Məhkəmə qərarları › İş №3(024)-302/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-302/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-302/2024 29.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1980-ci il tarixdə Kəlbəcər rayonu Zağalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, Kəlbəcər rayonu Ağcakənd kəndində qeydiyyatda olan, Qax rayonu, Qaradolaq kəndində camışçılıq fermasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qax Rayon Məhkəməsinin həyətində Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun ünvanına ucadan nalayiq ifadələr və söyüşlər işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirdi ki, hadisə baş verən gün məhkəməyə dəvət olunmuş, o da gəlmişdir. Düşünmüşdür ki, iclasa 5 dəqiqə qalmış gedib içəri girsin. Zərərçəkmiş şəxs qapının qarşısında dayanmış və ona başına oyun açacağını, o Kələbəcərə gedən zaman ailəsinin yüz oyundan çıxdığını demişdir. Ziyyədinə öz ailəsinin təəssübünü çəkdiyini və gedib öz asiləsinin təəsübünü çəkməsini demişdir. Ziyəddin onun üstünə arxadan gəlmiş, o isə bunu görüb qaçaraq qapıdan içəri girmişdir. Çünki Ziyəddin istəyirdi ki, o onu yenidən vursun. Zərərçəkmiş şəxs 2022-ci ildən ona sataşır. Ziyəddin onu söydüyü üçün o da Ziyəddini söymüşdür. Ziyəddinin üzərinə tüpürməmişdir. Özünü ona görə təqsirli bilir ki, Ziyəddin ona söysə də o söyməməli idi. Məhkəmədən qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o ayın 25-i məhkəməyə Şəxs qarşı təzminatın ödənilməsi ilə bağlı mülki iş üzrə çağırış əsasında gəlmişdir. Həmin gün Bəkir onun, ailəsinin və uşağının ünvanına nalayiq sözlər demişdir. O isə pilləkəni çıxaraq Bəkirə özünü yığışdırmasını demişdir. Bu zaman Bəkir onun üzünə tüpürmüş, ona nalayiq sözlər demişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə, onun özünün etirafı və zərərçəkmiş şəxsin izahatı ilə təsdiqin tapır. Şəxs ictimai yerdə, yəni Qax Rayon Məhkəməsinin inzibati binasının həyətində mübahisə yaratmış, səs-küy salmış, sakitliyi pozaraq ətrafdakı şəxslərə narahatlıq yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddəsini rəhbər tutaraq, Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar