Məhkəmə qərarları › İş №3(025)-149/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-149/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-149/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı xx xxxxxxx 2018ci il tarixli icra vərəqəsinə əsasən xx xxx 2015-ci il tarixdə anadan olmuş X5 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər bir üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq X2 verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X8 3 (üç) yaşına çatanadək Şəxs X1 xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Daha sonra Qəbələ Rayon Məhkəməsinin 2(025)-488/2020 saylı xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı ümumilikdə 280 manata qədər artırılmışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarında göstərilən borc məbləğini ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən məhkəmə aktını icra etməməyinin səbəbi hal-hazırda maddi vəziyyətinin olduqca pis olmasıdır. Hal-hazırda işsizdir. Pandemiya ilə bağlı olaraq iş tapa bilmir. Bu səbəbdən bu ödənişi həyata keçirə bilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə borcu ödəməkdən yayınır. Uşaqlara təkbaşına baxa bilmir, maddi köməyə ehtiyacı var. Uşaqlardan biri xəstədir, müalicə üçün pula ehtiyac var. Sonda isə borclu Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclunun müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyd edilən qətnamənin icrasından heç vaxt qəsdən yayınmamışdır. Halhazırda maddi imkanı olduqca ağır olduğundan borcu ödəyə bilmir. Sonda isə məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar