Məhkəmə qərarları › İş №3(025)-100/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-100/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-100/2023 07.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsi tərəfindən Qəbələ Rayon Məhkəməsinə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburu qaydada köçürülməli olan 2143.51 (iki min bir yüz qırx manat əlli bir qəpik) manat valyuta vəsaiti köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 483-cü maddəsində göstərilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti, üzərinə düşən öhdəliyi icra etməməklə (yəni hərəkətsizlik göstərməklə) müvəkkil edilmiş bankın hesabına məcburi qaydada 2143.51 (iki min bir yüz qırx manat əlli bir qəpik) manat valyuta vəsaitini köçürməmişdir. Göründüyü kimi Şəxs Qapalı Səhmdar Cəmiyyətinə istinad olunan inzibati xəta hadisəsi Qəbələ rayonunun inzibati ərazisində deyil, hüquqi şəxsin öz ünvanında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş baxılması üçün inzibati xətanın törədildiyi ərazi yurisdiksiyası üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar