Məhkəmə qərarları › İş №3(024)-244/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-244/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-244/2024 29.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Qax rayonu Qorağan bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Qax rayonu Qorağan Bələdiyyəsinin sədri Şəxs Qorağan bələdiyyəsinin mütləq təqdim edilməli olan 12 sentyabr 2024-cü il tarixli, 09 nömrəli iclas protokolunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyələrlə iş portalına qanunvericilikdə nəzərdə tutulmuş müddətdən bir gün gec yerləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron məktub ünvanlayaraq məhkəmə iclasının Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Materiala əlavə edilmiş Qax rayonu Qorağan Bələdiyyəsinin mütləq təqdim edilməli olan 12 sentyabr 2024-cü il tarixli, 09 nömrəli iclas protokolundan görünür ki, Qorağan Bələdiyyəsinin iclas gündəliyinə Qorağan bələdiyyəsinin Almalı və Turaclı bələdiyyələri ilə birləşdirilməsi məsələsi daxil olmaqla, ümumilikdə 3 (üç) məsələ qoyulmuşdur. Qax rayonu, Qorağan bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, bələdiyyə sədri Qorağan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli, 9 nömrəli iclasının protokolunu qanunvericilikdə nəzərdə tutulan 5 (beş) iş günündən gec portala vurulmasını, səbəbinin isə iclas protokolunun gec tərtib edilməsini və tərtib edildikdən sonra portala gec yerləşdirilməsi olmasını qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokola obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsinə əsasən bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında iştirak etmədiyi üçün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş Qax rayon Qorağan Bələdiyyəsinin sədri Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Qax rayon Qorağan bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar