Məhkəmə qərarları › İş №3(025)-152/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-152/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-152/2021 01.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ Rayon Prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Şahmurad Sadıqzadənin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon prokuroru baş ədliyyə müşaviri Nazim Babayevin xx xxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün Qəəblə Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və toplanmış materialdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində münaqişə zəminidə “Su tayı” istirahət mərkəzinin giriş hissəsində dayanmış bibisi oğlu Zərərçəkmiş şəxs2 məxsus “Lada-Qranta” markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını balta ilə vurub sındıraraq avtomaşına 80 manat məbləğində zərər yetirdikdən sonra istirahət mərkəzinin yuxarı istiqamətinə gedib özü ilə gətirdiyi balta ilə orada dayanmış əmisi X5 məxsus “Nissan- Sunny” markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını sındırıb avtomaşına 90 manat məbləğində maddi zərər yetirmiş, ümumilikdə 170 manat dəyərində özgə əmlakını qəsdən zədələmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ Rayon Prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Şahmurad Sadıqzadə izahatında bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində münaqişə zəminidə “Su tayı” istirahət mərkəzinin giriş hissəsində dayanmış bibisi oğlu Zərərçəkmiş şəxs2 məxsus “Lada-Qranta” markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını balta ilə vurub sındıraraq avtomaşına 80 manat məbləğində zərər yetirdikdən sonra istirahət mərkəzinin yuxarı istiqamətinə gedib özü ilə gətirdiyi balta ilə orada dayanmış əmisi X5 məxsus “Nissan-Sunny” markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını sındırıb avtomaşına 90 manat məbləğində maddi zərər yetirmiş, ümumilikdə 170 manat dəyərində özgə əmlakını qəsdən zədələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 06-07 radələrində o və atası **-BK-*** ON “Chevrolet Niva” markalı avtomobillə evdən təxminən 10-15 dəqiqəlik məsafədə olan istirahət mərkəzinə getdilər. Maşını da atası idarə edirdi. Gedərkən maşında balta və konisterdə benzin var idi. Onların oraya getməkdə məqsədi əmisi Azər, oğlu Çingiz və bacısıoğlu Dünyadı qorxudaraq obyektdən çıxarmaq idi. Çünki həmin obyektə faktiki onlar yiyəlik edirdi. Həmin obyektə girərkən girişdə atası maşını saxladı və girişdən 50 metr qalmış kolluqdan ağ üstü güllü olan mələfəyə büküb arxa oturacağın üzərinə nəsə qoydu. Onların məqsədi əvvəl yuxarı qalxıb obyektə baxmaq idi. Yuxarı onlar qalxdıqda orada əmisi Azəri və bibisioğlu Dünyadı gördülər. Onlar dərhal otaqları qapısını yoxladılar və aşkar etdilər ki, otaqların qapısının zamokları əmisigil tərəfindən dəyişdirilib. Onlar heçnə etmədən aşağıya doğru piyada gəldi. Maşına çatdıqda atası ilə evdən çıxmazdan əvvəl razılaşdığı kimi planı reallaşdırdılar. Belə ki səhər evdən çıxdıqdan sonra maşında atası ona yolda olarkən demişdi ki, “dünən onlar maşınla mənim yolumu kəsmişdilər, gedək ora əgər bizi yenidən oraya buraxmasalar sən maşında olan benzini götürüb maşınların şüşəsini qırıb onları qorxudarsan, məndə silahla onları hədələyərəm”. O, atası silah deyərkən baltanı və ya armatur qırığı nəzərdə tutduğunu düşündü. Həm də məsələnin bu dərəcə də böyüyə biləcəyini düşünmürdü. Bundan sonra saat 07 radələrində atası mələfəyə bükdüyü və maşından götürdüyü silahla, o da maşından götürdüyü və əlində olan kanisterdə benzin və digər əlində olan balta ilə yuxarı qalxdılar. Girişdə olan Dünyadın maşınının sürücü tərəfdən ön şüşəsini sındırıb içərisinə benzin tökdü. Ancaq od vurmadı. Baxmayaraq ki cibində kibrit var idi və o maşını yandıra bilərdi. Lakin o, bunu etmədi çünki niyyəti yalnız onları qorxudub obyektdən çıxartmaq idi. Sonra isə onların geri qayıtmağını həmin şəxslər gördü. Onlar dedikdə də əmisi Azər, Dünyad və əmisi oğlu Çingizi nəzərdə tutur. Həmin şəxslər onları gördükdə quraqlığın biraz yuxarısında dayanmışdılar. Onlar isə maşın yolunda dayanmışdılar. Həmin şəxslər onları gördükdə atası mələfəni araladı və mələfənin arasında atasından tüfəng çıxartdı. Lakin o, elə bilirdi ki, mələfənin arasında armatur var. Atası 1 dəfə tüfəngdən yerə atəş açdı. Sonra isə təkrar tüfəngi doldurub yerə atəş açdı. Bu zaman onlar hər üçü də mətbəxdən sonrakı binanın qabağından Quraqlığa yəni müğənnilər oxuyan tərəfə səhnəyə doğru qaçdılar. Atası isə atəş açmağa davam edərək onların arxası ilə getdi. Çünki onları qovub obyektdən çıxarmağa çalışırdı. O isə əmisi Azərin maşınına tərəf gəldi və atasının göstərişi ilə maşının şüşəsini qırıb içərisinə benzin tökdü. Bu zaman əlindəki balta maşının içərisinə düşdü. Onun əlini maşının ön sol tərəfindəki yəni sürücü tərəfdəki sındırdığı şüşə kəsdi. Bundan başqa o, maşının içərisində olduğunu düşündüyü həmin istirahət mərkəzinə dair sənədləri də axtardı. Ancaq tapa bilmədi. Başqa bir neçə sənəd tapsa da onları oraya atdı. Baltanı əyilib maşının içərisindən götürmək istəyərkən atasının qışqırıqlarını eşitdi. “Natiq, Natiq” deyib qışqırırdı. Atasına çatanda atası ona dedi ki, “tez gəl gedək”. Bu vaxt əmisi oğlu Çingiz qışqıraraq ona “getmə, getmə” deyirdi. Atasına “ata Çingiz niyə qaçmadı, niyə bizi çağırır” dedi. Atası da ona dedi ki “güllə əmin Azərə dəydi, əmin yıxıldı, biz batdıq”. Başa düşdü ki, atası əmini vurub və bu hadisədən şoka düşdü. Onlar maşına oturanda deyəsən atası silahı girişdən sağ tərəfdəki kolluq əraziyə tulladı. Onlar maşınla evə gəldilər. Bundan sonra polislər gəldi və onları Qəbələ RPŞ-nə gətirdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 06:30 radələrində o bibisi oğlu Dünyad ilə birlikdə Su Tayı istirahət mərkəzinə öz maşınları ilə getdilər. Həmin vaxt atası Azər də oraya gəlmişdi və qonşu sahədə çay içirdi. Qonşu sahədə isə əmisi Kərimə məxsus bağ sahəsi vardır. Təxminən beş dəqiqə sonra əmisi Ramil və oğlu Natiq də onların olduğu istirahət mərkəzinə gəldilər. Həmin vaxt həmin şəxslər gəlib oradakı restoranın mətbəxinin qapısını açdılar və atası Azərlə nə isə söhbət etdiklərini gördü. Həmin şəxslər isə sakitcə uzaqlaşıb istirahət mərkəzinin giriş qapısına tərəf getdilər. Təxminən 1-2 dəqiqə sonra istirahət mərkəzinə giriş qapısının yanında səs eşitdi. Sonra əmisi Ramil əlində ağ mələfəyə nəsə bükülü onlar tərəf gəlirdi, yanındaki oğlu Natiqin bir əlində balta digər əlində baçokda benzin var idi. Ramil onlara yaxınlaşan vaxtı əlindəki mələfəni açdıqda artıq əlində tüfəng olduğunu bildi. Sonra Natiq təxminənən 20 metr aralıda atasının idarə etdiyi Nissan markalı, ** BD *** qeydiyyat nişanlı maşının yanına getdi. Bu zaman bibisi oğlu Zərərçəkmiş şəxs2 atasına X5 dedi 102 qaynar xətdə zəng vur. X2 102 qaynar xətlə danışan zaman bibisi oğlu Zərərçəkmiş şəxs2 atasına qışqıraraq bildirdi ki, “dayım X4 əlində tüfəng var qaçın”. Bu zaman əmisi X6 tüfəngdən atəş açdı. Onlar yəni, X2 bibisioğlu Zərərçəkmiş şəxs2 və o bir yerdə idilər. İlk atəş açılan anda əmisi ilə Dünyadın arasında təxminən 10 metr məsafə var idi. Dünyad isə ondan 7-8 metr solda dayanmışdı. Atası isə onlardan 6-7 metr arxada idi. İlk atəşdən sonra onlar çaşqınlıqdan yerlərindən tərpənmədilər, ikinci atəşdən sonra onlar hamısı ərazidən qaçaraq uzaqlaşmağa başladılar. Bu zaman Dünyad və atası Azər də qaçmağa başladı. Onlar artıq başa düşdülər ki, əmisi Ramil onları öldürmək istəyir. Ərazi meşəlik və kolluq olduğundan, bundan başqa ərazidə besetka və tikililər olduğundan əmisi onu vura bilmədi və o qaçmağa nail oldu. O və atası Azər qaçanda o yenə də təxminən 7-8 dəfə atəş səsləri eşitdi. Natiq isə həmin vaxt maşın tərəfdə idi. Sonra əmisi Ramil qışqıraraq oğlu Natiqi səslədi və bundan sonra qaçaraq maşına minərək Su tayı istirahət mərkəzindən uzaqlaşdılar. Gəldi yuxarı gördü ki atası Azər yerdə üzü üstə uzanıqlı vəzyətdədi. Qışqıraraq bibisi oğlu Dünyadı səslədi səs gəlmədiyi üçün ona zəng vurdu və onun salamat olduğunu öyrəndi. Artıq onlar Ramilin atasını tüfənglə atəş açaraq öldürdüyünü bildilər. Onlar dərhal təcili yardıma və polis şöbəsinə zəng vurub məlumat verdilər. Sonda isə Şəxs şikayətçi olduğunu və dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində o və dayısı oğlu Çingiz birlikdə Su tayı istirahət mərkəzinə getdilər. Həmin vaxt dayısı Azər oraya gəlmişdi və qonşu sahədə çay içirdi. Təxminən beş dəqiqə sonra dayısı Ramil və oğlu Natiq də onların olduğu istirahət mərkəzinə gəldilər. Həmin vaxt onlar gəlib oradakı restoranın mətbəxinin qapısını açdıqda digər dayısı Azər onlara bildirdi ki, “mətbəxdə elektrik motorunuz var, həm də orada başqa nəyiniz varsa götürüb gedin”. Onlar isə oldu deyərək orada sakitcə uzaqlaşıb istirahət mərkəzinin giriş qapısına tərəf getdilər. Təxminən 1-2 dəqiqə sonra istirahət mərkəzinə giriş qapısının yanında səs eşitdi. Həmin vaxt dayısı Ramil əlində ağ mələfəyə nəsə bükülü onlara tərəf gəlirdi. Onunla bərabər dayısıoğlu Natiq də əlində nəsə onlara tərəf gəlirdi. Natiqin əlində nə olduğunu dəqiq görə bilmədi. Ramil onlara yaxınlaşan vaxtı əlindəki mələfəni açdıqda artıq əlində tüfəng olduğunu bildi. Həmin vaxt Ramil əlindəki tüfənglə onun üstünə gəldi. Orada ilk olaraq o, ondan 10 metr arxada dayısı Azər dayanmışdı. Onlardan biraz kənarda isə dayısı oğlu Çingiz durmuşdu. Qorxdu və qaçmağa cəhd edən zaman Ramil ona bir dəfə atəş açdı. Elə hiss elədi ki, onun sol qoluna nəsə dəydi. Bundan sonra, oradan qaçmağa başladı. Ərazi ağaclıq və kolluq olduğundan dayısı onu vura bilmədi. Qaçan zaman ondan 10 metr arxada olan dayısı Azərə “qaç-qaç”-deyib, qışqırdı. Bu zaman dayısı Azər də qaçmağa başladı. Onlar artıq başa düşdü ki, dayısı Ramil onları öldürmək istəyir. Həmin vaxt dayısı Azərin rəngi ağarmışdı. Qaçarkən yenə də təxminən 6-7 dəfə atəş səsləri eşitdi. Xəzər adlanan istirahət mərkəzinin ərazisinə çəpərləri aşaraq daxil oldu. Ancaq dayısı Azər arxada qaldı. Ramil atəş açarkən həmin vaxt yaxınlıqda o və ondan 10 metr arxada dayısı Azər olmuşdur. Çingiz isə biraz kənarda dayanmışdı. Xəzərin içərisində olduğu zaman Çingiz onun mobil telefonuna zəng edərək necə olmağı ilə maraqlandı. O isə sağlam olduğunu heç bir problem olmadığını dedi. Təxminən 5 dəqiqə sonra digər yollardan yenidən hadisə yerinə gəldi. Həmin vaxt dayısıoğlu Çingiz qışqırırdı. Oraya yaxınlaşdıqda dayısı Azərin yerdə uzanıqlı vəziyyətdə üzəri qanlı olduğunu gördü. Artıq Ramilin onu tüfənglə ataraq öldürdüyünü bildilər. Onlar dərhal təcili yardıma və polis şöbəsinə zəng vurub məlumat verdilər. Avtomobilinə dəymiş ziyanla razı deyil, belə ki, hesab edir ki, avtomobilinə 300 manata yaxın ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili X3 göstərmişdir ki, hazırki əməldə inzibati tərkib deyil, cinayət tərkibi mövcuddur. Bu səbəbdən hazırki inzibati icraat qaydasında işin icraatına xitam verilməsini və “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və toplanmış materialın əvvəlki cinayət işinə əlavə edilib baxılması üçün müvafiq orqana göndərilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3663 saylı rəyi ilə müəyyən edilmişdir ki, zədə yetirilmiş 2008-ci il istehsallı “Nissan-Sunny” markalı minik avtomobilin ön şüşəsi 80 manat, armatur işi 10 manat, 2016-cı il istehsallı “Lada- Qranta” markalı minik avtomobilin ön şüşəsi 70 manat, armatur işi isə 10 manat təşkil etmişdir. Məhkəmə, Qəbələ rayon prokuroru baş ədliyyə müşaviri Nazim Babayevin xx xxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarı nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafedici izahatı, zərərçəkmiş şəxlərin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 232 -1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 170 manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar