Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-242/2024 15.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1962-ci ildə Qax rayonu Qıpçaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Qax şəhəri, X5 küçəsi, ev 7 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli və MN № ******* nömrəli protokollar tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokollarda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq hərəkətləri etmiş və onun baş nahiyyəsinə yumruqla vuraraq fiziki ağrı yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, istintaq bölməsindən icraatına qərar daxil olmuşdur. Qərara əsasən hər iki şəxs barəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qarşılıqlı inzibati xəta haqqında protokol, Şəxs barəsində isə həmçinin İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığı üçün Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dindirilən zaman bildirdi ki, hadisə 14 sentyabr 2024-cü il tarixdə səhər saat 8-in yarısında baş vermişdir. O, hər dəfə işə gedəndə Zərərçəkmiş şəxs mağazasının qarşısından keçir. Natiqin mağazası Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində, bazarın yaxınlığında yerləşir. Onun iş yeri isə aşağı tərəflərdə yerləşir. Hər gün həmin yoldan keçir. Natiqlə əvvəllər kreditlə bağlı aralarında söz-söhbət olmuşdur. Mağazaya girib Natiqə bu söz-söhbətlərə son qoymasını demək istəmişdir. Natiq 30 il onun işçisi olmuş, necə lazımsa hörmət olunub, necə lazımsa saxlanılmışdır. Mağazaya girərkən Natiq onun üstünə atılmış, oğlu isə kənardan çıxaraq onun sir-sifətini pis vəziyyətə qoymuşdur. O isə çıxıb getmişdir. İşə gedib 5-10 dəqiqə oturduqdan sonra əsəbini cilovlaya bilməmiş, dostuna zəng edib başına belə bir işin gəldiyini deyərək Natiqi başa salmasını xahiş etmişdir. Dostu oraya gələrək onun vəziyyətini görmüş, Natiqin yanına getmişdir. Dostu da 15 dəqiqədən sonra ağız-burnu qan içində qayıtmışdır. Onun barəsində hazırlanan sənədlər Natiqin hərəkətlərini ört basdır etməkdən ötrüdür ki, Natiqlə barışığa gəlsin. O, Natiqi vurmamış, döyməmiş və onu söyməmişdir. Söyüş də söyə bilməzdi, çünki heç söyməyə də amanı olmamışdır. Hərəkətindən peşmandır. Odur ki, qeyd etdiyi halların qərar qəbul edərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dindirilən zaman bildirdi ki, o Şəxs uzun müddətdir ki, tanıyır. Onlar bir yerdə işləmişlər. Münasibətləri yaxşı olmuşdur. Son vaxtlar Nəcəfin onun adına aldığı kredit pullarına görə aralarında söz-söhbət yaranmışdır. Nəcəf onun zamin olduğu kredit borcunu bağlamış, digəri isə adında ödənilməmiş qalmaqdadır. Hal-hazırda aralarında olan münasibət biraz soyumuşdur. Kreditə görə onlara inzibati tənbeh tətbiq olunmuşdur. Bundan sonra Nəcəf onlarla prinsipə düşmüş, hər dəfə yanından keçəndə ona söz atır. 14 sentyabr 2024-cü il tarixdə səhər saat 8 radələrində Nəcəf onun mağazasının qarşısından keçən zaman, onun ünvanına burdan keçəndə gözünə görünməməsini demişdir. O isə nəyə görə ondan gizlənməsini soruşmuşdur. Nəcəf getdikdən bir qədər sonra geri qayıtmış, mağazaya girəndə o Nəcəfi bayıra çıxartmışdır. Nəcəf üçüncü dəfə təkrar mağazaya girərkən ona üç dəfə yumruq atmış, onun ünvanına söyüş söyəndə artıq özünü cilovlaya bilməmişdir. Nəcəf üç dəfə onun başına yumruq vurmuşdur. Lakin söyüş söydükdən sonra o da Nəcəfi vurmuşdur. Sonra isə oğlu gəlib çıxmış, onu vurmaq istəyəndə Nəcəfi ayırmışdır. Daha sonra ətrafdakılar gəlib onları ayırmışlar. O, barışmaq tərəfdarıdır. Şəxs şikayətçi deyildir. Ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələrinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 233 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-sağ gicgahın aşağı hissəsində şişkinlik küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Məhkəmə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materialla bağlı aşağıdakıları qeyd edir, Həmin Məcəllənin zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmədən bəhs edən 39.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını, eləcə də İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair materialla bağlı aşağıdakıları qeyd edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin normaya əsasən şəxsin ilk dəfə inzibati xəta törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-242/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-242/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver