Məhkəmə qərarları › İş №3(024)-47/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-47/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-47/2025 30.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs – Qax rayonu Güllük Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə. Qax rayonu Güllük Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 yanvar 2025-ci il tarixli MN ******* №li protokolda göstərilmişdir ki, Qax rayonu, Güllük Bələdiyyəsinin sədri Şəxs Güllük bələdiyyəsinin mütləq təqdim edilməli olan 17 dekabr 2024-cü il tarixli, 14 №li iclasının aktı (qərar) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə qanunvericilikdə nəzərdə tutulan müddətdən gec təqdim etmişdir. Məhkəmə iclasında Qax rayonu, Güllük Bələdiyyəsinin sədri Şəxs izahatında göstərmişdir ki, Qax rayonu, Güllük Bələdiyyəsinin 14 dekabr 2024-cü il tarixli, 14 №li iclas protokolunun protokolunu (qərar) elektron kabinet vasitəsilə Şəki Regional Ədliyyə İdarəsinə göndərməyə cəhd etmiş, sistemdə yaranan texniki problemə görə göndərmək cəhdi uğursuz olmuşdur. Sözü gedən bələdiyyə aktı 12 saat sonra göndərilmişdir. Odur ki, qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi rəis vəzifəsini icra edən Zaur Xəlilov vəsatətlə məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Materiala əlavə edilmiş Qax rayonu Güllük Bələdiyyəsinin mütləq təqdim edilməli olan 14 dekabr 2024-cü il tarixli, 14 №li iclas protokolundan görünür ki, həmin tarixli iclasın gündəliyinə Güllük kən gəncləri futbol məşqlərinin keçirilməsi üçün bələdiyyəyə 1 (bir) ədəd futbol topunun alınması; -Güllük kənd sakini X1 və ailəsinin yaşayış səviyyəinin aşağı olduğunu nəzərə alaraq bələdiyyə büdcəsindən 100 (bir yüz) manat köməklik edilməsini; -Güllük bələdiyyəsi ərazisində fəaliyyət göstərən iki ədəd uşaq bağçasında azyaşlıların yeni il bayramını təbrik etmək məqsədilə hədiyələrin alınması üçün bağça müdirlərinin müraciətlərinə baxılması məsələləri qoyulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 07 yanvar 2025-ci il tarixli, MN ******* №li protokola obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsinə əsasən bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Məhkəmə iclasında və iş materalları ilə müəyyən edilmişdir ki, Qax rayonu, Güllük Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Qax rayonu, Güllük Bələdiyyəsinin sədri Qumaşov X2 Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə İnzibati Xətalar Məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, onun əmlak vəziyyətini, təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, hesab edilir ki, Qax rayon Güllük Bələdiyyəsinin sədri Qumaşov X2 Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Qax rayon Güllük bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar