Məhkəmə qərarları › İş №3(025)-103/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-103/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-103/2022 04.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.02.2022-ci il tarixdə Qəbələ rayonu Mərkəzi Xəstəxanasında münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, 01.02.2022-ci il tarixdə Qəbələ rayonu Mərkəzi Xəstəxanasında münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayon Aydınqışlaq kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 6 ay əvvəl qızı X6 rayon Kiçik Pirəlli kənd sakini X1 ilə ailə həyatı qurub. Əvvəllər münasibətləri normal olmuş, lakin son 3 ayda aralarında münaqişələr baş vermişdir. Baş vermiş münaqişələr səbəbindən 31.01.2022-ci il tarixdə qızı Aysel Məmmədova yaşadıqları evdən çıxaraq ona məxsus evə gəlmişdir. 01.02.2022-ci il tarixdə o, qızı Aysel Məmmədova və arvadı Firəngiz Göyüşova ilə birlikdə Qəbələ rayon mərkəzi xəstəxanasına getdi. Xəstəxananın giriş qapısından çıxan zaman Zərərçəkmiş şəxs və kürəkəni Məhəmməd Məmmədov ilə qarşılaşdılar. Qızı əri Məhəmməd Məmmədovu görən kimi özünü itirdi və vəziyyəti pisləşdikdə onu dərhal xəstəxananın qapısından çölə çıxardı. Qızı huşunu itirərək yıxıldıqda o, xəstəxananın içərisinə girdi və Məhəmməd Məmmədovun üzərinə gedərək onu dartıb xəstəxanadan çıxarmaq istəyən zaman anası Zərərçəkmiş şəxs onların aralarına girdi. O, Məhəmməd Göyüşovu tutub dartrmaq istəyən zaman əli anasının çiyin nahiyyəsinə dəydi. Yaranmış münaqişəni görən yaxınlıqda olan tanımadığı şəxslər yaxınlşaraq onları ayırdılar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Kiçik Pirəlli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 6 ay əvvəl oğlu X3 rayon Aydmqışlaq kənd sakini X2 ilə ailə həyatı qurub. Əvvəllər münasibətləri normal olmuş, lakin son 3 ayda onların münasibətləri pisləşmiş, aralarında münaqişələr baş vermişdir. Baş vermiş münaqişələr səbəbindən 31.01.2022-ci il tarixdə gəlini Aysel Məmmədova yaşadıqları evdən çıxaraq atası evinə getdi. 01.02.2022-ci il tarixdə o, oğlu Məhəmməd Məmmədovla birlikdə Qəbələ rayon mərkəzi xəstəxanasına getdi. Xəstəxananın giriş qapısında qeydiyyata düşən zaman qəflətən Aysel Məmmədovanın və Azər Gövüşovun da xəstəxanadan çıxdıqlarını gördü. Şəxs onları görən kimi qızını xəstəxananın qapısından çölə çıxardı və oğlu Məhəmməd Məmmədovun üzərinə gələrək vurmaq istədikdə o, araya girdi. Oğluna atdığı şillə ona dəvdi. Aralarında yaranmış münaqişəni görən yaxınlıqda olan tanımadıqları şəxslər onlara yaxınlaşaraq onları ayırdılar. 02.02.2022-ci il tarixdə də yenidən o, oğlu Məhəmməd Məmmədovla birlikdə Qəbələ Rayon Mərkəzi xəstəxanasına getdi, orada xəstəxananın içərisində olan zaman Aysel Məmmədova və anası Firəngiz Göyüşova ilə üz-üzə gəldi. Onu görən kimi üzərinə gələrək saclarından tutaraq yoldular və baş nahiyyəmsin bir neçə dələ şillə ilə vurduqda xəstəxanada olan tanımadığı şəxslər onları ayırdı. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 02.02.2022-ci il tarixli, 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ budun arxa yuxarı boyunun sol yuxarı hissəsinin və sol qulaq seyvanının arxa səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 02.02.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 04 mart 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar