Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-250/2024 21.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi fərdi fəaliyyət göstərən Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar Vilayəti, Beloreçenskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öz deməsinə görə məhkumluğu olmayan, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayonu Əmircan kəndində qeydiyyatda olmaqla yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qax RPŞ-dən Qax Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Qax rayonu Əmircan kəndinin çıxışında həmkəndlisi Zərərçəkmiş şəxs üz və qol nahiyyələrinə təpik və yumruqla vuraraq bədən xəsarətləri yetirmişdir Məhkəmə iclasında Qax RPŞ İTB nin polis sahə rəisi, polis kapitanı, X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, baş vermiş hadisə ilə bağlı Qax RPŞ-nin İQ-dan icraatına material daxil olmuş və istintaqın materiala əsasən Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək Qax Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun uşaqlarının yanında onu təhqir etmişdir. Bu barədə polisə ərizə də vermişdir ki, baxılsın, lakin şikayətinə baxan yoxdur. 2-3 aydır ki, avtomobili nasaz olduğu üçün Vasiflə iş görmüşdür. Həm nisyə, həm də nağd qaydada iş görmüşdür. Bir gün uşağı dərsdən çıxanda başqa taksiyə zəng etmişdir ki, gedib onun uşağını gətirsin. Vasif də onun başqa taksi çağırdığını görmüş və ona zəng edib demişdir ki, nə üçün onunla nisyə iş görüb, nağd pulu başqa taksiyə verir. Bütün məsələ buradan başlamış, bütün söz-söhbətin başlanğıcı bu hadisə olmuşdur. Onun 13 yaşlı oğlu vardır, hər gün məşqə futbola gedib-gəlir. xx.xx.2024-cü il tarixdə onun oğlunu təhqir etmişdir ki, sənin atan elədir, sənin atan belədir. Uşaq da gəlib şikyət eləmişdir ki, “ay ata Vasif dayı mənə belə sözlər dedi”. Onun qızı Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən Aptekdə praktika keçir. Uşağı götürən vaxt Vasifə zəng etmişdir ki, məsləni yaxşılıqla bağlasınlar, onun uşaqlarının yanında artıq-əskik söhbətlər etməsin. Vasifi çağırmış, o isə çığırıb-bağırmış, Vasifə demişdir ki, “yaxşı gəl burda söhbət edək”. Vasif isə camaatın içində onunla çığır-bağır söhbəti etmişdir. Vasifi kənara çəkib demişdir ki, ayıbdır, maşının içində uşaqlar var, sakitcə söhbət etsinlər. Vasifə yavaş danışmasını, ayıb olduğunu və kənardan insanların keçdiyini demişdir. Vasif isə yenə çığrmışdır. O. Vasifə “yaxşı, yaxşı gedək başqa yerdə söhbət edək, burada camaatın içərisində ictimai yerdə yaxşı deyil” demişdir. Onun da qızı maşında olmuşdur. Vasifin onun qızının yanında dediyi sözlər bir ataya deyiləsi sözlər deyil. Yenə də adam olmayan yerdə və qızı yanında olmasaydı, Vasif bu sözü desəydi o yenə də səsini çıxarmaz, “yaxşı sən haqlısan” deyib keçib gedərdi. Onun uşaqlarının yanında şox pis sözlər işlətmişdir. Piyada səkisinə keçəsi vaxt Vasifin yaxasından bir az tutmuş, belə söhbətlər etməməsini demişdir. Vasif maşına söyüş söyə-söyə getmişdir. Həmin yerdə adamlar da olmuşdur. Həmin admalara demişdir ki, gəlib ona şahid dursunlar. Lakin Vasif onu daha da betər təhqir etmişdir. Çünki maşında onun uşaqları olmuş və uşaqlarının yanında həyatı boyu nalayiq sözlər deyə bilməzdi. Qapının yanına çatıb qapını açıb yenə də onu söymüşdür. O maşına əyləşib çıxıb getmişdir. Telefonla zəng edib Vasifə belə söhbətlər etməməsini demişdir. Bu söhbətlər həmin gün saat 9-10 arası telefonda olan söhbətlərdir. Bəlkə də yarım saat telefonla Vasiflə danışmışdır. Xahiş edir ki, Vasifin ona telefonda dediyi sözləri çıxartdırıb baxsınlar ki, Vasif ona nə demişdir. Vasif ona dəfələrlə söyüş söymüşdür, əgər ona dediyi sözlərin ikisinə cavab vermişdirsə o günahını boynuna alır. Vasif ona kilsə altına gəlməsini demişdir. O, taksiyə oturmuş, Vasifə imkanının olmadığını, atasının maşınının olduğunu, maşını atasının qapısına qoyacağını, atası ilə söz-söhbətinin yaranmasını istəmədiyini, atasının bu söhbətdən xəbərinin olmasını istəmədiyini bildirmişdir. Elçin adlı taksi sürücüsünə zəng edərək onu kilsə altına aparmasını xahiş edərək Vasifin onu orada gözlədiyini demişdir. Gəldikdən sonra Vasifə zəng edərək harada olduğunu soruşmuşdur. Artıq söz deməmiş, iki dənə söz demişdir. Vasif “Qanlqobu” adlanan ərazidə olduğunu və gələcəyini demişdir. Vasifi 5-10 dəqiqə gözləmiş, lakin Vasif gəlməmişdir. Taksiyə əyləşib kəndə gəlmiş, orada da Vasifi 5-10 dəqiqə gözləmiş, sonra çıxıb evinə getmişdir. Sonra isə gəlib polis idarəsinə məlumat vermişdir ki, Yasin onu döymüş, gözünün altını göyərtmişdir. Onun uşağının yanında, camaatın içərisində Vasifin nə haqqı var ona pis sözlər deməyə? Saat 9-un yarısından saat 10-a, 11-ə qədər olan söhbətlərdir. Xahiş edir o söhbətləri telefondan çıxartsınlar və görsünlər ki, o Vasifə pis sözlər demişdir, yoxsa Vasif onu söymüşdür. O, Qax şəhəri, Heydər Əliyev prospektində, qəbirstanlığın qarşısında, səkidə Zərərçəkmiş şəxs yaxasından tutmuş və onu silkələmiş, yəni Vasifi vurmamışdır. Vasif ona deyir ki, kənddə də onun maşınına oturmuşdur. O, Vasifi vurmamış, silkələmişdir. Hadisə saat 9 radələrində baş vermişdir. Onun uşağı maşında olduğu üçün Vasifi kənara çəkmişdir ki, kənarda danışsınlar. Vasif söyüş söydüyü üçün demişdir ki, gedib başqa yerdə söhbət etsinlər. Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə bağlı deyə bilər ki, ona şər atmaq üçün hər şeyi edə bilər. Bu adam gedib polisə demişdir ki, Yasin ona tüfənglə hücum etmişdir. Belə bir məsələ heç vaxt olmamışdır. O heç vaxt polisə getməmişdir. Vasifin dediklərinin 70 faizi yalandır. O Vasifi vurmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs uşaqlıqdan tanıyır. Yasin onun həmkəndlisidir. Yasinlə münasibətləri yaxşı olmuşdur. Həmişə Yasinin uşaqlarını və ailəsini aparıb-gətirmişdir. Aralarında heç bir problem olmamışdır. Aparıbgətirmə qiymətini aylıq danışmamışdır. Kənd camaatıdır deyə gündəlik gəlib-getmək üçün böyüklərdən 1 manat, uşaqlardan isə 50 qəpik alır. Onlar daha çox onunla gedib-gəlmişlər. Hər bir gündən bir axşam saat 8-də Yasinin qızını kursa aparıb-gətirmişdir. Yasin onunla danışdıqda uşağını hər gün götürüb aparıb gətirməsini xahiş etmiş və ayın sonunda ona pul verəcəyini demişdir. O səhər saat səkkizdə Yasinin uşağını gətirmək üçün Qax rayonuna getmişdir. Lakin Yasin ona pul verməmiş, o da üzə vurmamışdır. Lakin o Yasinin uşağı üçün başqa adama sifariş taksi göndərdiyini görərək Yasinin uşağını götürməmişdir. Necə olur ki, Yasin sifariş taksiyə 3 manat pul verir, lakin o uşağı 1 manata aparıb gətirdiyi halda ona pul vermir. Sakitcə demişdir ki, uşağı maşına götürmür. Uşaqlar maşına əyləşmək istəyəndə demişdir ki, atası onlara taksi göndərər, onlarla gedərlər. Yasinin uşağı da gedib evdə demişdir. Yasin bir-neçə gün sonra ona zəng edərək “sən qudurmusan” demişdir. O, Qax şəhərində “Xaldan Dairəsi” adlanan yerdə tək dayanmışdır. Yasin onu çağıraraq onunla söhbəti olduğunu demişdir. O da Qax şəhərində yerləşən qəbirstanlığın qabağına Yasinin dediyi yerə getmişdir. Orada görmüşdür ki, bir-iki nəfər adam olmuş, mağaza işlədən və yoldaşı da yanında dayanmışdır. O da heç bir səs-küy etməmişdir, çünki artıq-əskik söhbət etmək olmazdı. Ən azından özünə hörmət etmiş, orada kiminsə ailəsi olduğundan hörmətsizlik yaratmamışdır. Yasin ona uşağı evə aparıb ona zəng edəcəyini və dediyi yerə gəlməsini demişdir. Kiminlə, hansı maşınla gəlib, neyləyib, demişdir ki, onu kilsə burnunda gözləyəcəkdir. Yasinin kiminlə, piyada ya maşınla gəldiyini görməmişdir. O da həmin yerə getməmiş, demişdir ki, dayısının yanına, Biləcik kəndinə getmişdir, Qanlıqobu tərəfdədir. Yasin də onu Kilsəburunda gözlədiyini demişdir. O da qəsdən özü elə demişdir ki, bəlkə Yasin onu orada gözləyir, gecə qarşısını kəsər. Mübahisə olmasın, gecə vaxtıdır. Çünki gecə hirsli başda hər şey ola bilər. Dayısının yanında dayanıb bir az gecikmişdir. Həmkəndlisi ona zəng edərək onu yoldaşı ilə birlikdə evə aparmasını xahiş etmişdir. Maşını sürüb gəlmiş, yolda da heç kəsi görməmişdir. Qax şəhərinə gələrək həmkəndlilərini götürərək evə gətirmişdir. Onların evləri Əmircan kəndində uşaq bağçasının yanındadır. Həmin vaxt görmüşdür ki, Yasinlə həmkəndlisi Elmar ikisi kəndin mərkəzində yerləşən mağazadan 20-30 metr kənarda söhbət edirlər. O, biraz gedərək işığın altından keçən zaman onlar maşında öndə oturan həmkəndlisini görmüşlər. O, həmkəndlilərini düşürüb geri qayıdan zaman Yasinlə Elmar onun avtomobilinə tərəf gəlmişlər. Yasin avtomobilin qarşısında dayanmış, Elmar isə arxa qapını açaraq əyləşmişdir. Elmara həmin vaxt getmədiyini demişdir. Daha sonra isə Yasin avtomobilə əyləşmişdir. Maşını sürərək mağazanın qarşısında saxlamış, mağazanın qarşısında kənd sakinləri dayanmışlar. Mağazanın qarşısında Elmara israrla aşağı düşməsini və Qax şəhərinə gedəcəyini demişdir. Yasin isə Qaxa getməyəcəyini, kəndin aşağısına sürəcəyini demişdir. O isə yenə Qax şəhərinə gedəcəyini demişdir. Çünki həqiqətən də Qax şəhərinə getməli idi. O, Elmarı maşından düşürə bilmişdir. Elmar maşından düşdükdən sonra o Yasinə “hara istəyirsən get mən Qaxa gedirəm” demişdir. Kəndin evləri qurtardıqdan 150-200 metr keçdikdən sonra Yasin avtomobilin əl əyləcini çəkərək maşını saxlamış, avtomobilin mühərriki sönmüşdür. Yasin ona aşağı düşməsini deyərək özü də düşmüşdür. Siqaret çəkdiyi üçün avtomobilinin ön sol tərəf qapısının şüşəsi həmişə açıq olmuşdur. Yasin ona aşağı düşməsini desə də, o düşməyəcəyini demişdir. Yasin ona avtomobilin açıq halda olan şüşəsindən yaxınlaşmış, o isə geriyə çəkilmişdir. Yasin bir addım geriyə çəkilərək ayağını içəri salmış və onun üzünə vurmuşdur. O, isə əlini üzünə tutmuş və avtomobilin mühərrikini işə salaraq sürmək istəmiş, avtomobil yenidən sönmüşdür. O, əl əyləcini buraxıb qapısı yarı açıq halda maşını sürərək uzaqlaşmışdır. Avtomobili sürən vaxt Yasin ona neçə dəfə təpiklə vurmuşdur xatırlamır. O. avtomobili sürərək Qax rayon Polis şöbəsinin qarşısına gəlmiş, şöbəyə daxil olaraq növbətçiyə döyüldüyünü demişdir. Burnundan da qan süzülüb töklülürdü. Orada ona müstəntiq Laçın müəllimin olduğunu demişlər. Laçın Ədilovun otağında getmiş və Laçın müəllim ona izahat alacağını və xəstəxanaya getməsini demişdir. Bundan sonra Qax RMX-nın Acil şöbəsinə müraciət etmiş və ona ilkin tibbi yardım göstərmişlər. Sağ qolunda ağrı olmuşdur. Bilmir Yasin ayağını içəri salıb təpiklə vuranda zədələnmişdir, yoxsa oradan çırpılıb çaxılmışdır. Bir gün oynağını tərpədə bilməmişdir. Yasin qapını açmaq istəyəndə o əllə tutmuş, Yasin isə ayaqla vurmuşdur. Səhəri gün isə Zaqatala şəhərinə ekspertizaya getmişdir. Orada da onu müayinə etmişlər və rəyi götürüb gəlmişdir. Bundan sonra Yasin onun “Whatsapp Messenger” proqramı vasitəsi ilə sms yazaraq şikayəti geri götürməsini tələb etmişdir. Lakin o Yasinə cavab yazmamışdır. Zəng etdikdə isə onu narahat etməməsini demişdir. Yasin onun evinin qapısına gələrək ərizəni geri götürməsə onu bıçaqla doğrayacağını, ya da tüfənglə atacağını demişdir. Həqiqətən də Yasingilin evlərində qoşalülə ov tüfəngi vardır. Yasin onu bir dəfə təpiklə vurmuş, yumruqlar isə başına dəymişdir. Yumruqlar boş şeydir, ona dəyən zərər təpikdən olmuşdur. Yasin onun ağızını cıracağını və başını kəsəcəyini demiş, o da bunları etməyən nakişidir demişdir. Yasinlə barışmaq istəmir. Yasin etiraf etmədiyi, özünü günahkar bilmədiyi və yalan ifadə verdiyi üçün ən ciddi cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Qax Rayon Şöbəsi tərəfindən verilmiş 134 nömrəli xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyədə qançır və burun beli üzərində sıyrıq-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sifətinin sağ tərəfinə təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa Zərər Vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs törətdiyi əməli etiraf etməsə də, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Törətdiyi əmələ görə Qax RPŞ-nin İstintaq qrupunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmaması, sadəcə yaxasından tutub silkələməsi ilə bağlı verdiyi izahatı məsuliyyətdən yaxa qurtarmaq, inzibati məsuliyyətə cəlb edilməmək məqsədi daşıdığını qeyd edir. İnzibati materiala əlavə edilmiş ekspert rəyindən də görünür ki, zərərçəkmiş şəxsin bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarətlər aşkar edilmiş, həmin xəsarətlərin barəsində inzibati xəta haqqüında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilməsi şübhə doğurmur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ekspert rəyi, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və Qax RPŞ-dən daxil olmuş materialla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsiliyyyətini yüngülləşdirən halın olmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin il ərzində ilk dəfə inzibati xəta törətməsini, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsinə zərurət olmadığını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-250/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-250/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver