Məhkəmə qərarları › İş №3(025)-152/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-152/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-152/2024 11.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1969-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 mart 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 mart 2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, 11 mart 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 mart 2024-cü il tarixdə Qəbələ şəhərində ictimai asayişi kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izahatında göstərdi ki, PPXB-nin tağım komandiri Elşad Oruczadə, manqa komandiri Yusif Məmmədov və Şamxal Mustafayev birlikdə 2 saylı avtopatrulda xidmətdə olarkən saat təxminən 20:55 radələrində Qəbələ şəhərinin mərkəzində yerləşən 24/7 marketin qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək qışqırdığını görmüşlər. Adı onlara sonradan məlum olan Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Şəxs yaxınlaşıb özlərini təqdim edərək onu dəfələrlə nizam-intizama dəvət etsələr də öz hərəkətlərini davam etdirib, söyüşlər söyərək yol ilə keçən vətəndaşların haqlı narazıçılığına səbəb olmuşdur. Onlar onun etdiyi hərəkətlərə görə Qəbələ RPŞ-ə dəvət etdikdə o onlara əl-qol hərəkətləri ilə təyziq göstərərək uca səslə “yaxşı edirəm, özüm bilərəm bu dəqiqə dağıdaram buraları, siz mənim ayağıma düşməlisiniz, mənim kim olduğumu bilmirsiniz” kimi ifadələr işlətməklə nümayişkaranə hərəkətlər edərək kənardakı şəxslərin diqqətini özünə cəlb etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü hər iki maddə üzrə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərində yerləşən şadlıq sarayında qardaşı oğlunun nişan mərasimində iştirak etmişdir. Həmin məclisdə spirtli içki qəbul etmişdir. Nişan mərasimindən çıxdıqdan sonra sərxoş halda “Oba” marketə daxil olmuşdur. Oradan çıxdıqdan sona uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu hərəkətləri edərkən ətrafda çoxlu insan olmuş və onların diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq sakitləşdirməyə çalışsalar da o, polis əməkdaşlarına əl-qol hərəkətləri ilə təyziq göstərmişdir. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Heç bir əmlaka ziyan vurmamışdır və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞnin PPXB-nin manqa komandiri polis baş serjantı Yusif Məmmədov və polis nəfəri polis serjantı Şamxal Musayev ilə birlikdə 2 saylı avtopatrulda dislokasiya üzrə xidmətdə olarkən saat təxminən 20:55 radələrində Qəbələ şəhəri H.Əliyev prospektində bir nəfərin 7/24 adlı marketin qarşısında ucadan nalayiq ifadələr işlədərək qışqırdığını görmüşlər. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, həmin şəxsi növbətçi hissəyə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞnin PPXB-nin polis nəfəri polis serjantı Şamxal Mustafayev və tağım komandiri ilə birlikdə 2 saylı avtopatrulda dislokasiya üzrə xidmətdə olarkən saat təxminən 20:55 radələrində Qəbələ şəhərənin mərkəzində yerləşən 24/7 marketin qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək qışqırdığını görmüşdür. Adı onlara sonradan məlum olan Qəbələ rayon Mıxlıqovaq kənd sakini Şəxs yaxınlaşaraq ona özlərini təqdim etmiş və nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs polisin qanuni tələblərinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. Buna görə də, həmin şəxsi gətirərək polis şöbəsinin Növbətçi Hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını inizbati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 mart 2024-cü il tarixdən saat 00:05-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar