Məhkəmə qərarları › İş №3(025)-110/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-110/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-110/2024 15.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuş, Qəbələ rayonu, Qaradeyin kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 15 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barədə tərtib edilmiş 15 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda Şəxs narkotik vasitə olan marixuananı istifadə etməsi, saxlaması və daşıdığına görə, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs Qəbələ rayon, Tövlə kəndinə Mərdan adlı şəxsdən sellofan torbada narkotik tərkibli maddəni 20 manat qarşılığında almışdır, lakin pulu olmadığından sonra verəcəyini demişdir. Daha sonra Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Qəbələ rayon polis şöbəsinə gətirilib dindirilərkən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Bununla bağlı məhkəmə-narkoloji ekspertizası təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəydə də, bu fakt öz təsdqini tapmışdır. Belə olub Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, üzərində aşkarlanan narkotik vasitəni istifadə etmək məqsədi ilə Mərdan adlı şəxsdən almışdır. Satış məqsədi olmamışdır. Son 2 ayda marixuanadan çəkmək üsulu ilə istifadə edir. Mərdan adlı şəxsdən əvvəllər də narkotik vasitə almışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Osmanov X1 Səxavət barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli, 237 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyatda alınması məsləhət görülür. İşdə olan 14 fevral 2024-cü il tarixli “Qərardan” görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nə gətirilmiş və şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Şəxs müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə inzibati təhbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinməklə barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar