Məhkəmə qərarları › İş №3(025)-132/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-132/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-132/2024 11.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Toplanmış materialdan görünür ki, 22 dekabr 2023-cü il tarixdə saat 08:30 radələrində Şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus Toyota Carolla markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Bum qəsəbəsi istiqamətində sağdan birinci hərəkət zolağından sola ikinci hərəkət zolağına, yolun hərəkət hissələrini bir-birindən ayıran qoşa xəttə doğru manevr edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, və həmin Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələblırini pozmaqla idarə edərkən ehtiyatsızlıqdan avtomobilin sol yan tərəfi ilə Bum qəsəbəsi istiqamətində soldan birinci hərəkət zolağı ilə öz hərəkət yolunda Qəbələ rayon tərəfi ilə Bum qəsəbəsi istiqamətində soldan birinci hərəkət zolağı ilə öz hərəkət yolunda Qəbələ rayon Bum qəsəbəsi istiqamətdə Zərərçəkmiş şəxs müvafiq kateqoriyalı sürücülük hüququ olmaqla ayıq vəziyyətdə “Yol hərəkəti haqqında” Azərbaycan Resublikası Qanunun tələblərini pozmadan idarə etdiyi özünə məxsus Mercedes Benz C180 markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hisəssi toqquşmuş, nəticədə Şəxs özü sağlamlığın üzün müddətə pozulmasına səbəb olan dərəcəsinə görə az ağır dərəcəli bədən xəsarəti almış, Rütəm Maqsudova isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə yüngül bədən xəsarəti almış, Zərərçəkmiş şəxs isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Loğman Abdulxalıqovun 15 fevral 2024cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X1 tərəfindən 21 fevral 2024-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, özünə məxsus Toyota Carolla markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 dekabr 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində həmin avtomobili idarə edərək Qəbələ şəhəri, 28 may küçəsi ilə orada yerləşən uşaq bağçasının qarşısına gəlmiş , övladını bağçaya düşürmüş , avtomobilinə əyləşib bir qədər Bum qəsəbə istiqamətinə getmiş ki, yolun ortasındakı kəsik xətlərdən, yəni, icazə verilən yerdən geriyə dönərək evə getsin. Üzü Bum qəsəbə istiqamətində sağdan birinci zolaqda imiş. Hərəkətdə ola-ola avtomobilin sola dönmə işığını yandırmış, avtomobilin sol yan güzgüsündən arxaya yola baxdıqda gələn avtomobil görməmiş, həmçinin, irəlidə də avtomobil olmadığına görə dayanmadan hərəkətə davam edərək dönmə əməliyyatını icra etmək istəmiş, elə təxminən 15 km/saat sürətlə 4 metr məsafə qət etmiş və yolun hərəkət hissələrini ayıran qoşa xəttin üzərinə çatmışdır ki, çox qısa məsafədən arxadan bir avtomobilin gəldiyini görmüş, heç nə edə bilməmiş və həmin avtomobil onun avtomobilinin sol yan tərəfindən vurmuş, toqquşma baş vermişdir. Hər iki avtomobil dayanmış, oraya adamlar toplaşmışlar. Xatırlamadığı şəxslər hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmış, xəsarət aldığı üçün Qəbələ rayon mərkəzi xəstəxanasına aparılmış , müayinə olunaraq evə buraxılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, özünə məxsus Mercedes Benz C 180 markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 dekabr 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində həmin avtomobili idarə edərək Qəbələ şəhəri, 28 may küçəsi ilə orada yerləşən Peşə məktəbinin, uşaq bağçasının qarşısı ilə üzü Bum qəsəbəsi istiqamətində təxminən 60-65 km/saat sürətlə hərəkətdə imiş, iş yerinə hərbi hissəyə gedirmiş. Avtomobilində başqa kimsə olmamışdır. Avtomobilini iki zolaqlı hərəkət yolunun sol hərəkət zolağı ilə, yəni, qoşa xəttə yaxın olan zolaqda idarə edirmiş. Bu zaman qarşısında Şevrolet Niva markalı bir avtomobil, Şevrolet Nivanın qarşısında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı başqa bir avtomobil də hərəkət edirmiş. Şevrolet Niva markalı avtomobil yolun sağına avtomobilini çəkərək səkiyə tərəf avtomobilini sıxmış, onun qarşısında olan başqa bir avtomobil də yoxa çıxmışdır. Həmin avtomobili görməmişdir. Qəflətən təxminən 10 metr məsafədən yolun sağındakı Şevrolet Niva markalı avtomobilin qarşısından həmin avtomobilin tam olaraq yolun ortasında, hərəkət yoluna doğru hərəkət etdiyini görmüş, dərhal əyləci basmış və avtomobilini sola, əks istiqamətli yola doğru çəkmişdir. Həmin vaxt əks istiqamətli yolda avtomobilinin ön hisəssi ilə həmin avtomobilin, yəni, Tayota Carolla markalı avtomobilin sol yan tərəfi toqquşmuşdur. Avtomobil əks yolda, Toyota markalı avtomobil isə yolun ortasında çevrilib dayanmışdır. Avtomobildən düşmüş, Toyota markalı avtomobilin sürücüsü isə adını sonradan bildiyi Vüqar adlı şəxs avtomobilində qalmışdır, xəsarət almış, qışqırmış, oraya adamalar toplaşmış, təcili tibbi yardım avtomobili çağrılmış, Vüqarı xəstəxanaya aparmışlar. Özü isə başından xəsarət almış,lakin həmin vaxt xəstəxanaya getməmiş, hadisə yerində dayanaraq polis əməkdaşlarını gözləmiş, polis əməkdaşları ilə birgə hadisə yerinə keçirilən baxışda iştirak etmiş, sonra xəstəxanaya müraciət etmişdir. Sonda isə Şəxs qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X1 tərəfindən tərtib edilən 21 fevral 2024-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokolla, tərəflərin izahatlar və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığının məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar