Məhkəmə qərarları › İş №3(025)-156/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-156/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-156/2022 22.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, şikayətçi X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərarından X3 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* saylı, 11 mart 2022-ci il tarixli qərarın ləğv olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır və Nic qəsəbəsində yerləşən sahibkar X4 məxsus həftə bazarında mühasib vəzifəsində işləyir. 6 fevral 2022-ci ildə - yəni həftənin bazar günü Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı bazara yaxınlaşaraq, ərazidə zibillərin qalaqlandığını deyərək cərimə yazacaqlarını bildirdi. O, polis əməkdaşlarına həftəbazarı günü olduğunu və bu səbəbdən zibillərin çoxaldığını və bazar davam etdiyi üçün hazırda zibillərin daşınmasının ləngidiyini, günün sonunda isə tamamilə təmizlənəcəyini dedi. Ancaq polis əməkdaşı məhəl qoymadan İXM-nin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib etdi və guya ona vəzifəli şəxs olaraq cərimə yazaraq imzalamağını istədilər. O, həmin bazarda mühasib işləyir və vəzifəli şəxs sayılmır. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi vəzifəli şəxslərin inzibati məsuliyyətini nəzərdə tutur. Bu müddəaya görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hesab edir ki, o, inzibati məsuliyyətə vəzifəli şəxs kimi yox, fiziki şəxs kimi cəlb olunmalı və barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 qəbul etdiyi 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X6 06.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə həftə bazarında ətraf təmizliyə nəzarəti həyata keçirdiyi gün həmin bazar ərazisində məişət tullantılarının qalaqlanması qaydaları pozulmuş və təmizlənməsi ilə bağlı tədbirlər görülməmişdir. Bununla da Qəbələ RPŞ-nin polis kapitanı Zamiq Nadirov tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi əsasında 07 fevral 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırma aparılmış və tərtib olunmuş sənədlərin müzakirəsi ilə bağlı X6 idarəyə dəvət olunsa da, o, bu çağırışa məhəl qoymamışdır. Bu səbəbdən onun iştirakı olmadan məsələyə hüquqi qiymət verilmiş və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 11 mart 2022-ci il tarixdə MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarla X6 2000 manat məbləğində cərimə edilmişdir. Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən X2 izahat alınan zaman, o, izahatında 06.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə həftə bazarında ərazinin təmizliyinə nəzarəti həyata keçirdiyini və həmin vaxt ərzində bazar ərazisində məişət tullantılarının qalaqlanması qaydalarının pozulduğunu, təmizlənməsi ilə bağlı tədbirlər görülmədiyini etiraf etmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Qəbələ RPŞ-nin polis serjantı polis kapitanı Zamiq Nadirov tərəfindən 07 fevral 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 06.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə həftə bazarında nəzarəti həyata keçirən vaxt bazar ərazisində məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və təmizlənməsi ilə bağlı tədbirlərin görülməməsi aşkar olunmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul etdiyi 11 mart 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, X1 rayon Polis Şöbəsində verdiyi izahatında 06.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə həftə bazarında nəzarəti həyata keçirdiyini, həmin vaxt ərzində bazar ərazisində məişət tullantılarının qalaqlanması qaydalarının pozulduğunu və təmizlənməsi ilə bağlı tədbirlərin görülmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar