Məhkəmə qərarları › İş №3(025)-162/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-162/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-162/2022 04.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1995-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş letyenantı X2 01 aprel 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X3 tərəfindən 18 aprel 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbinin pozulması nəticəsində “Vaz21063” markalı minik avtomobili ilə toqquşmuş və nəticədə qarşı tərəfdəki sərnişin Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X3 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı İlkin Göyçəli tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 18.01.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı Qəbələ rayon Mirzəbəyli kəndindən özünə məxsus olan idarə etdiyi Vaz 21154 minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zarağan kəndindən üzü Qəbələ şəhər istiqamətində hərəkətdə imiş. Qəbələ şəhəri ərazisində keçmiş hərbi şəhərciyə gedən yola, yəni qaradok dairəsinə az qalmış dairədən nömrəsini xatırlamadığı Vaz 2106 minik markalı avtomobilin çıxdığını görmüşdür. Həmin vaxt sol tərəfində hərəkətdə olan qırmızı rəngli nömrəsini xatırlamadığı Mersedes markalı avtomobil olduğu üçün avtomobilin sükanını sağa tərəf döndərmiş, lakin hadisənin qarşısını ala bilməmiş və dairədən yola daxil olaraq keçmiş hərbi şəhərciyə tərəf gedən avtomobili sağ yan tərəfi ilə idarə etdiyi avtomobilin ön sol tərəfi toqquşmuşdur. O, xəsarət almamış, Vaz 2106 markalı avtomobilin sürücü isə yerdə gəzirmiş və onun baş hissəsindən qan axırmış. Daha sonra hadisə yerinə gələn TTY avtomobili ilə VAZ 2106 markalı avtomobilin sürücüsünü xəstəxanaya aparmışlar. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ondan şikayət yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyniməzmunlu izahat verərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/78 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10.03.2022ci il tarixli, 8/302 saylı rəyindən görünür ki, Vaz21154 minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, bununla yanaşı sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saat qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu qeyd edilmişdir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin 21 yanvar 2022-ci il tarixli, № 25 saylı MTEnin rəyindən görünür ki, Şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin 31 yanvar 2022-ci il tarixli, № 28 saylı MTEnin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə nahiyyəsinin əzilmiş-cızılmış yarası, alının, sol əlin üst səthinin, sağ dirsəyin bayır tərəfinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 17 yanvar 2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - sərxoşluq vəziyyətinin 23 nömrəli 18.01.2022-ci il tarixli tibbi müayinəsi protokoluna əsasən Şəxs həmin gün ayıq olmuşdur. - AD 555498 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21154” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. - AE 735030 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs 11.09.2019-cu il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - 19.01.2022-ci il tarixli “Ziyan Aktı”ndan görünür ki, “Vaz2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 580 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Vaz 21063” markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobillə 01.11.2020-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində “VAZ 21063” markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobillə toqquşması, Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması Şəxs özünün etirafedici izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırılan halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar