Məhkəmə qərarları › İş №3(024)-300/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-300/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-300/2024 12.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Azad Cavadovun onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 verdiyi şikayətə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs - X9 şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin rəisi daxili xidmət polkovnikleytenantı Azad Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 3(024)-300/2024 nömrəli qərardadına əsasən X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Azad Cavadovun xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilmə müddətinin buraxılma səbəbləri üzürlü hesab edilməklə həmin müddət bərpa edilmiş və şikayətə baxılması üçün məhkəmə iclası təyinedilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət verən şəxs 01 dekabr 2023-cü il tarixdən Qax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və binanın elektrik təsərrüfatının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 19 mart 2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 19 mart 2024-cü il tarixli qərarının icra olunması üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə 23 iyul 2024-cü il tarixdə 3/8-74/2-4769/2024 nömrəli məktub ünvanlanaraq ona verilən müddətin bitməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 150.1-ci maddəsinə əsasən tələbin onun əmək haqqından tutulmasına göstəriş verilmiş və noyabr ayında Şəki-Zaqatala Regional Təhsil İdarəsindən ona bildirilmişdir ki, mavafiq inzibati qərarın icrası ilə bağlı əmək haqqından cərimənin məbləği tutulacaqdır. Həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Qax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının binası 2013-cü ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilindəki elektrik xətlərində yanğın təhlükəsizliyi ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin qeyd etmək istəyir ki, X13 İdarəsinin nümayəndəsinin barəsində qəbul etdiyi qərar ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyildir. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununda bu kimi tələblər yoxdur. Belə olan halda hesab edir ki, Qax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri kimi Azərbaycan Respublikası İXM-nin subyekti o deyildir və onun əməlində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Protokolda və qərarda göstərilənlər maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuşdur. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə kimi əsas götürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən ona 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* saylı qərarı ona rəsmi qaydada verilməmiş, 100 (bir yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərardan xəbəri yalnız Təhsil Sektorundan şifahi qaydada ona verilən məlumatdan sonra olmuşdur. Bundan sonra o Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinə müraciət etmişdir ki, barəsində çıxarılmış qərarın surətini ona versinlər ki, həmin qərarı məhkəmə qaydasında mübahisələndirsin. Lakin idarənin nümayəndəsi qərarın surətini ona verməkdən imtina etmiş və bildirmişdir ki, həmin qərarın surəti Şəki-Zaqatala Regional Təhsil İdarəsinə göndərilmişdir. Barəsindəki inzibati tənbeh vermə haqqında qərar rəsmi qaydada bu günədək ona verilməyib, lakin konstitusiya və digər qanunvericilik aktları ilə təsbit olunan hüquqları pozulduğu üçün həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ona tələbnamə, yəni xəbərdarlıq adlanan sənəd təqdim olunmuşdur. Ancaq 2013-cü ildən istifadəyə verilmiş və rəhbərlik etdiyi körpələr evi-uşaq bağçası, yararsız vəziyyətdədir. Bununla bağlı əlində sübutlarla bütün sənədlər vardır. Həmin vaxtdan bu günə qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müəssisəyə gəlməmişdir. Əgər həmin idarənin əməkdaşları onlara cərimə yazırlarsa nə üçün tələb etmirlər?. Əgər yanğınsöndürən balonlar yoxdursa, sobalar yanan yerlərdə problemlər vardırsa, ləvazimatlar yoxdursa, ikinci dəfə gəlib təkrar buna da cərimə yazsınlar. Dünən bağçaya məhkəmə yekunlaşmadan yenidən yoxlama gəlmişdir. Regional Təhsil İdarəsinə dəfələrlə məlumat vermişdir ki, bu problemlər var və aradan qaldırmaq lazımdır. Bununla bağlı sübutları da vardır. O, körpələr evində müdir vəzifəsini əvəz edir və onunla heç bir təhviltəslim olunmamışdır. Yoxlama siqnalizasiya sisteminin olmamasını nöqsan tutmuşdur. 2013-cü ildə bağça təhvil verilən gün siqnalizasiya sistemi olmamışdır. Nə üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buna göz yummuşdur?. Sadəcə olaraq əməkdaş onunla prinsip aparır. Onunla prinsip aparmaq yox, uşaqların gələcəyini düşünmək lazımdır. Bəzi məsələlər vardır ki, onları aradan qaldırmaq onun səlahiyyətləri xaricindədir və onun maddi durumu buna yol vermir. İdarənin əməkdaşına da bildirmişdir ki, əgər cərimə məbləğini ödəməklə problemlər aradan qalxacaqdırsa həmin pulu bu gün ödəməyə hazırdır. Məhkəmədən qanunsuz yazılmış inzibati cərimə olunması barədə qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, qazanxanada və ya bağçada olan yanğın təhlükəsi və bütün nöqsanlar baxça müdirinə bildirilmişdir. İşinin mahiyyəti də ondan ibarətdir ki, orada olan bütün nöqsanlar qeyd edilir və bu barədə protokol tərtib olunur. Onların vəzifəsi nöqsanları qeyd etməkdən ibarətdir. Qeyd etmədikdə isə birbaşa özləri məsuliyyət daşıyır. Müəssisədə və yaxud idarələrdə yanğın təhlükəsizliyi üzrə məsul şəxs və yaxud daxili əmrlə kimsə təhkim olunmalıdır. Əgər həmin əmr yoxdursa müəssisənin rəhbəri məsuliyyət daşıyır. Aygün Nəcəfovadan yanğın təhlükəsizliyi üzrə kiminsə daxili əmrlə təhkim olunub-olunmaması soruşulmuşdur. Həmin əmr yoxdursa müəssisə rəhbəri özü məsuliyyət daşıyır. Nöqsanların aradan qaldırılması üçün onlar bütün tədbirləri görürlər. Əvvəlki illərlə bağlı baş verənlərə görə onlar heç bir məsuliyyət daşımır. Son bir il ərzində gördükləri işlə bağlə məsuliyyət daşıyırlar və qanunvericiliyə uyğun tədbirlər gördüklərini hesab edir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 şahid qismində dindirilərkən izahat verərək göstərdi ki, 2013-cü ildən həmin uşaq bağçasında təsərrüfat müdiri vəzifəsində işləyir. Orada işə başladığı dövrdə Aygün Nəcəfova yox digər bağça müdiri Zeynəb Dəmirçiyeva işləmişdir. Həmin dövrdə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yoxlama aparmışlar. Uşaq bağçasında su anbarı və siqnalizasiya sistemi nasaz olmuşdur. Onlar yerli icra hakimiyyəti orqanına tabe olduqları üçün həmin nöqsanların aradan qaldırılması barədə onlara həmin idarə tərəfindən irad tutulmasını bildirsələr də, aradan qaldırılmamışdır. Yəni bu hallar Aygün Nəcəfova bağça müdirini əvəz etməzdən əvvəl baş vermiş, təkrarlanmış, lakin heç kəs gəlib siqnalizasiya sistemini və deşilmiş su anbarını təmir etməmişdir. Bu problem öz büdcələri hesabına həll edilən məsələ deyil, çünki körpələr evi öz hesabına maliyyələşmir. Onlar Regional Təhsil İdarəsinin tabeliyinə keçdikdən sonra həmin idarəyə də məktubla müraciət etmişlər. Şifahi olaraq Qax təhsil sektoruna da bildirmişlər ki, bu hallar uşaq bağçasında var və davam edir. Yanğınsöndürən balonlar ildə bir dəfə yenilənməlidir. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilərkən izahat verərək göstərdi ki, təxminən 14 ildir həmin körpələr evində ocaqçı işləyir. Aidiyyatı quruma dəfələrlə problemlər barədə məlumat vermişlər. Uşaq bağçasında anbarın tavanı su axıdır və siqnalizasiya sistemi yoxdur. Yağışlı havada ondan sobanı yandırmasını tələb etdikdə bundan imtina edir, çünki partlayış baş verə bilər. Bu barədə Regional Təhsil İdarəsinə, Qax rayon İcra Hakimiyyətinin balansında olarkən həmin orqana, şəhər icra nümayəndəliyinin balansında olarkən nümayəndəliyə məlumat verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona alternativ yollardan istifadə etməsi tövsiyə olunmuş, o isə həmin alternativ yolu ona göstərmələrini xahiş etmişdir. Bu zaman ona su daman yerə vedrə qoyması tövsiyyə olunmuşdur. Soba 80 dərəcə tempraturda işləyir və su səviyyəsini keçdikdən sonra istinin təsirindən rəngi qızarır. Su reduktorun baş hissəsinə damcılayarsa qısa qapanma və ardınca da partlayış baş verə bilər. Məhkəmə şikayət verən şəxs X5 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırkı inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 mart 2024-cü il tarixli MN № ******* nömrəli protokol Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nin daxili xidmət leytenantı Xəzər Mustafazadə tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin daxili xidmət polkovnik-leytenantı Azad Cavadov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin 01 mart 2024-cü il tarixli 072 nömrəli tələbnaməsində Qax şəhəri, Natavan küçəsində yerləşən körpələr evində aşağıdakı tədbirlərin yerinə yetirilməsi tələb edilmişdir: 1) Bağçanı tələb olunan sayda ilk yanğınsöndürmə vəsaitləri ilə təmin etməli. YTQ № 06- 2004 11.1 2) Elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirməli, nasaz naqilləri təmir etməli və nəticəsi barədə akt tərtib edilməlidir. 3) İş vaxtı qurtardıqdan sonra növbətçi işıqlandırma və elektrik qurğuları istisna olmaqla onların dövriyyəsində cərəyanın kəsilməsinə nəzarət etməli. YTQ № 06-2004. 1.4.3 4) Otaqların isidilməsi üçün qeyristandart elektrik qızdırıcı sobalarından istifadə qadağandır. YTQ № 06-2004. 5.12.1 İş materiallarında olan Qax şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri səlahiyyətlərini müvəqqəti icra edən Aygün Nəcəfova tərəfindən Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərova ünvanlanmış təqdimatda göstərilir ki, müəssisədə gün ərzində fasilələrlə 4-5 saat elektrik enerjisi verilir. Ona görə də uşaqların gün rejimində gecikmələr yarandığına üçün müəssisənin elektrik naqillərinin şəhər xəttinə dəyişdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Əmrlər kitabında yazılmış xx.xx.2023-cü il tarixli 2 nömrəli əmrdən görünür ki, dekabr tarixindən müdir vəzifəsi həmin bağçanın tərbiyəçisi X6 həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X10 barəsində tərtib edilmiş 05 mart 2024-cü il il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq həmin protokolla X10 barəsində İXM-nin 518.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki Azərbaycan Respublikası İXMnin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edir. O, İXM-nin 518.1-ci maddəsilə, YTQ № 06-2004 11.1, YTQ № 06- 2004. 1.4.3 və YTQ № 06-2004. 5.12.1-nin tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X9 həmin normada nəzərdə tutulan tələblərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Qax rayon 1 saylı körpələr evi uşaq bağçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixil 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nda uşaq bağçasının müdirinin bağçanı tələb olunan sayda ilk yanğınsöndürmə vəsaitləri ilə təmin etmək, elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirməsi, nasaz naqilləri təmir etmək və nəticəsi barədə akt tərtib etmək, iş vaxtı qurtardıqdan sonra növbətçi işıqlandırma və elektrik qurğuları istisna olmaqla onların dövriyyəsində cərəyanın kəsilməsinə nəzarət etmək vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün X9 tərəfindən dəfələrlə tabe olduğu aidiyyəti qurum - Şəki-Zaqatala Regional Təhsil İdarəsinə, həmin idarənin Qax rayon sektor müdirinə rəsmi məktublarla müraciət olunmuş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X9 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X13 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin rəisi X11 19 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Şikayət təmin edilsin. X5m barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar