Məhkəmə qərarları › İş №3(025)-157/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-157/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-157/2023 28.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 200000.00 ABŞ dolları məbləğində vəsaiti 17 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 103532.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs ilə “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkətinin hesabına malların alınması üçün 17 mart 2021-ci il tarixdə 200000.00 ABŞ məbləğində pul köçürülmüşdür. “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkətinin hesabına köçürülmüş 200000.00 ABŞ dolları məbləğinin 26006.80 ABŞ dollarının əvəzində mallar ölkəyə xx.xx.2023-ci il tarixdə daxil olmuş və bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankı təqdim edilmişdir. (**********14333 saylı gömrük bəyannaməsi). Qalan məbləğ müqabilində mallar Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş 2 il müddətində ölkəyə idxal olunmuş, müvafiq gömrük rəsmiləşdirilmələri (**********9739, **********1013 və **********7084 saylı gömrük bəyannamələri) həyata keçirilmişdir. Şəxstərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli, № 06/1 qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə edilmiş dəyişikliklərə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 (iki) il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğukimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 (iki) ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanıyaranır. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları 2 (iki) il ərzində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, sadəcə hər-hansı bir səbəbdən onların vaxtında banka təqdim edilməməsi İXM-nın 430.4-cümaddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən 200000.00 ABŞ dolları məbləğində vəsaiti 17 mart 2021-ci il tarixdə “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkətinin hesabına köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkəti tərəfindən mallar ölkəyə idxal olunmuş, müvafiq gömrük rəsmiləşdirilmələri ilə (**********14333, **********9739, **********1013 və **********7084 saylı gömrük bəyannamələri) göndərilmişdir. Bundan başqa, işdə olan "xxxx" ASC tərəfindən Şəxs MMC-nə ünvanlanmış xx.xx.2023-cü il tarxli PB/VB-OUT-01558-2023 saylı məktubundan görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubunu cavab olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixində Şəxs MMC (VÖEN: **********) tərəfindən icra edilmiş 200 000.00 USD (iki yüz min ABŞ dolları, 00 sent) məbləğində olan ödəniş **********7337 və **********8150 saylı yük gömrük bəyannamələri əsasında qismən bəyan edilmişdir və qeyd olunan ödəniş üzrə 103 532.00 USD (bir yüz üç min beş yüz otuz iki ABŞ dolları, 00 sent) qalıq qalmışdır. Həmin qalıq 2 il ərzində bəyan edilmədiyinə görə xx.xx.2023-cü il tarixində Mərkəzi Banka bu barədə məlumat verilmişdir. Ödənişin qeyd edilən qalıq hissəsi aşağıda (**********14333, **********9739, **********1013 və **********7084 saylı gömrük bəyannamələri) qeyd olunan yük gömrük bəyannamələri əsasında bəyan edilmişdir. xx.xx.2023-cü il tarixinə ödənişin qalığı 0,20 USD (sıfır ABŞ dolları, iyirmi sent) təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın”. Qanunvericinin mövqeyindən aydın olur ki, hər bir inzibati xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər inzibati xətada bu əməl yoxdursa, deməli burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən danışmaq olmaz. Fiziki və hüquqi mənada əməl iradəvi davranış aktıdır. Klassik mənbələrdə qeyd edildiyi kimi, davranış aktı iki cür gercəkləşir:

1. Hərəkət – hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin aktiv surətdə yerinə yetirilməməsi və ya müəyyən edilmiş qadağanın pozulması deməkdir.

2. 2. Hərəkətsizlik – hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin passiv olaraq yerinə yetirilməsi və yaxud subyektin hərəkət etməli olduğu halda hərəkət etməməsi deməkdir. Bununla yanaşı, əməlin inzibati xəta olub-olmaması barədə danışmazdan əvvəl, onun hüquqi əlamətləri barədə danışmaq daha məqsədəuyğundur. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır. Yalnız aşağıdakı əlamətlər bir və ya bir neçə əməldə (əməllərdə) mövcud olduqda törədilmiş əməli inzibati xəta kimi qiymətləndirmək olar. Beləliklə, əməlin hüquqi əlamətlərinə aid edilir: əməl hüquqazidd olmalıdır; əməl təqsirli sayılmalıdır (yəni qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməlidir); əməl inzibati məsuliyyətə səbəb olmalıdır. əməl Azərbaycan Respublikası İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməl hüquqazidd olmalıdır. Sosial mahiyyətinə görə əməl vətəndaşların, cəmiyyətin, dövlətin maraqlarına zidd olmalı və bu maraqlara zərər vurmalıdır. Göstərilənlə yanaşı əməl müxtəlif hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozmalıdır. Əməl təqsirli sayılmalıdır. Əməl aktiv hərəkətlə və ya hərəkətsizliklə törədilməlidir. Təqsir şəxsin qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibətidir. Təqsirin olması inzibati xətanın vacib əlamətlərindən biridir. Əməlin hüquqazidd olmasına baxmayaraq onda təqsirin olmaması, əməlin inzibati xəta sayılmasına imkan vermir. Əməl inzibati məsuliyyətə səbəb olmalıdır. Əməl o vaxt inzibati xəta sayılır ki, o Azərbaycan Respublikası İXM-in Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə müxtəlif sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulsun. Əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi müxtəlif hüquq normaları (hüquq sahələri) ilə tənzimlənən ictimai münasibətləri mühafizə edir. Əgər əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə mühafizə olunan ictimai münasibətlərə qəsd edərsə, onda həmin əməl inzibati xəta kimi qiymətləndirilə bilər. Göründüyü kimi Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin maddənin dispoziyasında göstərilən halların sonuncu tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi halları olmalıdır. Lakin hazırki işdə Şəxs MMC-nin hərəkətlərində bu hal sübuta yetirilmir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Şəxs MMC 200000.00 ABŞ dolları məbləğində vəsaiti 17 mart 2021-ci il tarixdə “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkətinin hesabına köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə isə müəyyən edilir ki, “MEKANİZASİON KESHAVARZİ SHALİ KASHT GİL” şirkəti tərəfindən mallar göndərilmişdir. Göründüyü kimi Şəxs MMC malların ölkə ərizisinə vaxtında gəlməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş mallar ölkəyə daxil olmuşdur. Beləliklə Şəxs MMC-nin hərəkətlərində ya qəsd, ya da ehtiyatsızlıq hallarının olması sübuta yetirilmir. Bu da öz növbəsində həmin hüquqi şəxsin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş EP ******* nömrəli, 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar