Məhkəmə qərarları › İş №3(024)-343/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-343/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-343/2023 06.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə Şəxs xx.xx.1988-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 57, mənzil 5-də yaşayan FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 oktyabr 2023-cü il tarixli MN 1894862-939 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 07:00-da arvadı X2 baş nahiyyəsinə 6-7 dəfə yumruqla vurduqdan sonra onu çölə çıxararaq pilləkəndə yıxaraq baş nahiyyəsinə təpiklə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:00-da arvadı X2 baş nahiyyəsinə 6-7 dəfə yumruqla vurduqdan sonra onu çölə çıxararaq pilləkəndə yıxaraq baş nahiyyəsinə təpiklə vuraraq ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs haqqında 06 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1894862/939 saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o Qax şəhərində yaşayır. Zərərçəkmiş şəxs X5 ilə faktiki olaraq evlənmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində arvadı Firəngizlə aralarında mübahisə yaranmış, Firəngiz onun anasının və bacısının arxasınca danışmağa başlamışdır. Firəngizə əhəmiyyət verməməyə çalışsa da, Firəngiz hərəkətlərinə davam etdiyi üçün səbri tükənmiş və onu döymüşdür. Firəngiz də əlindəki telefonla onun başına vurmuşdur. Etdiyi hərəkətinə görə özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxsla faktiki olaraq evlənmişdir. Xeyli müddətdir ki. İsmayılla aralarında münaqişə yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində İsmayılla aralarında mübahisə yaranmış, İsmayıl yumruqla onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq amansızcasına döyməyə başlamış, üz-gözü qan işində olmuşdur. İsmayılın əlindən qurtulmağa cəhd etsə də, buna nail ola bilməmiş, çarəsiz qalaraq əlindəki mobil telefonla onun başına iki dəfə vurduqdan sonra əlindən çıxaraq qaçmışdır. Lakin İsmayıl ondan əl çəkməyərək evin pilləkənində onu yıxaraq yenə də bədəninin müxtəlif nahiyyələrinə amansızcasına vurmağa başlamışdır. Ona dəymiş xəsarətləri əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edir. Şəxsla barışmır və ondan şikayətçidir. Ona görə də məhkəmədən Şəxs barəsində inzibati həbslə əlaqədar tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müstəntiqin “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, həmin tarixdə Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 243 saylı məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsinin verdiyi rəydən görünür ki, X3 açkar olunna xəsarətlər-sol alnında qançır, sağ üst göz qapağında və göz ətrafında qançır, sol göz altında qançır-sıyrıq, sağ alt çənədə qançır, alt dodağın iç səthində sağda qansızma, sifətinin sol yuxarı səthində qançır, sol qulağında qançır, sağ qulaq sırğalığında sırğalıq yerində səthi yara, sağ bazunun yuxarı bayır səthində qançırlar, sol bazunun yuxarı 1/3-də qançır, sol ön aşağı gicgahda yara-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlər oduğu üçün dərəcəsi təyin edilmir. X3 müəyyən edilmiş xəsarətlərin özü-özünə yetirməsi inandırıcı görünmür. Ancaq ki, həmin xəsarətlərin əmələ gəlmə şəraitlərinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Qax RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın və məsuliyyəti yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində iyirmi gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilsin. Şəxs məhkəmə zalından həbsə alınsın. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023-cü il tarixdə saat 11:30-dan hesablansın. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar