Məhkəmə qərarları › İş №3(024)-33/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-33/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-33/2024 05.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax rayon prokurorunun köməkçisi X1 iştirakı ilə. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 332.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Qax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Qax rayon prokuroru X5 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarında göstərilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 332.2-ci maddələrində qeyd edilmiş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qax rayon prokurorunun köməkçisi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi (direktoru) X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq Qax rayonu, Şıxlar kəndində yerləşən fərdi təsərrüfatında çalışan işçilərin daşınmasını təşkil etmək üçün sürücü vəzifəsində işləyən X4 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək təxminən son 2 il ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Bundan başqa, hüquqi şəxs Şəxs MMC - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi (direktoru) X7 tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində faktiki olaraq hüquqi şəxsin işçisi X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanununun 34-cü maddəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi “C” kateqoriyalı olduğu halda, yəni “D” kateqoriyasına aid edilməyən avtomobilləri idarə edə bilməsinə baxmayaraq bu tələbi pozaraq “D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edilməli olan “SHAOLİN” markalı 45BL459 dövlət qeydiyyat nişanlı avtobusla təxminən son 2 il ərzində Şəxs MMC-ə aid Qax rayonu, Şıxlar kəndində yerləşən fərdi təsərrüfatda çalışan işçiləri daşımış, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X7 və X2 izahatları və toplanmış digər materiallarla təsdiq olunur. Ona məxsus təsərrüfatda mövsümdə 15-20 nəfər adam işləyir. Həmçinin təsərrüfatını normal şəkildə idarə etmək məqsədilə ona məxsus müxtəlif texnikalar vardır. Təxminən 2023-cü ilin yay fəslində ona məxsus işçiləri daşıyan “SHAOLİN” markalı avtobus Qax rayonu, Qorağan kəndi ərazisində işçisi Bəhruz Məmmədov tərəfindən idarə edilmişdir. X6 izahatında göstərmişdir ki, təxminən 2 ildən artıqdır ki, İsrafil Səfərova məxsus olan Qax rayonu, Şıxlar kəndində yerləşən Şəxs şirkətinə aid fərdi təsərrüfatda çalışan işçiləri İsrafil Səfərovun qardaşı Şükür Rüfətlinin adına olan ‘‘SHAOLİN” markalı 45BL459 dövlət qeydiyyat nişanlı avtobusla evdən işə və işdən evə daşıyır. Təxminən 2023-cü ilin yay fəslində günorta saatlarında idarə etdiyi avtobusla sahədə çalışan işçiləri həmişə olduğu kimi işdən evlərinə aparmışdır. İsrafil Səfərovla aralarında əmək müqaviləsi bağlanması haqqında məlumatı olmamışdır. Sonuncuya məxsus olan ‘TES AQRO” şirkətinə aid fərdi təsərrüfatda çalışan şəxsləri avtobusla daşımaqla bağlı aylıq 400 manat əmək haqqı almış, əmək haqqını Şəxs şirkətinin mühasibi Elçin adlı şəxsdən əlbəəl götürmüşdür. Avtobus idarə etməsinə baxmayaraq sürücülük vəsiqəsinin “C” kateqoriyalı olması ilə bağlı suala cavab verməmişdir. Şəxs MMC-ə məxsus olan fərdi təsərrüfat Qax rayonu, Şıxlar kəndi ərazisində yerləşdiyindən inzibati xəta Qax rayonu ərazisində törədilmiş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanununun 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. İdarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin “C” kateqoriyaları - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulmuşdur. “D” kateqoriyası sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən işçi ilə Xidmətlərin göstərilməsi haqqında əmək müqaviləsi bağlamalıdır. Qax rayon prokurorluğu Şəxs MMC-nin barəsində protokol tərtib etmədən materialı məhkəməyə göndərmişdir lakin, bu hal İXM-nə uyğundur. Belə ki, İXM-nin 103.1-ci maddəsinə görə, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir, Şəxs MMC tərəfindən Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmişdir. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyası daxilində cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar