Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-106/2023 07.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuş, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 mart 2023-cü il tarixdə Qəbələ rayon ərazisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai qaydanı pozaraq narahat etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 05 mart 2023-cü il tarixdə Qəbələ rayon ərazisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai qaydanı pozaraq narahat etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə toyda içki qəbul edib çıxdıqdan 2 saat sonra əvvəldən iş yoldaşı və tanışı olmuş, Aynur xanıma zəng edib “Çinar” restoranında aşbaz axtardıqlarını demək istədiyi zaman Aynur telefonu söndürmüşdir. Bu zaman Qəbələ şəhərinin mərkəzində olmuş, düşünmüşdir ki, telefonunun konturu bitmiş, bu səbəbdən Aynurun evinə getməyini qərara almışdır. Evinə getməkdə məqsədi ona işləmək istədiyi təqdirdə, işlə təmin etsin. Evinə getdiyi zaman qapını səf saldığı üçün qonşusu Zərərçəkmiş şəxs2 qapısını döymüşdir. Mirəstə qapını açmış, ondan kim olduğunu soruşmuş, o, isə dedi ki, “bura Aynur xanımın evi deilmi?” Cavabında “heç mən Aynur xanıma oxşayırammı?” demişdir. Bundan sonra Mirəstədən üzr istəyib üzünü çevirib getmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Təvəkkül adlı şəxs onun köhnə tanışıdır. 2018-ci ildə həmin şəxslə Zarağan qəsəbəsində yerləşən Maqnulya kafesində işləmişdir. İşdən çıxdıqdan sonra 1-2 dəfə işlərlə əlaqədar onunla telefon əlaqəsi saxlasa da hal-hazırda onunla heç bir əlaqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində qonşusu Mirəstənin qışqırtına həyətə çıxmışdır. Mirəstə ona Təvəkkülün gəlib həyətə girərək onu axtardığını demişdir. Həmin gün bu hadisədən öncə Təvəkkül ona da zəng etmişdir. Bundan sonra “102” xidmətinə müraciət edərək Təvəkkülün onu narahat etməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində hamamdan çıxaraq saçını qurutduğu zaman, bir nəfər şəxsin evin arxa qapısından içəriyə daxil olduğunun görmüşdir. Şəxs içəri girdiyi zaman, o, ona kimin axtardığını soruşmuşdur. Ona “Aynur məni tanımadın” demiş, cavab olaraq ona “mən Aynura oxşayıram?”, “bura Aynurun xarabasıdır?” demişdir. Bu zaman həmin şəxs üzünə baxaraq gülməyə başlamış, əsəbləşib onun üstünə getdiyi zaman, o, qapını örtərək həmin yerdən uzaqlaşmışdır. Arxasınca çölə çıxmış, qapı bağlı olduğu üçün evin hasarı istiqamətində çıxmağa yer axtardığını görmüşdir. Ona “qapı burdan açılır” deyərək evdən qovmuşdur. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak etdiyi şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zəng etmiş, daha sonra Zərərçəkmiş şəxs1 telefonu söndürmüş, onunla əlaqə saxlamaq üçün evinə getmiş, lakin səhfən Zərərçəkmiş şəxs2 evinə girmişdir. Zərərçəkmiş şəxs2 qorxduğundan qışqırmış, bu zaman Şəxs qaçıb getmişdir. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidlərin izahatları ilə Şəxs ictimai qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən xırda xuliqanlıq inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən edilməmiş, bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, xırda xuliqanlıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Başqa sözlə, əməlin xırda xuliqanlıq kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsi işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 06 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə dövlət büdcəsinin hesabından müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-106/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-106/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver