Məhkəmə qərarları › İş №3(024)-363/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-363/2025

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-363/2025 09.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon X3 X4 (bundan sonra Qax RPŞ DYPB) Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 03 aprel 1990-cı il tarixdə Qax rayonu, İlisu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər il ərzində eyni inzibati xətaya görə əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, Qax rayonu, İlisu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Şəxs barəsində Qax RPŞ DYPB-sı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Qax rayon Məhkəməsinin 3(024)-363/2025 nömrəli, 13 noyabr 2025-ci il tarixli qərarı ilə (Hakim Mirheydər Zeynalov) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(103)-429/2025 nömrəli, 05 yanvar 2026-cı il tarixli qərarı ilə Qax rayon Məhkəməsinin 3(024)-363/2025 nömrəli, 13 noyabr 2025-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarın ləğvi üçün əsas olaraq göstərilmişdir ki - birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılmamış, tələb olunan hüquqi qiymətləndirmə aparılmamış və nəticədə sübutların obyektiv, tam və hərtərəfli araşdırılması prinsipləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektoru Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, Qax-İlisu yolunda xidmətdə olduğumuz zaman Şəxs xx.xx.2025ci il tarixdə, saat 21:55 radələrində işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, şəxsdən spirtli içki qoxusu gəldiyi üçün alkotester vasitəsilə müayinə ilə onun spirtli içki qəbul etdiyi məlum olmuşdur. Bundan sonra şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmış və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Alkotester müayinəsinin nəticəsi kağız daşıyıcıda pozulmasına baxmayaraq, müayinənin nəticəsi iş materiallarına əlavə olunmuş CD diskdə olan videogörüntüdə aydın görünür. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 12 noyabr 2025-ci il tarixdə, saat 21:55 radələrində, İlisu istiqamətində olarkən YPX əməkdaşları onu saxlamış və spirtli içki qəbul etməsi ilə bağlı alkoqoltestindən keçirmiş və barəsində protokol tərtib olunmuşdur. Özündə olmadığı üçün müayinənin nəticəsi barə məlumatı olmamış və tibbi müayinədən keçirməklə bağlı hər hansı tələbi olmamışdır. Sürücülük vəsiqəsinin olmadığını və əvvəl də sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin hadisə baş verən zaman o içkili olmamış sadəcə xəstəliyi ilə əlaqədar spirt ilə kompres etmişdir. İİ qrup əlildir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etsə də, həmin vaxt sərxoş olmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində iş üzrə icraata xitam verilməsinin xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunan edilmiş alkotest qəbzi şəxsin spirtli içki qəbul etməsini təsdiq edir və xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 0,492 promili alkoqol sərxoşluğunda olması göstərilir. Həmçinin iş materiallarına əlavə olunmuş CD diskdə olan videogörüntüdən görünür ki, alkostester cihazı ilə aparılmış müayinə nəticəsində Şəxs normadan artıq içki qəbul etdiyi və həmin nəticəyə əsasən onun sərxoş vəziyyətdə olması təsdiq olunur. Həmçinin iş materiallarında görünür ki, Şəxs tərəfindən alkoqolun qəbulu faktı xüsusi texniki vasitəsilə şəxsin nəfəsverməsi vasitəsilə yoxlanılmış, müayinənin nəticəsi kağız daşıyıcıda əks etdirən sənəd formasında tərtib olunmuşdur. Şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etməmiş, xüsusi texniki vasitəsilə müayinənin nəticəsindən narazılığını hər hansı şəkildə bildirməmiş və tibbi müayinəyə göndərilməsini tələb etməmiş və faktiki olaraq müayinənin nəticəsi ilə razılaşmışdır. Onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən hər hansı etiraz, izahat və ya imtina halı olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdən və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həmin vaxt nəqliyyat vasitəsini ümumiyyətlə sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair nəticədən görünür ki Şəxs generalizə olunmuş idipatik epilepsiya və epileptik sindiromlar, generalizə olnumuş idipatik epilepsiya və tez-tez təkrarlanan epileptik qıcolma tutmaları xəstəliyi səbəbindən ikinci dərəcəli əlilliyi var. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci dərəcəli əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Cəza təyin edərkən məhkəmə Şəxs sürücülük hüququ olmadan sərxoş halda avtomobili idarə edərək yol-hərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, onun əməlinin ictimai təhlükəliliyini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından vəkil hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************) Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş Qax rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar