Məhkəmə qərarları › İş №3(025)-151/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-151/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-151/2022 06.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1991-ci il noyabrın 06-da Qəbələ şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 aprel 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 03.02.2022 – 26.02.2022-ci il tarix aralığında Qəbələ şəhər mərkəzində yerləşən "xxxx"dən müxtəlif vaxtlarda 405,51 manat məbləğində müxtəlif markalı yağ oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 aprel 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 göstərdi ki, Şəxs 03.02.2022 – 26.02.2022-ci il tarix aralığında Qəbələ şəhər mərkəzində yerləşən "xxxx"dən müxtəlif vaxtlarda 405,51 manat məbləğində müxtəlif markalı yağ oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, Qəbələ şəhərində yaşayır və heç bir yerdə işləmir. Maddi gəliri olmadığı üçün 03.02.2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Mütəmadi olaraq al-ver etdiyi, Qəbələ şəhərində yerləşən “Oba” marketə getmişdir. Orada süd və süd məhsulları satılan bölməyə keçmiş və bir ədəd təxmini qiyməti 18 manat olan yağ götürmüşdür. Yağı əynində olan isti gödəçənin içərisinə yerləşdirmiş və marketdən çıxaraq yaşadığı evə getmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra yenə də yaşadığı evdə yağ olmadığını müəyyən edərək yenidən “Oba” marketə gəlmişdir. Həmin vaxtdan sonra maddi imkanı olmadığı üçün pulu qutardıqda marketə gedərək yağ oğurlamağa, oğurladığı yağların bir qismini yaşadığı evdə yeməyə, bir qismini isə digər rayonlara apararaq tanımadığı şəxslərə satmağa başlamışdır. Həmin yağların satışından əldə etdiyi gəlirinin bir qismini həbsdə olan atasına göndərmiş, bir qisminə yol xərci kimi istifadə etmiş, bir qisminə isə narkotik vasitələr almışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdə administrator vəzifəsində işləyir. 27.02.2022-ci il tarixdə marketin kameralarına baxan zaman Şəxs marketin yağ satılan bölməsinin qarşısında olduğunu və oradan 1 ədəd “Vest Gold” markalı yağı götürərək isti gödəkçəsinin altında gizlədərək oğurladığını görmüşdür. Kamera görüntülərinin bir qisminə baxaraq Qəbələ RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda oğurlanmış yağların ümumi dəyərinin 405,51 manat olduğu göstərilmişdir. Lakin Qəbələ rayon Polis şöbəsinin əməkdaşları yalnız kamera görüntülərinə düşən yağların qiymətini hesablamışlar. Bu səbəbdən səhv nəticəyə gəlinərək qərar qəbul edilmişdir. Onlara dəymiş ümumi ziyan isə 1015 manatdır. Belə ki, marketdə olan kamera bəzi vaxtlarda işləməmişdir. Lakin ümumiyyətlə 1015 manat dəyərində yağ mağazadan oğurlanmışdır. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, eyni zamanda inzibati xəta haqqında işdə oğurluq cinayətinin əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, toplanmış materiallar isə prokurora göndərilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatından görünür ki, “Oba” marketdən ümumiyyətlə 1015 manat məbləğində yağ oğurlanmışdır. Təhqiqatçı rədd qərarında Zərərçəkmiş şəxs izahatında mağazaya dəymiş ziyanın 405,51 manat olduğunu qeyd etsə də, Müşviq Əlifov məhkəmə iclasında dəymiş ziyanın 1015 manat olduğunu qeyd etmiş və bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etmişdir. Təhqiqatçı isə bu halları araşdırmadan və həmin məsələyə münasibət bildirmədən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Təhqiqatçı rədd qərarında Şəxs ayrı-ayrılıqda oğurladığı yağların qiymətinin heç bir fakt üzrə 100 manatı aşmadığını, bu səbəbdən CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin yaranmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən rədd qərarına baxıldıqda təhqiqatçı tərəfindən dəymiş ziyanın 405,51 manat yoxsa 1015 manat olmasının araşdırılmadığı, həmin məsələyə münasibət bildirilməməsi müəyyən edilmişdir. Nəticədə dəymiş ziyanın 1015 manat olması ehtimalı düşünüləndə, Şəxs ayrı-ayrılıqda oğurladığı yağların qiymətinin 100 manatı aşmaq ehtimalı olduğu, bu zaman isə onun CM-nin 177.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması ehtimalı vardır. Bütün bu hallar araşdırılmadan Şəxs hazırkı halda Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi isə mümkün deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, oğurlanan ərzaq məhsulu "xxxx" MMC-yə məxsus olsada MMC zərərçəkmiş şəxs kimi tanınmamış və bu barədə ümumiyyətlə araşdırma aparılmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Nizamlı 09 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs hərəkətlərində vahid niyyətin olmadığını qeyd etmişdir. Lakin hansı əsaslarla Şəxs əməlinin vahid niyyətlə əhatə olunmamasını əsaslandırmamış, Şəxs bununla bağlı zəruri sualları verməmişdir. Həmçinin həmin ərzaq məhsullarının kimə satılması, əldə olunan vəsaitin hara xərclənməsi(o, məhkəmədə verdiyi ifadəsində pulların bir qisminin narkotik vasitə alınmasına xərclədiyini bildirmişdir) araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, Şəxs əməli vahid niyyətlə əhatə olunmadığı təqdirdə, inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən hər oğurluq hadisəsi ilə bağlı ayrıca protokol tərtib edilməli olduğu halda, bir protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddəyə verilmiş «Qeyd»ə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən xırda talama kimi hərəkətlər edilmədiyindən onun İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin onun hərəkətlərində təkrarən oğurluq cinayətinin əlamətləri olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, material yenidən araşdırılması üçün prokurora göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində tərtib edilmiş MN ******* nömrəli 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar Qəbələ Rayon prokuroruna göndərilsin. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar