Məhkəmə qərarları › İş №3(025)-160/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-160/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-160/2021 16.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhərində yaşayan X4 və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx xxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X5 göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhərində yaşayan X4 və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə uzun müddətdir ki, münasibəti vardır. Onu Leyla kimi tanıyırmış. xx.xx.2021-ci il tarixdə Sevinc ona zəng edərək ananı da götür bizə gəl demiş, belə olub anası Südabə Bayramova və xalası Nəsibə Məmmədova ilə birlikdə onların yaşadığı Qəbələ şəhərindəki evə getməmişlər. Qapını döydükləri zaman Sevincin anası Heyvagül qapını açmış, içəri daxil olmuşlar. Onlara getməmişdən əvvəl spirtli içki qəbul edibmiş. İçəri daxil olub Heyvagüldən niyə bizi çağırmısan deyə soruşmuş, bu zaman sözlü mübahisə yaranmışdır. Sevinc ilə anası onu nalayiq ifadələr ilə söyüb təhqir etmişlər. Belə olub onları söyüb təhqir etmişdir. Sevinc ilə sözlü mübahisəsi yaranmış, Sevinc onun üzərinə hücum etmiş, Əli ilə başına bir dəfə zərbə vurmuş, onun anası Heyvagül aralarına girmiş, əli ilə Heyvagülə işarə edərək getməsini bildirmiş, bu zaman əli onun üzünün sağ nahiyəsinə dəymişdir. Daha sonra sahə rəisi Toğrul adlı şəxs gəlmiş və onun yanında da sözlü mübahisələri olmuşdur. Daha sonra oradan getmişlər. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, əvvəllər evli olmuş və boşanmışdır. 3 övladı vardır. Təxminən 2 ilə yaxındır ki, Şəxs ilə tanışdır və onun ilə şəxsi münasibətləri olmuşdur. Son vaxtlar Ceyhun içki içərək onunla mübahisə edir, nalayiq ifadələr ilə təhqir edir. İşə gedən zaman onu narahat edir və onun ilə münasibətlərini kəsmişdir. Onu narahat etdiyi üçün Ceyhun barəsində 102 xidmətinə zəng edərək məlumat vermişdir. Anası Ceyhunun anasını söhbət etmək üçün evə çağırmış, xx.xx.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində evdə olan zaman Ceyhun Bayramov, onun anası Südabə və özünü Ceyhunun xalası kimi təqdim edən adını bilmədiyi qadın qapını döyərək onu çağırmışdır. Anası Heyvagül qapını açmış və bu zaman hər üçü səs-küy ilə evə daxil olmuşlar. Ceyhun Bayramov anasını nalayiq ifadələr ilə təhqir etmişdir. Aralarında sözlü mübahisə baş vermiş və həmin vaxt Ceyhun sərxoş imiş. Mübahisə zamanı Ceyhunun anası Südabə əli ilə onun saçlarından tutmuş və itələyib yerə yıxmışdır. Daha sonra ayağa durmuş, bu zaman Ceyhun onun üzərinə hücum edərək əli ilə vurmaq istəmiş, o, arxaya çəkilmiş, bu zaman Ceyhunun əlləri onun sol əlinin üzərinə və sağ qohumun bilək nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra yumuruq ilə sol qoluna və kürəyinə yumuruq ilə zərbə vurmuşdur. Daha sonra anası araya girmiş və onu sakitləşdirməyə çalışmışdır. Daha sonra Ceyhun yenidən onun üzərinə hücum edərək vurmaq istəmiş, lakin anası onun qarşısını kəsmiş, bu zaman Ceyhun anası Heyvagülün sağ əlini əli ilə tutub qatlamış və Ceyhun anasının sağ gözaltı nahiyyəsinə bir dəfə yumruq ilə vurmuşdur. Bu zaman qapı döyülmüş və sahə rəisi gəlmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi ilduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. O, əvvəllər evli olmuş, sonradan boşanmışdır. 3 övladı var. Təxminən 2 ilə yaxındır ki, X2 ilə tanışdır. Son vaxtlar Ceyhun qızını narahat etmiş, dəfələrlə onu nalayiq ifadə ilə təhqir etmişdir. Qızı Ceyhun onu narahat etdiyi üçün 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Ceyhunun anasını söhbət etmək üçün evə çağırmışdı. 13.02,2021-ci il tarixdə saat təxminən 11:30 radələrində evdə olan zaman Ceyhun Bayramov, onun anası Südabə və özünü Ceyhunun xalası kimi təqdim edən adını bilmədiyi qadın qapını döyərək onları çağırdılar. O, qapını açdı. Bu zaman hər üç nəfər şəxs ucadan səs-küy ilə evə daxil oldular. Ceyhun Bayramov onu nalayiq ifadələr ilə təhqir etdi. “Bizi bura niyə çağırmısan” dedi. Ceyhunun anası onu və qızını təhqir etməyə başladı. Aralarında sözlü mübahisə baş verdi. Ceyhun sərxoş idi. Mübahisə zamanı Ceyhunun anası Südabə əli ilə qızının saçlarından tutdu və itələyib yerə yıxdı. O, qızını ayağa qaldırdı. Bu zaman Ceyhun qızının üzərinə hücum edərək əli ilə vurmaq istədi, qızı arxaya çəkildi, bu zaman onun əlləri qızı Sevincin sol əlinin üzərinə və sağ qolunun bilək nahiyəsinə xəsarət yetirdi. Daha sonra qızına yumruq ilə qollarına və kürəyinə zərbələr vurdu. O və onun anası araya girərək Ceyhunu sakitləşdirməyə çalışdılar. Xalası isə Ceyhunu kənara çəkirdi və onu sakitləşdirməyə çalışırdı. O, qızını kənara çəkdi ki, Ceyhun onu vurmasın. Bu zaman Ceyhun yenidən qızının üzərinə hücüm edərək vurmaq istədi, lakin o Ceyhunun qarşısını kəsdi, Ceyhun bu zaman onun sağ əlinin iki barmağını əli ilə tutub qatladı və onun sağ gözaltı nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurdu. Bu zaman qapı döyüldü və o qapını açdı, sahə rəisi Toğrul Aslanlı içəri daxil oldu. O, əvvəlcədən sahə rəisi Toğrul Aslanlıya mübahisə olması barədə məlumat vermişdi. Daha sonra Ceyhun və anası yenə onu və qızını nalayiq ifadə ilə təhqir etdilər. Daha sonra onlar çıxıb getdilər. Sonda isə Şəxs şikayətçi olduğunu və barəsində daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ əlin ııı barmağın dırnaq falanqasının üst səthinin və sağ bazunun bayır orta 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni xx xxxxxx 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin üst səthinin sıyrığı, sağ saidin bayır aşağı və sol budun içəri aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni xx xxxxxx 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/155 və HK-1/156 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar