Məhkəmə qərarları › İş №3(025)-153/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-153/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-153/2023 12.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1995-ci il oktyabrın 31-də Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X3 tərəfindən 29 mart 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, 28 May küçəsində yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, 28 may küçəsində “VAZ 21013” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Hyundai Santafe” minik marklı, **-SO-*** nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, “Hyundai Santafe” minik marklı, **-SO-*** qeydiyyat nişanlı avtomobilə 30 manat maddi zərər dəymişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Şəxs hadisə yerindən yayındığından onun gətirilməsi üçün Qəbələ rayon Polis şöbəsinin rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, 28 may küçəsində atasına məxsus “Vaz 21013” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Hyundai Santafe” minik marklı, **-SO-*** markalı avtomobilin yanından bir az riskli şəkildə keçmişdir. Həmin vaxt “Hyundai Santafe” minik marklı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi maşından düşərək ona hədə-qorxu gəlmişdir. Həmin şəxsin özünün də polis əməkdaşı olduğunu bilərək hadisə yerindən uzaqlaşmışdır. Sonradan isə könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Avtomobili isə sürücülük hüququ olmadan idarə etməsinə görə əməlindən peşmandır. Buna görə cəzalandıılmasına etiraz etmir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 08:40 radələrində Qəbələ rayon 28 may küçəsində özünə məxsus “Hyundai Santafe” minik marklı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman həmin küçədə sağ tərəfdən qəfil qarşısına “Vaz 21011” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxmış və həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Onun avtomobilinə dəymiş ziyan isə 30 manat təşkil edir və həmin ziyan ona ödənilməmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X7 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X4 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan AC 426071 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21013” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İşdə olan ziyan aktına əsasən “Hyundai Santafe” minik marklı, **-SO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 30 manat təşkil etdiyi müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokla əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində Zərərçəkmiş şəxs “Hyundai Santafe” minik marklı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, 28 may prospektində yolun hərəkət hissəsinin sol tərəfində hərəkətdə olan zaman sağ tərəfdən hərəkətdə olan Şəxs idarə etdiyi “VAZ 21013” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin qarşısına çıxır. Lakin hadisə nəticəsində hər hansı toqquşma olması və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi zərər dəyməsi video görüntülərlə sübuta yetirilmir. Eləcə də videogörüntülərə baxış zamanı süücülər arasında olan danışıqları təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, onlar arasında olan danışıq “VAZ 21013” minik markalı avtomobilin sürücüsünün heç bir əsas olmadan onun qarşısına çıxması barədədir. Avtomobillərin toqquşması və ya ona zərər vurulması barədə hər hansı bir danışıq aparılmır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi mövcud hadisə ilə bağlı Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etməsi nəticəsində ya zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmalı, ya da zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Zərərçəkmiş şəxs öz izahatında sağlamlığına zərər vurulmadığını etiraf etmişdir. Lakin Zərərçəkmiş şəxs hadisə nəticəsində avomobilinə maddi zərər dəyməsini bildirsə də, hazırki halda Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Şərhad Şəfiyevin avtomobilinə maddi zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Şərhad Şəfiyevin avtomobilinə maddi zərər dəyməsi müəyyən edilməmişdir və bu hallar iş materialları, video görüntülər, tərəflərin izahatları ilə sübuta yetirilmir. “VAZ 21013” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Şərhad Şəfiyevin avtomobilinə maddi zərər dəyməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır ki, bu da öz növbəsində Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin mövcudluğunu istisna edir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Şərhad Şəfiyevin avtomobilinə maddi zərər dəyməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin hazırkı halda inzibati protokol tərtib edən orqan tərəfindən Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli olması iş materiallarına əlavə edilmiş videogörüntülərlə sübut edilməsi göstərilsə də, məhkəmə zamanı dəfələrlə videogörüntülə baxılmış, lakin Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Şərhad Şəfiyevin avtomobilinə maddi zərər dəyməsi müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materaillarına əlavə edilmiş ziyan aktına əsasən “Hyundai Santafe” minik marklı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30 (otuz) manat maddi ziyan dəyildiyi göstərilsə də, ziyanın nədən ibarət olmasa sübutlar, həmçinin ziyan olsa belə həmin ziyanın sözügedən hadisə nəticəsində olması sübuta yetirilmir və bununla bağlı sübutlar protokola əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXMnin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aparılan səxsin, zərərcəkmis səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində videogörüntülər göstərilmişdir ki, o, da ziddiyyətlidir və video görüntülər ilə Şəxs İXM-nin 332.4-cü maddəsilə təqsirliliyi sübuta yetmir. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində İXM-nin 332.4-cü maddəsində ehtiva olunan inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Bundan əlavə Şəxs əməlində İXM-nin 332.2-ci maddəsinin tərkibi olduğundan və həmin maddə ilə qərar qəbul etmək məhkəmənin səlahiyətinə aid olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş AP ******* nömrəli, 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar