Məhkəmə qərarları › İş №3(025)-158/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-158/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-158/2024 13.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTUBİ-nin polis kapitanı X8, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il sentyabrın 05-də Qəbələ rayonu Tüntül kəndində doğulmuş, orta təhsilli, evli, meşə gözətçisi işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 13 mart 2023-cü il tarixdə Qəbələ RPŞ DYPB İTUBİ-nin polis kapitanı X12 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Qəbələ rayon Yengicə kəndində kənd daxili yolda vətəndaş Şəxs idarəetmə hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21213” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Tüntül kəndi istiqamətində hərəkətdə olarkən, yolun döngəli hissəsində idarəetməni itirərək avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış, həmin zolaqda üzü Yengicə kəndi istiqamətində hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi Nissan March minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə, daha sonra ondan arxada hərəkətdə olan vətəndaş X11 yol vərəqəsi ilə idarə etdiyi Hyundai Elentra minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə Şəxs, X17 və Hyundai Elentra minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət almasına səbəb olmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTUBİ-nin polis kapitanı X12 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Qəbələ rayon Yengicə kəndində kənd daxili yolda vətəndaş Şəxs idarəetmə hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21213” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Tüntül kəndi istiqamətində hərəkətdə olarkən, yolun döngəli hissəsində idarəetməni itirərək avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış, həmin zolaqda üzü Yengicə kəndi istiqamətində hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi Nissan March minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə, daha sonra ondan arxada hərəkətdə olan vətəndaş X11 yol vərəqəsi ilə idarə etdiyi Hyundai Elentra minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə Şəxs, X17 və Hyundai Elentra minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət almasına səbəb olmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, 23 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon Yengicə kəndindən Tüntül kəndi istiqamətində qardaşı Elşənə məxsus olan Niva markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən döngəni dönərkən avtomobili anidən sol zolağa doğru hərəkət etmiş və toqquşma hadisəsi baş vermişdir. Bundan sonranı isə xatırlamır. Hadisənin baş verməsinə digər avtomobillər olmuşdur. Belə ki, onlar hadisə zamanı yarışmışlar. Onun isə tək günahı içkili olması olmuşdur. O, hadisədən sonra avtomobillərin aparılması üçün evukuator xərci olan 200 manatı ödəmişdir. Avtomobillərə dəymiş ziyanın isə ziyan aktında göstərilən məbləğləri ilə razılaşmır. Belə ki, həmin qiymətlər şişirdilmiş qiymətlərdir. Hadisə nəticəsində ayağında ciddi problemlər yaranmış və hal-hazırda da dayaqsız gəzə bilmir. Ayagına mil qoyulmuşdur və hazırda da çətinliklə hərəkət edə bilir. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və səhhətini nəzərə alaraq barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər X14 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxslər X14 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X9 04 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1459 saylı və HK-1/1465 nömrəli materiallara baxış keçirilərkən müəyyən olundu: - Materiala əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3557/K saylı rəyində qeyd edilmişdir ki, Şəxs qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1.1 faizdir. Şəxs götürülmüş qan nümunəsində metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. - MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 537 saylı rəyə əsasən X11 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu, 538 saylı rəyə əsasən X4 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu, 539 saylı rəyə əsasən X10 bədəni üzərində xəsarətin aşkar edilmədiyi, 540 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin aşkar edilmədiyi və 541 saylı rəyə əsasən X2 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2967 saylı rəyində qeyd edilmişdir ki, mövcud hadisə üzrə Vaz21213 markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Eləcə də, sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu qeyd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs və X11 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. - Ziyan aktlarına əsasən Hyundai Elentra markalı ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanın 9400 manat təşkil etdiyi, Nissan March minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanın 4040 manat təşkil etdiyi müəyyən edilmişdir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli DİN-in 102 xidmətinə verilmiş məlumatlardan və Qəbələ RPŞ-nə ünvanlanmış ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs, X14 və X3 rayon Tüntül kənd sakini Şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduqlarını bildirmişlər. - 04 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış HK-1/1459 və HK-1/1465 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, 23 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Şəxs sürücülük hüququ olmaqla sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi X6 məxsus Vaz21213 markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Tüntül kəndi ərazisində Qəbələ rayon Tüntül kəndi istiqamətində saatda 40 km/saat sürətlə hərkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərini pozaraq, yəni hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamamlı, 1.1 üfüqi nişanlanma xəttini kəsib avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə yaratmamalı və avtomobili sərxoş vəziyyətdə idarə etməməli olduğu halda, bununla da hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələbə riayət etməməklə texniki cəhətdən saz vəziyyətdə olan Vaz21213 markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən 1.1 üfüqi nişanlanma xəttini kəsib avtomobili qarşı əks hərəkət zolağına çıxarmış, qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Nissan March markalı ** BM *** dövlət qeydiyyat nişanlı və X11 idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə yol vərəqəsi əsasında idarə etdiyi Hyundai Elantra markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillərlə toqquşmuş, toqquşma nəticəsində ehtiyatsızlığından Nissan March markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 4040(dörd min qırx) manat, eləcə də Hyundai Elantra markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə 9400(doqquz min dörd yüz) manat maddi ziyan vurmuş, eləcə də sürücü X13, sərnişin qismində isə X7 və X1 zərər vurmayan bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 3 aydan çox müddət keçsə də, Yol hərəkəti qaydaları əleyhinə aid inzibati məsuliyyətə cəlb etmə müddəti 1 il olduğundan və həmin müddət keçmədiyindən, Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar