Məhkəmə qərarları › İş №3(025)-111/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-111/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-111/2024 15.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 04 aprel 1968-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 15 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barədə tərtib edilmiş 15 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 14 fevral 2024-cü il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi” haqqında qərarı əsasında tərtib edilmişdir. Qırarda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan əldə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs üzərində aşkar olunmuş narkotik vasitə hesab edilən marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının hissəvi rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman Şəxs izahatı alınmış, sonuncu törətdiyi əməli etiraf etmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitədən istifadə edir və istifadə etdiyi narkotik vasitəni o tanımadığı şəxslərdən alırmış, lakin son iki dəfədir ki narkotik vasitəni Qəbələ rayon Hacallı kənd sakini Çinar adlı şəxsdən almışdır. 13 fevral 2024-cü il tarixdə o, Çinar adlı şəxsin istifadəsində olan mobil telefona zəng edərək, ondan narkotik vasitə almaq istədiyini bildirmiş, Çinar isə ona 5239-1517-6173-7272 saylı hesab nömrəsi göndərmiş və həmin hesab nömrəsinə 150 manat pul göndərməsini və ondan xəbər gözləməsini bildirmişdir. O da buna görə Çinar adlı şəxsin hesab nömrəsinə Qəbələ şəhərində “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Sonra isə Çinardan zəng gəlməsini gözləmişdir. Saat təxminən 19 radlərində o, evdə imiş. Çinar ona zəng etmiş ki, yolun kənarına çıx gəlir. O, Mirzəbəyli kəndində yolun kənarına çıxmış və Çinarın gəlməsini gözləmiş, təxminən 15-20 dəqiqə sonra Çinar Vaz 21099 markalı taksi ilə onun yanına gəlmiş, maşını saxlamış, ona iki kirbit qutusunda olan narkotik tərkibli olan maruxananı vermiş, sonra isə getmişdir. O da öz evinə getmək istəyən zaman davranışları yanından keçən polis əməkdaşlarında şübhə yaratmış və bu səbəbdən polis əməkdaşları yaxınlaşaraq ondan kim olduğumu və hara getdiyini, eyni zamanda üzərində narkotik tərkibli maddə olub-olmadığını soruşduqları zamanı o həyəcanlı olduğuna görə cavab olaraq üzərində narkotik tərkibli maddə olduğunu, lakin ətrafda onu tanıyan şəxslərin ola biləcəyinə görə üzərimə şəxsi axtarış keçirilməsini Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmiş və bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, təxminən bir neçə il müddətdir ki, narkotik tərkibli maddələrdən istifadə edir və sonuncu dəfə narkotik tərkibli maddə olan qurudulmuş marixuananı Çinar adlı Qəbələ rayon Hacallı kənd sakinindən 150 manat kart hesabına göndərmək şərti ilə almış, hansı ki üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni Çinardan almışdır. O, əvvəllər də Çinar adlı şəxsdən bir neçə dəfə narkotik maddə əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Həmçinin ibtidai istintaqa da səmimi ifadələr vermişdir. Bu halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil müfafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, narkotik vasitəni ona satan şəxsi ifşa etməklə istintaqa kömək etməsini, əməlindən səmimi peşimançılıq keçirməsini nəzərə alıb ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 14 fevral 2024-cü il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın surəti Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 14 fevral 2024-cü il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən iki ədəd göy rəngli içərisində narkotik vasitəyə bənzər, spesifik iyə malik 1,58 qram və 2,04 qram çəkidə olmaqla, ümumilikdə 3,62 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 3-16- 16-2-17/157 nömrəli 14 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində "Şəxs üzərindən götürülən maddi sübut." yazıları, adlar və imzalar olan 01(bir) edəd zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri- 1,58qram və 2,04qram, ümumi çəkiləri- 3,62qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi Şəxs barəsində olan xx.xx.2024-cü il tarixli 238 nömrəli rəydə göstərilmişdir ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, cinayətkarı ifşa edərək cinayətinin işinin açılmasını köməklik göstərməklə səmimi ifadələr verməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkidə 3,62 qram narkotik vasitə olan – qurudulmuş marixuananın ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmasını, hazırkı halda qurudulmuş marixuananın məhv edilməməsini və gələcəkdə baxılacaq cinayət işi ilə bağlı ona qiymət veriləcəyini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar