Məhkəmə qərarları › İş №3(025)-142/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-142/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-142/2022 28.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1961-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 28.03.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1283/2015 nömrəli, 01 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddia təmin edilmiş, Şəxs 10.09.2008-cı il təvəllüdlü Gülay adlı uşağa münasibətdə atalığı müəyyən edilmişdir. Qəbələ rayon qeydiyyat şöbəsinə, ata qrafasında Şəxs, ana qrafasında Zərərçəkmiş şəxs, doğum yeri Qəbələ rayonu, doğum tarixi 10.09.2008-ci il tarixi göstərilməklə X4 adına doğum haqqında şəhadətnamənin verilməsi həvalə edilsin. 10 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 2(025)-313/2009 saylı, 11 sentyabr 2009-cu il tarixli məhkəmə əmri əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 60 (altmış) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti 01 oktyabr 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli hökmü ilə Şəxs icra sənədləri üzrə aliment öhdəliklərini yerinə yetirmədiyi üçün AR CM-nin 306.1-maddəsinə əsasən iki il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21.05.2021-ci il tarixdə cəzasının müddəti bitdikdən sonra tələbkara 28.03.2022-ci il tarixə kimi yalnız 327 manat məbləğində aliment ödəmişdir. Hal-hazıradək borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır, 15.03.2022-ci il tarixə aliment borcu 4750 manat təşkil edir. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən alimenti ödəməkdən qəsdən yayınmamışdır. Maddi imkanı olarkən alimenti ödəyir. Hal-hazırda işləmir. Maddi imkanı olan kimi aliment borcunu ödəyəcək. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs qərəzli şəkildə alimenti ödəməkdən yayınır. Dəfələrlə ondan alimenti ödənilməsini tələb etsə də, ödəməmişdir. Sonda isə məhkəmədən borclu Şəxs barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyd edilən qətnamənin icrasından yayınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsi işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 06 manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına 12 manat əmək haqqı ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar