Məhkəmə qərarları › İş №3(025)-153/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-153/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-153/2021 12.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1954-cü il yanvarın 20-də Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə baş vermiş və mübahisə zaman Şəxs Zərərçəkmiş şəxsin sifət nahiyyəsinə yumruq ilə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə baş vermiş və mübahisə zaman Şəxs Zərərçəkmiş şəxsin sifət nahiyyəsinə yumruq ilə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla əvvəllər heç bir ədavət olmamışdır. Lazır mütəmadi olaraq onun evinin yanından keçən yoldan tez-tez keçərək maşında əxlaqsız qadınlar gəzdirmiş, həmin yolun yanında isə onun oğlu və gəlinləri yaşayırlar. O da Lazırın bu cür hərəkətlərinə əsəbləşmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o yol ilə gedən zaman Lazırın özünə məxsus Vaz 2106 markalı avtomobil ilə təkrar həmin yola gəldiyini görmüş, o da Lazıra əli ilə işarə edərək maşını saxlamağını demişdir. Lazır maşını saxlamış, o maşına Lazır tərəfdən yaxınlaşıb maşının qapısını açmış, Lazıra “sən nə üçün mənim oğlum və gəlinimin yaşadığı evin yanında olan yoldan tez-tez keçib maşınında əxlaqsız qadınlar aparırsan sənin yaşına uyğun deyil ayıbdır” demiş, həmin vaxt Lazır özünə haqq qazandırıb gününü keçirdiyini bildirmiş, o da Lazıra “maşın ilə aşağı yuxarı gedib gün keçirmirlər və burada gün keçirən yer deyil, get gününü başqa yerdə keçir” demiş və həmin vaxt aralarında sözlü mübahisə olmuşdur. O, Zərərçəkmiş şəxs döyməmiş və qarşı fiziki zor tətbiq etməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir və onunla əvvəllər heç bir ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində özünə məxsus VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənddə olan mağazadan evinə alver edib getmişdir. Həmin vaxt yolda qarşısına Yaşa çıxmış, Yaşa əli ilə işarə edərək maşını saxlamasını bildirmiş, o da Yaşanın maşına minmək istədiyini zənn etmiş və bu səbəbdən maşını onun yanında saxlamışdır. Yaşa onun tərəfdən maşına yaxınlaşmış, heç bir söz demədən onun burun nahiyyəsinə bir dəfə yumruq ilə vurmuş, sonra isə nalayiq söyüşlər söyüb təkrar üz nahiyyəsinə və ağzına iki dəfə yumruq ilə vurmuşdur. O, Yaşaya dayanmasını bildirsə də, Yaşa dayanmayıb onun ünvanına nalayiq söyüşlər işlətmiş, Yaşaya içkili olduğunu və getməsini bildirmişdir. Sonra Yaşa qapını bərk örtərək getmiş, o isə öz evinə getmişdir. Həmin gün gec olduğu üçün Qəbələ RPŞ-nə gələ bilməmiş, buna görə xx.xx.2021-ci il tarixdə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Yaşa ilə arasında dava verən zaman onların yanında heç kim olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və Yaşanın cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol almaçıq nahiyyəsinin və burunun qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə xx xxxxxx 2021-ci ildə törənməsinə uyğun gəlir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Qəbələ RPŞ-nə yazmış olduğu ərizə əsasında toplanmış HK-1/124 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTByə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşının altmış beşdən yuxarı olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar