Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-118/2022 15.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, İmamlı kəndində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 09 fevral 2022-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ rayonu, Mirzəbəyli kəndində Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetrimişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 03 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində 15 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs 09 fevral 2022-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ rayonu, Mirzəbəyli kəndində Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetrimişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirdi ki, Şəxs 09 fevral 2022-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ rayonu, Mirzəbəyli kəndində Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetrimişdir. Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 03 mart 2022ci il tarixli haqqında qərarı ilə Cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 15 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərmişdir ki, o, 2019-cu il tarixdə Xəyyam Quliyev ilə evlənmişdir. Bir azyaşlı oğlan övladı var. Onun əri Xəyyam ilə aralarında olan münaqişələrə görə 23.09.2021-ci i tarixdən boşanmaq ərəfəsindədirlər. Buna görə də atası onu 23.09.2021-ci il tarixdən öz evinə gətirmişdir. Lakin oğlunu vermədilər. Onlar dəfələrlə oğlunu götürməyə gediblər, lakin onlar buna imkan verməyiblər. 09.02.2022-Cİ il tarixdə atası, o və anası Xatın İsrəfilova ilə birlikdə atasına məxsus avtomobili ilə Mirzəbəyli kəndinə Xəyyamgilini evinə getdilər ki, oğlunu gətirsinlər. Ora gedəndə axşam saat 18:00 radələrindən sonra olardı. Atası avtomobildə gözlədi. O və anası həyətə daxil oldular, qayınanası Zərərçəkmiş şəxs evin qapısının yanında idi. Ona uşağı aparmağa gəldiklərini dedilər. O da “gəlin aparın” dedi. Onlar evə daxil olaraq 3 yaşlı oğlu Fatehi götürüb yola çıxdılar və atasının avtomobilinə mindilər. Onlar gələn zaman Xalidə həyətin qapısından çölə çıxdı və onlara baxdı. Orada hər hansı bir münaqişə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X6 onun gəlinidir. Gəlini oğlu Xəyyam Quliyev ilə 2019-cu il tarixdən evlidir. Onların 3 yaşlı bir oğlan övladları vardır. Onlar 23.09.2021-ci il tarixdən boşanmaq ərəfəsindədirlər. Həmin vaxtdan gəiini Ayşən nəvəsini onlarda qoyaraq atası evinə getib. Onun valideynlərinə və özünə uşağı onlara verə biləcəklərini demələrinə baxmayaraq onlar etiraz etdilər Mediasiya şöbəsində də onlar uşaqdan imtina etdilər. 09.02.2022-ci il tarixdə saat 16 radələrində əri Mehdi nəvəsini bağçadan gətirdi, özü isə çayxana getdi. Evdə azyaşlı nəvəsi ilə tək idi. Axşam tərəfi saat təxminən 7-yə qalmış evdə olan zaman qəflətən gəlini Ayşən, atası Elxan İsrəfilov və anası Xatın İsrəfilova evə daxil oldular. Elxanın əlində dırmıq aləti var idi. Onların üçü də onun üzərinə gəldi. Elxan dırmığın dəstəyi ilə onun sinəsindən geri itələdi, geriyə hərəkət etdiş Bu zaman gəlini Ayşən onun üzərinə hücum edərək nalayiq ifadələrlə təhqir etdi, sinəsinə əlləri ilə zərbələr vurmağa başladı. Onun əllərindən tutmağa çalışdı, lakin bu zaman onun anası Xatın qolundan tutaraq itələdi. Arxası üstə divara dəydi, bu zaman Ayşən onun nəvəsini götürərək evdən çıxdı. Onun arxası ilə isə anası və atası da qaçıb getdilər. Dərhal oğlu Xəyyama zəng etdi, təxminən 10 dəqiqə sonra isə övladları gəldilər və 102 xidmətinə məlumat verdilər. Mübahisə zamanı Elxanı, Xatını və ya Ayşəni vurmayıb. Həmin zaman orada başqa kimsə olmayıb, 2021-ci ilin sentyabr ayında da gəlini onu vurub və təhqir etmişdi. Sonda isə zərərçəkmiş şəxs Quliyeva X3 Ayşən Elxan qızı ilə barışmadığını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnşn əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, qızı Ayşən 2019-cu il tarixdə Xəyyam Quliyev ilə evlənmiş, bir azyaşlı oğlan övladları vardır. Onlar 23.09.2021-ci il tarixdən boşanmaq ərəfəsindədirlər. Qızı ilə əri arasında münaqişələr olduğundan 23.09.2021-ci il tarixdən qızını öz evinə gətirdi, lakin nəvəsini vermədilər. Dəfələrlə nəvəsini götürməyə getmiş, lakin onlar buna imkan verməyiblər. 09.02.2022-ci il tarixdə qızı Ayşən və yoldaşı Xatın İsrəfilova ilə birlikdə özünə məxsus avtomobili ilə Mirzəbəyli kəndinə Xəyyamgilin evinə getdilər ki, nəvəsini gətirsinlər. Ora gedəndə axşam saat 18 radələrindən sonra olardı. Özü avtomobildən düşmədi, qızı ilə yoldaşına gedin uşağı götürün gəlin dedi. Onlar da ikisi gedərək təxminən 2 dəqiqə sonra uşağı götürüb gəldilər. Daha sonra avtomobillə öz evlərinə gəldilər. Gələn zaman Xalidə həyətin qapısından çölə çıxdı və onlara baxdı. Orada hər hansı bir münaqişə olmamışdır. Nə o, nə qızı, nə də ki, yoldaşı Xatın Zərərçəkmiş şəxs vurmamışdır. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön sağ yuxarı hissəsinin, sağ saidin ön orta 1/3-nin və sol əlin üst səthinin qançırı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni 09 fevral 2022-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxsnun izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Bu xəsarətlərin tərəflər arasındakı münaqişə ilə nə qədər əlaqəli olması barədə ekspert qarşısında konkret suallar qoyulmamış və buna uyğun cavablar alınmamışdır. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Cavidan Əhmədli tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-118/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-118/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver