Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-305/2025 29.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Barəsində inzibati protokol tərtib edilmiş "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3580363Nümayəndə2 iştirakı ilə, "xxxx" MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" MMC-in Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3580363Nümayəndə2 məhkəmə iclasında iştirak edir və lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-i 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə1 tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli, EP ******* №li inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, "xxxx"MMC-i 10.000 avro məbləğində vəsait bank vasitəsilə 11 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 10.000 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta 12 avqust 2025-ci il tarixdə törənmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3580363Nümayəndə2 izahatında göstərmişdir ki, "xxxx" MMC-i kənd təsərrüfatı texnikaları və avadanlıqları üçün texnikalar və 10.000 avro dəyərində avadanlıqlar alınmışdır. Ödənişin təyinatında yanlışlıq olduğundan ödənilmış məbləğ sistemdə qeydə alınmamışdır. Buna görədə Mərkəzi bank tərəfindən protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-i 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati iş materiallarında olan "xxxx" ASC-in 12 avqust 2025-ci il tarixli, KB-83/2- 251/2025 №li məktubunun surətindən görünür ki, malların idxalı sənədləri Banka təqdim olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»na dəyişikliklər təsdiq olunmuşdur. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»ın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»ın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Azərbaycan Respublikası Konstitusiyasının 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-i 11 avqust 2023-cü il tarixdə 10.000 avro məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, «Azərbaycan Respublikasının rezident və qeyri rezident həmin xarici valyuta əməliyyatlarının aparılması qaydaları»ın tələblərini pozaraq, ödəniş apardığı həmin tarixdən sonrakı 02 (iki) il müddətində 10.000 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsi sənədini banka təqdim etməməklə 12 avqust 2025-ci il tarixdə İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, hüquqi şəxs "xxxx" MMC-i İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə həmin hüquqi şəxsə İXM-in bu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, "xxxx" MMC-i İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə tətbiq edilməlidir. Hesab edirəm ki, cərimə hesablamaları hadisənin törədildiyi tarixdə çıxarılmış valyutanın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: "xxxx" MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. "xxxx" MMC-nə inzibati tənbeh olaraq hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 10.000 avro valyuta vəsaiti məbləğinin 25% (iyirmi beş faiz) məbləğində, 2.500 avro məbləğində (ödəniş gününə manata olan məzənnə ilə) inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-305/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-305/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver