Məhkəmə qərarları › İş №3(025)-158/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-158/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-158/2021 16.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli xx.xx.2021-ci il tarixdə Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru həmidli Ülvi Səlimağa oğlu protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-107/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2012-ci il təvəllüdlü X2 və xx xxx 2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Hal-hazıradək borclunun 3000 manat aliment borcu vardır. Sonuncu dəfə borclu 2020-ci ilin dakabr ayında, 2021-ci ilin yanvar və fevral aylarında ümumilikdə 1800 manat məbləğində aliment ödənişi etmişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsi üzrə alimenti mütamadi olaraq ödəmiş, bu onda olan qəbzlərdən öz təsdiqini tapır. Lakin pandemiya səbəbi ilə maddi imkanı olduqca ağır olduğundan bir müddət ödənişləri edə bilməmişdir. Evdə qazanc gətirən şəxs tək odur. Hal-hazırda işsizdir. Sözügedən alimenti ödəməkdən yayınmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs alimenti ödəməkdən qəsdən boyun qaçırmamışdır. Bunu ödəniş qəbzləri də təsdiq edir. Hal-hazırda onun maddi imkanı olduqca aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 107/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2012-ci il təvəllüdlü X2 və xx xxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 3583 saylı arayışdan və mədaxil qəbzlərindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-107/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkara 2020-ci il noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral ayları ərzində aliment ödəmiş, xx.xx.2021-ci il tarixə isə 3000 manat məbləğində aliment borcu qalmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar X1 müxtəlif vaxtlarda imkan olduqca aliment ödəmiş, buna baxmayaraq 3000 manat aliment borcu qalmış, son üç ay ərzində isə tələbkara 500 manat miqdarında aliment pulu ödəmişdir. Bununla da borclu Şəxsnın icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar