Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-16/2025 14.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 2000-ci il aprelin 25-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barədə tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 12 yanvar 2025-ci il tarixli “cinayət təqibinə xitam verilməsi” haqqında qərarı əsasında tərtib edilmişdir. Qərarda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu ərazisində qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan əldə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 12 yanvar 2025ci il tarixli “şəxsin şübhəli şəxs statusundan çıxarılmaqla müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başlanmış cinayət təqibinə xitam verilməsi haqqında” qərara əsasən Şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman Şəxs izahatı alınmış, sonuncu törətdiyi əməli etiraf etmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 3 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyə başlamışdır. Narkotik vasitə, qurudulmuş marixuananın isə davamlı istifadəçisi olmamışdır. Nəşəni, yəni qurudulmuş marixuananı arabir istifadə etmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmur. Qəbələ rayon Daşca kənd sakini X4 əvvəlcədən tanıyır. Onunla dostluq münasibətləri vardır. Onunla tanışlıqları əvvəllər iş yoldaşı olduğuna görə yaranmışdır. Onun məlumatı var imiş ki, Əli Musazadə də narkotik vasitə qurudulmuş marixuananı istifadə edəndir. Əvvəllər Əli ilə birlikdə narkotik vasitə istifadə etmişlər, Əli Musazadə onun vasitəsi ilə bu günə kimi ümumilikdə 2 dəfə narkotik vasitə əldə edərək istifadə etmişdir. Onlardan birincisi 09 yanvar 2025-ci il tarixdə, digəri isə 10 yanvar 2025-ci il tarixdə olmuşdur. Belə ki, 09 yanvar 2025-ci il tarixdə səhər saatlarında Əli ona zəng etmiş, ondan xahiş etmiş ki, 20 manatlıq nəşə alsın və ona versin. Belə olub günorta saatlarında o, rayonun Daşca kəndinin giriş hissəsinə tək şəkildə getmişdir. Çünkü əvvəlcədən bilirmiş ki, tanışı rayonun Daşca kənd sakini X1 narkotik vasitə-qurudulmuş marixuana vardır və həmin marixuanaları satır. Buna görə də saat 13 radələrində o, əvvəlcə Cavidə zəng etmiş, ondan kəndin girişinə gəlməsini xahiş etmişdir. Cavid ondan nə üçün gəlməyini soruşmuşdur. Ona bir nəfər şəxsin olduğunu, həmin şəxsin ondan iki büküm narkotik vasitə almaq istədiyini demişdir. Belə olub Cavid onu gözləməyini bildirmişdir. O da Əliyə zəng edərək onu rayonun Daşca kəndinin giriş hissəsinə çağırmışdır. Əli də buna görə saat 13 radələrində özünə məxsus olan VAZ2106 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşca kəndinin giriş hissəsinə gəlmişdir. Əli gələn zaman artıq Cavid də onun yanına gəlmişdir. Əli onların yanına gəlməmişdir. O, Caviddən iki büküm nəşəni götürmüş və Əlinin yanına getmiş, iki büküm narkotik vasitə qurudulmuş marixuananı ona öz avtomobilinin içərisində vermişdir. Əli də ona 20 manat pulu bütöv şəkildə nəğd olaraq vermiş, o da yenidən VAZ2107 markalı avtomobilə tərəf getmiş və 20 manatı Cavidə vermişdir. Bundan sonra isə oradan uzaqlaşıb çıxıb getmişdir. 10 yanvar 2025-ci il tarixdə isə Əli yenidən ona zəng etmiş, ondan əlavə olaraq 5 büküm narkotik vasitəni Caviddən almağını xahiş etmişdir. X12 birbaşa əlaqəsi olmamışdır. O da Əliyə Qəbələ şəhəri 28 May küçəsində yerləşən köhnə uşaq xəstəxanasının arxa tərəfindəki avtomobil yuma məntəqəsinin yanında Cavidlə birlikdə olduğunu bildirmiş. Belə olub Əli VAZ2106 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həmin yerə gəlmiş və avtomobilini saxlamışdır. Əvvəlcə o, Əlinin avtomobilinin yanına getmişdir. X10 5 büküm nəşə alması üçün ona 50 manat pul vermişdir. Daha sonra Cavid də onların yanlarına gəlmiş və Əli ilə görüşmüşdür. Daha sonra isə öz avtomobilinə tərəf getmişdir. O da 50 manatı Əlidən alıb Cavidin avtomobilinə tərəf getmiş və Cavidin avtomobilinin içərisində oturmuşdur. Cavidə 50 manat pulu vermiş və ondan 5 bükümdə nəşəni götürmüşdür. Daha sonra Əlinin avtomobilinə qayıdaraq 5 büküm nəşəni Əliyə vermişdir. Bundan sonra isə Əli oradan çıxıb getmişdir. O və Cavid isə avtomobil yuma məntəqəsinin yaxınlığında açıq kafedə oturub çaylarını içməyə davam etmişlər. Saat təxminən 18 radələrində isə onlara polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Buna görə də o və X6 RPŞ-nə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmişdir. Lakin üzərindən heç nə aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Həmçinin ibtidai istintaqa da səmimi ifadələr vermişdir. Bu halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil müfafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən səmimi peşimançılıq keçirməsini nəzərə alıb ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: - Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 12 yanvar 2025-ci il tarixli “şəxsin şübhəli şəxs statusundan çıxarılmaqla müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başlanmış cinayət təqibinə xitam verilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 3-16- 16-2-17/16 nömrəli, 11 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində "İştirakçılar: Vəkil: Səfəralı Süleymanov, Şübhəli şəxs: Əli Musazadə, Əməliyyat müvəkkilləri: Sübhan Zamanlı, Vüsal Rüstəmov, Tərtib etdi: Tural Mehdizadə xx.xx.2025." yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 05(beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri- 0,17qr., 0,16qr., 0,14qr., 0,14qr. və 0,22qram, ümumi çəkiləri- 0,83qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. T ədqiqata təqdim olunmuş, üzərində "İştirakçılar: Vəkil: Səfəralı Süleymanov, Şübhəli şəxs: Əli Musazadə, Əməliyyat müvəkkilləri: Sübhan Zamanlı, Vüsal Rüstəmov, Tərtib etdi: Tural Mehdizadə 10:01.2025-ci il." yazıları və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,15qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumlikdə 06(altı) ədəd marixuanalar tərkiblərinə görə eynidirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli 51 nömrəli rəydə göstərilmişdir ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 51 nömrəli rəy nəzərə alınmaqla, Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkidə 0,98 qram narkotik vasitə olan – qurudulmuş marixuananın ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmasını, hazırkı halda qurudulmuş marixuananın məhv edilməməsini və gələcəkdə baxılacaq cinayət işi ilə bağlı ona qiymət veriləcəyini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 yanvar 2025-ci il saat 14:45-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-16/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-16/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver