edir ki, X5 və Şahid istintaq orqanına verdiyi ifadələrdə Şahid Xəyal Hüseynova məxsus ofisdə ona xidmətlər göstərməsi və bunun müqabilində X.Hüseynovun Şahid pul ödəməsi barədə göstərdikləri daha inandırıcıdır və həqiqəti əks etdirir. Belə ki, onlar istintaq orqanında həmin ifadələri verən zaman Xəyal Hüseynov barəsində əmək münasibətlərinin pozulması ilə bağlı hazırki inzibati xəta haqqında iş üzrə icraatla bağlı araşdırma başlanılmamış, X.Hüseynovun özünün də məhkəmə iclasında və şikayətində göstərdiyi kimi onun Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Ona görə də, X12 Xidmətinin vəzifəli şəxsinin X.Hüseynovun və Şahid ibtidai istintaq zamanı verdiyi ifadələr əsas götürülməklə prokurorluğun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı əsasında Xəyal Hüseynovu inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516- 1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə X5 şikayətində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, şəxsin göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, MN № ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X5 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar