Məhkəmə qərarları › İş №3(025)-141/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-141/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-141/2024 27.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X7, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1985-ci il fevralın 15-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 27 fevral 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayış evində arvadı X4 döyərək, qəsdən fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 27 fevral 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X10 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayış evində arvadı X4 döyərək, qəsdən fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Əvvəllər aralarında hər hansı münaqişələr baş verməmişdir. Təxminən 4 ay əvvəl arvadı Zərərçəkmiş şəxs Vəndam qəsəbə sakini Niyaməddin Paşayev ilə münasibətinin olduğundan şübhələnmiş, özünə bu barədə məlumat verdikdə isə yalan olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 07:00 radələrində arvadı işə getmək məqsədi ilə yaşadıqları evdən çıxmış, pilayada yolun kənarı ilə Vəndam qəsəbəsindin mərkəzinə doğru hərəkət etməyə başlamış, taksi ilə arvadının hara gedəcəyini müəyyən etmək üçün dalınca düşmüş, X9 işlətdiyi mağazanın qarşısına çatdıqda sonuncunun özünə məxsus "Niva" markalı avtomobil ilə arvadına yaxınlaşmış, avtomobilin sürətini azaltmış, arvadı ilə bir neçə saniyə söhbət etdikdən sonra ondan uzaqlaşaraq getmişdir. Niyaməddin Paşayev özünə məxsus mağazaya girdikdə arvadı Zərərçəkmiş şəxs da ona məxsus mağazaya girmiş, təxminən 5 dəqiqə onlar mağazada söhbət etdikdən sonra mağazadan çıxdıqda arvadına yaxınlaşmış, nə üçün mağazaya girdiyini soruşmuşdur. X3 olan 3490 manat borclarını istədiyini, bu səbəbdən də mağazaya girdiyini demişdir. Əsəbləşərək arvadına onu atası evinə aparacağını bildirmiş və yaxınlıqda olan taksi fəaliyyəti göstərən Orxan adlı şəxsin avtomobilinə əyləşmiş, avtomobilə əyləşən zaman arvadı Zərərçəkmiş şəxs Niyaməddin Paşayevə zəng edərək telefonu ona vermək istədikdə iki dəfə onun sifət nahiyyəsindən yumruqla vurmuş və telefonu almışdır. Arvadını isə atasına məxsus evə, yəni Mingəçevir şəhərinə aparmış, daha sonra isə "Azercell"in rəsmi ofisindən arvadımın istifadəsində olan mobil nömrəyə gələn zəngləri çıxaran zaman həqiqətən də onun Niyaməddin Paşayev ilə mütəmadi olaraq telefon əlaqəsi saxladığını müəyyən etmişdir. Etdiyi əməldən peşmandır. Hal-hazırda birgə nikahdan doğulmuş 2 övladı da onun yanındadırlar. Bu halın nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında göstərdi ki, 2007-ci ildə Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarındann iki övladları dünyaya gəlmişdir. Əvvəllər aralarında hər hansı münaqişə baş verməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 07:30 radələrində Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində yeni işə düzəldiyi "Emil" marketə gedən zaman Qəbələ rayon Vəndam qəsəbə sakini X6 özünə məxsus olan "Niva" markalı avtomobil ilə onun yanına yaxınlaşmış, avtomobilin sürətini endirərək pəncərədən başını çıxararaq işlətdiyi mağazaya olan borclarını verməli olduqlarını, lakin ərinin onun zənglərinə cavab vermədiyini demiş və uzaqlaşaraq getmişdir. O, öz yoluna davam edərək qəsəbənin mərkəzinə çatan zaman ərinin onu gözlədiyini görmüş, ona yaxınlaşan zaman nə üçün Niyaməddin Paşayevə məxsus mağazaya getdiyini soruşmuş, ərinə Niyaməddin Paşayevin onu yolda görərək dediyini bildirmiş, əri İsmayılda əsəbləşərək onu atasına məxsus Mingəçevir şəhərində yerləşən evə aparacağını demişdir. Daha sonra yaxınlıqda olan Orxan adlı şəxsə məxsus avtomobilə əyləşməyini tələb etmiş, avtomobilin arxa oturacağına əyləşmiş, əri isə ön oturacağa əyləşmişdir. Yolda gedən zaman Niyaməddin Paşayevə zəng edərək mobil telefonu danışması üçün ərinə verdikdə onun telefonu almış və sifət nahiyyəsinə çırpmış, münaqişə daha da böyüməsin deyə ona cavab verməmişdir. Əri onu atasına məxsu evin qarşısında düşürmüş və çıxıb getmişdir. Hal-hazırda İsmayılla barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 canlı şəxsin ekspertizasının 43 nömrəli rəyindən görünür ki, X1 gözaltı nahiyyənin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdədə və şəraitdə, yəni 25 yanvar 2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığıa zərər vurmayan bədən xəsarətinə aidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1\14 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və yetkinlik yaşına çatmayan uşaqlarının hazırda onun himayəsində olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar