Məhkəmə qərarları › İş №3(025)-15/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-15/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-15/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Xırxatala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2019412) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:45-də Qəbələ rayonu, Xırxatala kəndində ictimai asayişi mühafizə edən Qəbələ RPŞ əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Xırxatala kəndində yaşayır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır və ailənin yeganə qazanc gətirən şəxsidir. xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində məişət tullantılarının yandırmaqla topladığıqalıqları araba ilə daşıyaraq Qəbələ rayonu Xırxatala kəndi ərazisindən keçən çayın kənarına boşaldarkən avtopatrulda xidmət edən polis əməkdaşları tərəfindən saxlanılmış və ətraf mühiti çirkləndirməsi barədə sənədləşmə apararaq onlarla birlikdə polis şöbəsinə getməsi tələb olunmuşdur. Maddi vəziyyətinin pis olması və uşağının müalicə xərclərini ödəməyə vəsaiti olmaması səbəbindən ətraf mühitin çirklənməsinə görə cərimə olunacağı ona pis təsir etmiş və özündən çıxaraq polis əməkdaşları ilə yüksək tonla danışaraq tabesizlik göstərmişdir. İş üzrə şahid X2 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində polis nəfəri X5 ilə birlikdə Qəbələ rayonu, Xırxatala kəndi ərazisində xidmətdə olarkən 1 nəfər şəxsin (Şəxs) məişət tullantılarını araba ilə daşıyaraq çayın kənarına tökməsini müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan kim olduğunu soruşmuşlar. Həmin şəxs özünü təqdim etməmiş və hadisə yerindən getməyə cəhd göstərmişdir. Onun arxasınca yaşadığı ünvanadək gedilərək ona məişət tullantıları ilə ətraf mühiti çirkləndirməsinin qanun pozuntusu olduğunu izah edilmiş, lakin o, edilən izahlara əhəmiyyət verməmiş və uca səslə qışqıraraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxslə profilaktik söhbətlər aparıb sakitləşdirməyə bir neçə dəfə cəhlər etsələr də nəticəsi olmamış, o, uca səslə qışqıraraq nalayiq ifadələr işlətməkdə davam etmişdir. Onun hərəkətləri digər kənd sakinlərinin həmin yerə toplaşmasına səbəb olmuşdur. Ona görə də, əlavə polis əməkdaşları çağırılaraq X4 rayon Polis Şöbəsinə gətirilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X5 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022618 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da AR İXM-nin 535.1-ci maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu, Xırxatala kəndində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar