Məhkəmə qərarları › İş №3(025)-159/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-159/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-159/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1979-cu il sentyabrın 01-də Qəbələ rayonu, Kürd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru T.A.Həsənquliyev tərtib etdiyi 13 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Alıyev X4 Rayon Məhkəməsinin 2(071)-60/2016 nömrəli, 11.05.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-60/2016 nömrəli, 11.05.2016-cı il tarixli icra sənədinə əsasən 05.01.2016-cı ildən başlayaraq 04.05.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İcra sənədi 11.08.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. Müxtəlif tarixdə borcluya tələbkara olan borc məbləğini ödəməsi üçün yenidən vaxt verilmiş və ona bu barədə dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin buna baxmayaraq heç bir nəticəsi olmamış, icra sənədi tam təmin edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 1271 manat borcu qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin Şəxs hal-hazırda heç bir yerdə işləmədəyini qeyd edir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə Şəxs 1271 manat məbləğində yığılmış aliment borcu vardır. O, hər dəfə izahatında imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirir. Şəxs 12.08.2021-ci il tarixdə 2000 (iki min) manat olmaqla, 12.08.2021-ci il tarixdən 09.03.2022-ci il tarixə kimi ümumiyyətlə 2960 manat müəyyən edilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir. O, yenidən ailə qurmuş və həmin nikahdan 2 övladı vardır. Uşaqlarından biri hal-hazırda Bakı şəhərində müalicə alır. Maddi imkanı aşağı olduğundan uşağının yanına, Bakı şəhərinə getmək üçün yol pulunu belə çətinliklə tapır. Bütün bunlara baxmayaraq aliment öhdəliyini lazımınca dərk edir və bunun nəticəsidir ki, 12.08.2021-ci il tarixdə 2000 manat olmaqla, həmin tarixdən 09.03.2022-ci il tarixə kimi ümumilikdə 2960 manat ödəniş etmişdir. İndi isə hər hansı məbləğdə ödəniş etməyə imkanı çatmır. Ödənilməmiş qalan aliment məbləğləri əvvəldən qalmış alimentlərdir. Bu ilin avqsut ayına kimi hər aylıq alimentini vaxtlı-vaxtında ödəyəcəkdir. Yığılmış aliment məbləğini isə bu ilin avqust ayında tamamilə ödəməyi öhdəsinə götürür və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Son aylarda etdiyi ödənişlərin və məhkəməyə təqdim etdiyi ərizə nəzərə alınmaqla məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində qərəzlilik olmadığını, alimentini vaxtında ödədiyini, maddi imkanın aşağı olması səbəbindən yığılmış aliment borcunu tamamilə ödəyə bilmədiyini, 2022-ci ilin avqust ayına kimi aliment məbləği ödəməyi barədə öhdəlik götürərək bu barədə məhkəməyə ərizə təqdim etməsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə bildirdi ki, Şəxs tərəfindən ödənilməli olan 1271 manat məbləğində aliment bu günə qədər ona məlum olmayan üzürsüz səbəblərdən tam şəkildə ödənilməmişdir. Borclunun uşağına o baxır və uşaq böyüdükcə də tələbatları artmaqdadır. İstəyir ki, nəvəsi digər uşaqlardan fərqlənməsin və bu səbəbdən də borclunun aliment öhdəliyini vaxtında yerinə yetirməlidir. Borclu halhazırda məhkəməyə ərizə təqdim edərək 2022-ci ilin avqust ayında bütün aliment borcunu ödəməsi barədə öhdəlik götürmüşdür. Avqust ayına kimi borcluya vaxt verilməsinə etiraz etmir. Məhkəmədən Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş edir. Beləliklə, məhkəmə icra məmurunu, zərər çəkmiş şəxsinin nümayəndəsini və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-60/2016 nömrəli, 11.05.2016-cı il tarixli icra sənədinə əsasən 05.01.2016-cı ildən başlayaraq 04.05.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. - Qəbələ Rayon İcra Şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin 11.08.2016-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 60/2016 nömrəli, 11.05.2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - 11.08.2016-ci il tarixli bildirişin surətindən görünür ki, 11.08.2016-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs təqdim edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 13 aprel 2022-ci il tarixli, 71676/16 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən 12.08.2021-ci il tarixdə 2000 manat olmaqla həmin tarixdən 09.03.2022-ci il tarixə kimi ümumilikdə 2960 manat məbləğində aliment ödənilmişdir. - Borclu Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, sonuncu 2022ci ilin avqust ayına kimi aliment borcunu tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, borclu Şəxs icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş və izahat vermişdir. Həmçinin o, müəyyən edilmiş alimentdən aylıq olaraq vaxtı vaxtında tələbkarın xeyrinə ödənişlər etmişdir. Həmçinin 12.08.2021-ci il tarixdə 2000 manat olmaqla həmin tarixdən 09.03.2022-ci il tarixə kimi ümumilikdə 2960 manat məbləğində aliment ödəmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi ərizə ilə 2022-ci ilin avqust ayına kimi bütün aliment borcunu ödəməsi barədə öhdəlik götürmüşdür. Deməli, borclu icra sənədi üzrə tələbkara müəyyən ödənişlər etmişdir ki, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Hacıqabul Rayon Məhkəməsinin 2(071)-60/2016 nömrəli, 11.05.2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar