Məhkəmə qərarları › İş №3(024)-256/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-256/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-256/2024 28.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məmmədova Zəhra Rövşən qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nümayəndə3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida X2-X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Qida X2- X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2024-cü il tarixində Qax rayonu Ağçay kəndində yerləşən “Şimşək” restoranının rəhbəri tərəfindən müəssisənin ayrı-ayrı sahələrində (anbar, soyunub geyinmə otağı, sanitar qovşağı və s.) baxış keçrilməsinə şərait yaradılmamış, həmçinin yoxlama suallarına cavab verməkdən imtina edilmiş, yoxlayıcıya təqdim edilməsi zəruri olan sənədləri təqdim edilməmişdir. Nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nümayəndə3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 8-14 oktyabr tarixləri arasında təmsil etdiyi idarədə yoxlama açılmışdır. 8 oktyabr tarixində Qax rayonu Ağçay kəndində yerləşən “Şimşək restoranına gəlmiş, sahibkar yerində olmadığı üçün həmin vaxt müəssisədə olan mühafizəçidən nömrə götürülərək sahibkarla əlaqə saxlanılmış, sahibkar özü də yoxlamada iştirak etmək istədiyi üçün müddət istəmiş, fəaliyyətini dayandırdığını bildirmişdir. Sahibkara 1 həftə müddət verilmiş və həmin müddət ərzində yoxlama dayandırılmışdır. Təkrar yoxlamaya onlar 22 oktyabr 2024-cü il tarixdə getmiş, sahibkar yerində olmuşdur. Sahibkarla görüşüb danışmış, onlara mətbəxə baxış keçirə biləcəyini bildirmişdir. Mətbəxə baxış keçirilmiş, hər hansı bir qida məhsuluna rast gəlinməmişdir. Sadəcə qalıq qida məhsulları olmuş, yəni fəaliyyətin olmadığı görünürdü. Lakin onlar sənədləşmə prosesinə başlayanda sahibkardan vergi orqanında fəaliyyətinin dayandırılması barədə arayış və qida təhlükəsizliyi agentliyində fəaliyyətinin dayandırılması ilə bağlı qeydiyyatın ləğv edilməsinə dair hər hansı bir sənəd tələb olunmuş, lakin sahibkar belə bir sənədi təqdim edə bilməmişdir. Onlar sahibkara yoxlamanın keçirilməli olduğunu bildirmiş, o isə öz növbəsində sənədlərə imza etməyəcəyini bildirmiş və sənədlərin yazılmasına qarşı çıxmışdır. Sahibkar əməkdaşlara hər hansı bir yoxlama prosesinə təqdim edilməli olan sənədlərin təqdim olunmasına və məlumatların verilməsinə maraqlı olmadığını bildirmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və Sahibkarların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin tələbləri pozulduğu üçün onlar İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Sahibkar tərəfindən müəssisəyə daxil olmağa heç bir maneçilik törədilməmişdir. Hər yerə deyil sadəcə mətbəxə baxış keçirilmişdir. Sahibkardan fəaliyyətlə bağlı soruşduqda otel kimi fəaliyyət göstərdiyini və səhər yeməyi və yaxud hər hansı bir yemək vermədiyini bildirmişdir. Onların yoxlaması qısa müddətli olur, planlı yoxlamadır və 5 gün müddətinə təyin edilir. Yoxlamanı dayandırmaq üçün isə sahibkar onlara vergi orqanından hər hansı bir sənəd təqdim etməlidir ki, fəaliyyətini dayandırmışdır. Yoxlamaya təqdim etmək üçün sənədləri təqdim etməsi xahiş olunmuş, lakin Şəxs etiraz etmiş və fəaliyyət göstərmədiyinə görə sənədləri təqdim etmək istəmədiyini bildirmişdir. Onlara vergi orqanından fəaliyyətin dayandırılması barədə sübut təqdim edilməsə onlar müəssisənini işləyib-işləmədiyini, yoxlama müddətində fəaliyyətinin dayandırılmış olduğu kimi göstərilmək niyyətlərinin olub-olmadığını müəyyən edə bilmirlər. Yəni ki, mətbəx müvəqqəti olaraq yığışdırılıb və sonradan fəaliyyətini davam etdirəcək. Yəni bu qısa müddətli yoxlamadır və onlar sahibkarı daima gəlib yoxlaya bilmirlər ki, sahibkar fəaliyyətini dayandırıb, yoxsa davam etdirir. Yoxlama barədə müəssisəyə 15 gün əvvəldən məlumat verilir, sonra isə gəlib yerində yoxlama aparılır. Yoxlama müddətində müəssisənin mətbəxi yığışdırılmışsa beş günlük, on günlük, on beş günlük fəaliyyəti dayandırılıbsa, fəaliyyətin dayandırılması barədə onlara rəsmi sənəd təqdim olunmasa onlar bunu təsdiq kimi qəbul edə bilmirlər. Müəsisəyə 2 kilometrdən artıq məsafə qalmış onlar kameranı işə salırlar və Şəxs da dediyi kimi yoxlamanın sonuna qədər kamera açıq vəziyyətdə qalır. Video görüntülər vardır. Onlar sahibkara içəri keçmələrini və oturmalarını bildirmişlər. Şəxs isə bildirmişdir ki, işçi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə işçinin olmamasını qəbul etdiyini, müəssisədə mühafizəçidən başqa işçiyə rast gəlmədiyini bildirmişdir. Lakin müəssisənin sanitar-gigiyenik vəziyyətinin, əlavə bir-neçə yoxlanılacaq suallarının olmasını, onları yoxlaya biləcəklərini qeyd etmişdir. Onlar onsuz da müəssisənin fəaliyyət göstərib-göstərməməsini dəqiqləşdirə bilmirlər, bunların yoxlanılması üçün veriləcək suallar vardır və şifahi məlumatlar almalıdırlar. Müəssisənin istər ümumi sahəsi, istər istehsal sahəsi, istər yuma sahəsi, bunların sahə kvadratları onlara təqdim olunmalıdır ki, onlar baxış aktına başlasınlar və aktı tərtib edə bilsinlər. Şəxs bunlara etiraz etmişdir. Onlar təklif etmişlər ki, keçib içəridə otursunlar və sənədləri tərtib etməyə başlasınlar. Lakin Şəxs sənədlərin yazılmasına etiraz etdiyini bildirmişdir. İlk tələb olunmalı sənəd qida təhlükəsizliyi qeydiyyatı sənədidir. Şəxs onların oturmasına etiraz etməsə də, sənəd yazmağa başlanılmasına qəti etirazı olduğunu bildirmişdir. Sənəd yazılmağa başlanmasa sahibkardan məlumat ala bilməzlər. Bildirilmişdir ki, suallara cavab aldıqca sənəddə punktlar var və o qeyd etməlidir. Şəxs isə etiraz etdiyini bildirmişdir. Müəssisənin mühafizəçisinin iştirakı ilə müəssisəyə baxış keçirdiklərini qəbul edirlər. Şəxs bununla razılaşmışdır. Ancaq Şəxs özü də baxışda iştirak etməli idi ki, onların verdiyi suallara cavab versin. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda qeyd olunan xüsusatlarla razılaşmadığını bildirərək, izahatında göstərmişdir ki, ona telefon vasitəsi ilə məlumat verilmişdir. Onlara vaxt demiş və görüşmüşlər. Yoxlama gələn vaxt mühafizəçi Manaf müəllimlə mətbəxi və ərzaq anbarını gəzmişlər. Onlar heç bir maneçilik olmadan hər yeri gəzmişlər. Fəaliyyət göstərmədiyi barədə də məlumat vermişdir. O, özü də təkid etmişdir ki, hazırki vəziyyəti protokollaşdırsınlar, o da imza atır ki, fəaliyyət göstərmir. Şahidləri də vardır. Ona heç bir sənəd təqdim olunmamış, protokol tərtib olunması barədə ona heç bir məlumat verilməmişdir. Hansı bir sənəd yazılsa da imzalamayacağını deməmişdir. Şahidlər də var, yəqin ki videoyazıda da qeydə alınmışdır. Protokol yazılması barədə söhbət olmamış, onlar gəlib həyətin ortasında söhbət etmiş, protokol tərtib edən orqanın nümayəndəsi də çıxıb 40 dəqiqə ərzində rəisi ilə danışmışdır. O, işçilərin əmək fəaliyyətinə xitam verilməsi barədə vergi orqanından arayışı məhkəməyə təqdim edir. 2023-cü ilin sentyabr-oktyabr ayında işçilərin əmək müqaviləsinə xitam verilmişdir. Onlar restoran fəaliyyətini dayandırmışlar. İşçi olmadığı halda onların sənədini necə təqdim edə bilər. Həmin işçini o vaxt restorandan işdən azad etmiş, sonra isə yenidən əmək müqaviləsi bağlayaraq oteldə təmizlikçi kimi işə qəbul edilmişdir. 19 sentyabr 2024-cü ildə onun da əmək müqaviləsini ləğv etmişdir. Keçən ildən hazırki vaxtadək tək həmin işçi olmuş, başqa işçi olmamışdır. Hazırda da oteldə heç kəs olmadığı üçün Manaf adlı şəxs oraya gəlib həm mühafizə işinə baxır, həm də onu əvəz edir. Həmin restoran keçən ilin sentyabr-oktyabr ayından fəaliyyət göstərmir. Yay mövsümündə də heç bir fəaliyyət göstərməmişdir. Yay mövsümündə, ümumiyyətlə 2023-cü ildən ildən bu vaxta kimi orada bir nəfər işçi olmuş, o da otelin təmizlikçisi olmuş, başqa heç bir işçi işləməmişdir. Yoxlama ondan işçilərin sənədlərini tələb etmişdir. 2023-cü ilin sentyabr ayında işçilər işdən azad olunmuş, işçi olmadığı halda, obyekt fəaliyyət göstərmirsə o həmin obyektdə hansı işçinin sənədini göstərə bilər?. Vergi sistemində fəaliyyət kodları vardır. Məsələn otel-restoran fəaliyyəti xidməti. Onlar restoran xidməti fəaliyyətini dayandırmışlar, ancaq otel kimi fəaliyyətini davam etdirir. O verigdən necə sənəd ala bilər, vergi xidməti ona nə sənəd təqdim edə bilər?. O vergi xidmətindən tələb etdikdə ona nə məlumat verə biləcəklərini soruşaraq, onun kodunun bu olduğunu bildirmişlər. Bunun üçün kodu ləğv etmək lazımdır, o zaman da oteli bağlamaq məcburiyyətində qalacaqdır. Yoxlamanı aparan əməkdaş sənəd yazmış, o imza etməyə etiraz etsəydi deyə bilrədi ki, etiraz etmişdir. Lakin sənədi bu cür yazmamışdır. Onların etiraz etdiyi o olmuşdur ki, yoxlama müəssisəyə gəlmiş, o mühafizəçi Manafa hara istəyirlərsə baxmalarını, onlara göstərməsini demişdir. Onlar binaya baxış keçirmiş, o isə dayısı oğlu ilə birlikdə həyətdə dayanıb söhbət etmişdir. Daha sonra əməkdaşlar onların yanına qayıtmış, onunla birlikdə baxış keçirərək nöqsanları ona bildirməli olduqlarını demişlər. O isə onun obyektinin fəaliyyət göstərmədiyini bildirmişdir. O sahibkar kimi onlarla gəzərsə, desə ki, vedrənin qapağı açıqdır, bu çirklidir, o qəbul edərsə, fəaliyyət göstərdiyini qəbul etmiş hesab edilir. O, belə demişdir ki, Manaf burdadır, hər yer açıqdır, gedib gəzsinlər, baxsınlar, nə istəsələr görsünlər. O tələb etmişdir ki, hazırki vəziyyəti ilə protokollaşdırsınlar, onlar gəlsinlər, nə görmüşlərsə yazsınlar, nə istəyir etsinlər, o da protokolun sonunda yazsın ki, sahibkar kimi fəaliyyət göstərmir. Nümayəndə 40 dəqiqə rəisi ilə danışmış və 3 dəfə gəlib demişdir ki, rəisi mütləq nəsə yazılmalı olduğunu demişdir. Yoxlama aparan şəxslər obyektə buraxılmış, ondan heç bir sənəd tələb etməmişlər. Odur ki, özünü təqsirli saymır. İş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 “yoxlamanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli ŞZRB-YP-271 nömrəli, qərarından görünür ki, fiziki şəxs Şəxs fəaliyyətinin yoxlanılması məqsədilə Qax rayonu Ağçay kəndində yerləşən obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həmin müəssisədə planlı yoxlama aparılması qərara alınmışdır. Yoxlama suallarının siyahısından görünür ki, həmin sualların cavabları üçün nəzərdə tutulan bölmələr doldurulmamışdır. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3“ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Qax rayonu Ağçay kəndində yerləşən “Şimşək” restoranının rəhbəri tərəfindən müəssisəniin ayrı-ayrı sahələrində (anbar, soyunub geyinmə otağı, sanitar qovşağı və s.) baxış keçrilməsinə şərait yaradılmamış, həmçinin yoxlama suallarına cavab verməkdən imtina edilmiş, yoxlayıcıya təqdim edilməsi zəruri olan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 08 oktyabr 2024-cü il tarixli ŞZRB-YP-271 nömrəli yoxlamanın dayandırılması barədə qərarından görünür ki. sahibkarın üzürlü səbəbdən iştirak edə bilməməsi səbəbindən yoxlama müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, agentliyin yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışına əsasən aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, Qax rayonu Ağçay kəndində fəaliyyət göstərən “Şimşək” restoranının mətbəxində hər hansı bir qida məhsulu yoxdur. Lakin müəssisədə iaşə xidmətinin göstərilməməsi ilə bağlı vergi orqanından alınmış hər hansı bir arayış yoxlamaya təqdim olunmamışdır. Sahibkar Şəxs bildirilmişdir ki, müəssisədə, obyektdə olan, yəni obyektin sanitariya norma və qaydalarına, gigiyenik normalarının tələblərinə dair yoxlama həyata keçirilməli və bununla bağlı tələb olunan suallar cavablandırılaraq yoxlama həyata keçirlməlidir. Buna baxmayaraq sahibkar etiraz etmiş və yoxlamanın gedişatına maneçilik törətmişdir. Qax rayonu Ağçay kəndində fəaliyyət göstərən “Şimşək” restoranına baxış keçirlməsi barədə videogörüntünü əks etdirən “DVD” diskdən görünür ki, həmin obyektin mühafizəçisinin iştirakı ilə mətbəxinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hər hansı bir qida məhsulu yoxdur. Sahibkar Şəxs restoran xidmətinin fəaliyyət göstərmədiyini bildirmiş, ondan iaşə xidmətinin göstərilməməsi ilə bağlı vergi orqanından alınmış hər hansı bir arayış tələb olunsa da yoxlamanı həyata keçirən orqanın əməkdaşlarına həmin arayışı təqdim edə bilməmişdir. Şəxs cinayət qanununda təqsirsizliyin sübuta yetirilməli olmadığı, təqsirliliyin sübuta yetirilməli olduğu anlayışının olduğunu və cari ilin aprel ayından fəaliyyət göstərmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-ci il tarixli KY242169733 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2024-cü il tarixli ŞZRB-YP-271 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əasasən Qax rayonu, Ağçay kəndində fəaliyyət göstərən Şəxs məxsus “Şimşək” restoranında xx.xx.2024-xx.xx.2024cü il tarixlərində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 23 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, sözügedən ünvanda yerləşən “Şimşək” restoranına AQTA-nın X1 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində gedilmiş, yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin üzrlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadığına görə yoxlamanın müddəti xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. Əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində “Şimşək” restoranına yenidən gedilmiş, restorana baxış keçirilmiş, lakin sahibkar tərəfindən yoxlama prosesində müəssisənin qida blokuna aid olan ayrı-ayrı sahələrinə (anbar sahəsi, soyunub-geyinmə sahəsi, sanitar qovşaq sahələri və s.) baxışın keçirilməsinə şərait yaradılmamasına, yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə görə vəzifəli şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsinə uyğun olaraq MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməldə düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması sübuta yetir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 6-1-ci, 6-2.4-cü, 7.1-7.3cü, 7.6-cı, 7.7-ci, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara şamil edilmir; 20.3-cü maddəsinə əsasən sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Məhkəmə Şəxs gətirdiyi dəlilərlə bağlı qeyd edir ki, iş üzrə tərəflərin izahatları, iş materiallarına əlavə edilmiş videogörüntülər vasitəsilə sübuta yetirilmişdir ki, Qax rayonu Ağçay kəndində yerləşən “Şimşək” restoranının rəhbəri tərəfindən müəssisənin ayrı-ayrı sahələrində (anbar, soyunub geyinmə otağı, sanitar qovşağı və s) baxış keçirilməsinə qismən şərait yaradılmasına baxmayaraq, yoxlama suallarına cavab verməkdən imtina edilmiş, yoxlayıcıya təqdim edilməsi zəruri olan sənədləri sahibkar tərəfindən yoxlayıcıya təqdim edilməmişdir. Şəxs yoxlama aparan orqanın əməkdaşına məhkəmə iclasında, mühafizəçi Manaf adlı şəxsin oteldə olduğunu, obyektdə hər yerin açıq olduğunu, gedib gəzmələrini, baxıb nə istəsələr görmələrini, protokollaşdırmalarını, nə görmüşlərsə yazmalarını, onun da protokolun aşağı hissəsində sahibkar kimi fəaliyyət göstərmədiyi barədə qeyd edəcəyini dediyini göstərmişdir. Qeyd olunan iaşə obyekt Qax rayonunu Ağçay kəndində, turizm zonasında yerləşir. Yoxlamanın payız mövsümündə - 22 oktyabr 2024-cü il tarixdə həyata keçirilməsi, yoxlama aparılan zaman yay mövsümünün olmaması və mövsümlə əlaqədar orada müştərilərin olmaması təbii bir haldır və bu otelin restoran xidmətinin fəaliyyət göstərməməsi nəticəsinə gəlinməsinə dəlalət etmir. Şəxs məhkəməyə restoran xidməti ilə məşğul olmamasını, yəni bu sahə ilə bağlı fəaliyyətinin dayandırılmasını təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübutu təqdim edə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında cari ilin sentyabr-oktyabr aylarından restoranın fəaliyyət göstərmədiyini qeyd etsə də, inzibati xəta haqqında iş materiallarına protokol tərtib edən orqan tərəfindən əlavə edilmiş videogörüntüdə Şəxs cari ilin aprel ayından restoran fəaliyyəti ilə məşğul olmadığını yoxlayıcı orqanın əməkdaşlarına bildirmiş, ilk məhkəmə iclasında həmçinin restoranı satışa çıxarması barədə izahat vermişdir. Məhkəmə qeyd edilən bütün izahatları əlaqəli araşdıraraq Şəxs bir-birinə zidd ifadələrini qeyri-səmimi hesab etməklə məsuliyyətdən boyun qaçırması kimi qiymət verir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin restoran fəaliyyətini faktiki dayandırmış olması belə maddənin dispozitiv əlaməti olan yoxlayıcının suallarına şifahi, yaxud yazılı cavab vermək öhdəliyindən azad etmir. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin restoran fəaliyyəti ilə məşğul olmaması ilə bağlı verdiyi izahatı məsuliyyətdən yaxa qurtarmaq, inzibati məsuliyyətə cəlb edilməmək məqsədi daşıdığını qeyd edir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə münasibətdə isə aşağıdakıları qeyd edir: İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasından məlum olur ki, həmin maddəyə əsasən fiziki və hüquqi şəxslərin barəsində inzibati xəta haqqında icraatın aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yalnız vəzifəli şəxslər barəsində qeyd olunan maddəyə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İXM-nin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilkə məşğul olur və o vəzifəli şəxs hesab edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, protokol tərtib edən şəxsin izahatları və Azərbaycan Respublikasının Qida X2-X6ndən daxil olmuş materialla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsiliyyyətini yüngülləşdirən halın olmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin il ərzində ilk dəfə inzibati xəta törətməsini, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin daha yüksək məbləğdə inzibati cərimə edilməsinə zərurət olmadığını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar