Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-11/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barədə tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilir ki, Şəxs Qəbələ rayonu ərazisində narkotik vasitələrdən istifadə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 tərəfindən icraatına daxil olmuş raport araşdırılarkən Şəxs özünü şübhəli apardığını müəyyən etmiş, bu səbəbdən onu ekspertizaya göndərmişdir. Ekspertiza zamanı Şəxs psixotrop maddə olan tramadoldan istifadə etməsi müəyyən edilmişdir. Belə olub Şəxs barəsində protokol tərtib etmişdir. Protokol tərtib edilən zaman Şəxs izahatı alınmış, sonuncu törətdiyi əməli etiraf etmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə atası Təbriz yaşadığı evə 18:30 radəsində sərxoş vəziyyətdə gəlmişdir. Ona yaşının çox olmasını, spirtli içki qəbul etməməsini, çöldə içməməsini, yaşadığı evdə alıb içməsini demişdir. Buna atası Təbriz ondan incimiş və öz bacısının yanına getmiş, gecə evə qayıdaraq evdə qalmışdır. Səhəri gün təsərrüfatlarına aid bir baş inəyi satıb pulu da götürüb evdən çıxıb getdiyini demişdir. Anası Sərmayə ona demiş ki, atası Bakı şəhərində əmisi qızının evinə gedib. xx.xx.2025-ci il tarixdə yaşadıqları evə gəlmişdir. O, atası ilə mübahisə etsə də, atasına qarşı fiziki zor tətbiq etməmiş və nalayiq ifadə ilşətməmişdir. Hal-hazırda atası ilə aralarında heç bir düşmənçilik münasibəti və ədavətləri yoxdur. Bildiyi qədəri ilə atası Təbriz Bakı şəhərində və Qəbələ rayonunda səhhətində yaranan problemlərlə bağlı, təyziqinin çox olması ilə bağlı müraciət edib. Atası ilə aralarında yalnız sözlü mübahisə baş vermişdir. Atasını söyməmiş və təhqir etməmiş, hər hansı fiziki ağrı yetirməmiş, döyməmiş və vurmamışdır. Atası anasına qarşı sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisədən sonra həmin günü birgə yaşadıqları evdə qalmışlar. Atası ondan inciyərək səhəri günü evdən cıxaraq getmişdir. Atasından hər hansı şikayəti və tələbi yoxdur. Atası sərxoş vəziyyətdə olsa da, o, spirtli içki qəbul etməmişdir. Atası tez-tez əsbləşir və özünü idarə edə bilmir. Bununla bağlı müalicə qəbul etmir. Tramadoldan isə Rusiyada olan zaman dişinin ağrısı üçün istifadə etmişdir bir neçə dəfə. Lakin narkotik vasitələrdən istifadə etmir. İstifadə etdiyi dərmanın qanunsuz olmasını bilməmişdir. Himayəsində yaşlı atası və anası vardır. Onlara işləyərək o baxır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil müfafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşimançılıq keçirməsini nəzərə alıb ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-də sahə rəisi vəzifəsini müvəqqəti icra edir. Qəbələ rayon Mirzəbəyli kənd sakini X1 xəstəxanaya müraciəti barədə Qəbələ rayon Polis şöbəsinə müraciət etmişlər. X2 travma almasını bildirmişlər. Raportla bağlı araşdırma apararkən məlumat almışdır ki, onların ailələrində münaqişə almışdır. Daha sonra Şəxs izahatını almış, izahatını alan zaman onun hərəkətlərinin normal olmadığını görmüşdür. Belə olub Şəxs ekspertizaya göndərmişdir. Ekspertiza zamanı onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, 45 nömrəli rəydə göstərilmişdir ki, psixotrop maddə olan tramadoldan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 11 yanvar 2025-ci il tarixli, 117/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs məxsus sidikdə tramadol aşkar edilmişdir. İşdə olan “X8 Haqqında” protokoldan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə saat 18:30-da tutulmuş, 13 yanvar 2025-ci il tarixdə saat 09:05-də həbsdən azad edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından müəyyən edilir ki, Şəxs 2 gün Qəbələ rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində cərimə növündə inzibati təhbeh tətbiq edilərkən 206-cı maddənin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə cəzasının ¾ hissəsindən artır olmayan cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-11/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-11/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver