Məhkəmə qərarları › İş №3(025)-140/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-140/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-140/2021 26.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən parkda - ictimai yerdə nəlayiq ifadələr söyləmiş və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən ictimai ərazidə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prosektində yerləşən "Ruhlar" adlanan parkın yanında idi. Həmin vaxt, spirtli içki qəbul etmişdir. "Ruhlar" parkının yanındakı taxta hasarlara söykənən zaman, həmin taxtalar çürük olduğundan dibindən sınaraq yıxılmışdır. Həmin yerdə başqa heç bir problem yaratmamışdır. Gözündəki xəsarət isə ona görə yaranmışdır ki, həmin yerdə yıxılarkən ağzı üstə düşmüş və gözü göyərmişdir. Bundan sonra, sınmış taxtaları bir yerə yığmağa çalışmışdır. İçkili olub hasarın taxtalarının sındırmasına görə çox peşimandır, lakin, tərəfindən hər hansı bir xuliqanlıq hərəkətlərinə yol verilməmişdir. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:45 radələrində İ.Ə.D-nin sədri Dəmir Bağırov ona telefonla zəng edib bildirmişdir ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Ruhlar” parkının ərazisində taxta hasarı kimsə sökür. Məlumatı alan kimi həmin əraziyə getmiş, orada görmüşdir ki, Ə.Bağırov küçəsinin sakini Şəxs hasarın bir hissəsini sökmüşdir. Artıq hadisə yerinə gələndə Şəxs hasarı sökərək yararsız hala salmışdır. Şəxs sərxoş vəziyyətdə idi. Elçin ona qarşı heç bir nalayiq ifadə işlətməmiş, uca səslə qışqırıb camaatın diqqətini cəlb etməmişdir. Qısa zaman ərzində əraziyə parkın icraçı direktoru R.Əhmədov, sahə rəisləri və PPX-nın rəisi gəlmişdirlər. Növbəti gün xx.xx.2021-ci il tarixdə hadisə barədə Qəbələ rayon Polis şöbəsinə İcra nümayəndəliyi tərəfindən rəsmi məlumat verilmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:05 radələrində Qəbələ şəhəri İnzibati Dairəsi üzrə Nümayəndəliyinin sədr müavini Eyvaz Kazımov ona zəng edərək Qəbələ şəhər H.Əliyev prospektində yerləşən Ruhlar adlanan parkın kənarındakı taxta hasarları kimsə dağıtdığını bildirmişdir. Dərhal oraya getdikdə əvvəldən də tanıdığı Qəbələ şəhər sakini Şəxs sərxoş vəziyyətdə olduğunu, yanında Eyvaz Kazımovun durduğunu və parkın kənarındakı hasarın bir hissəsi dağıdıldığını görmüşdür. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak etdiyi şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs sərxoş vəziyyətdə xx xxxxxx 2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Ruhlar” parkının ərazisinə çəkilmiş taxta hasarın üzərinə söykənərək yıxılmış, nəticədə taxta hasarın bir hissəsi sındırılmış, Şəxs isə xəsarət almışdır. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidlərin izahatları ilə Şəxs ictimai qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirib onu tədqiq edərkən məhkəmə müəyyən etmişdir ki, Şəxs “Ruhlar” parkının ərazisinə çəkilmiş taxta hasarın bir neçə sınmış taxtalarını yolun qırağına yığmış, onun hərəkətləri qərəzli deyil, həmçinin ictimai qaydanı pozmağa yönələn olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan xırda xuliqanlıq inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən etməmiş bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, xırda xuliqanlıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Başqa sözlə, əməlin xırda xuliqanlıq kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar