Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-163/2022 19.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1968-ci il dekabr 02-də Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 aprel 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 19.04.2022-ci il tarixdə saat 10 radələrində Qəbələ şəhərində Polis şöbəsinin qarşısında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 19 aprel 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 göstərdi ki, Şəxs 19.04.2022ci il tarixdə saat 10 radələrində Qəbələ şəhərində Polis şöbəsinin qarşısında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Daxili İşlər Nazirliyinin “102” xidmətinə içkili halda dəfələrlə zəng edərək yalan məlumatlar vermişdir. Bu etdiyi əmələ görə çox peşmandır. Eyni zamanda 19.04.2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinin sahə rəisi Zamiq Nadirov onu şöbəyə çağırmışdır. Şöbənin qarşısına gəlmiş və ona şöbəyə girməsini bildirmişlər. Onu gec qəbul etdiklərindən əsəbləşmiş, əlində olan işi qoyub gəldiyini bildirmişdir. Onu tez qəbul etmələrini bildirmiş, bu səbəbdən əsəbləşib nalayiq ifadələr işlətmişdir. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirib, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etdiyi əmələ görə peşmançılıq çəkdiyini, bununla belə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Qəbələ RPŞnin İTB-nin sahənin polis nəfəri vəzifəsində xidmət edir. 19.04.2022-ci il tarixdə Qəbələ RPŞnin İTB-nin sahə rəisi Zamiq Nadirov ona Nic qəsəbə sakini Şəxs şöbəyə gətirilməsində sahə polis nəfəri Rəcəb Babaşova köməklik göstərməyini bildirmişdir. Bundan sonra o, Rəcəb Babaşovla birlikdə Nic qəsəbəsinə getmişlər. Orada Şəxs yerini müəyyən edib, onu polis şöbəsinə dəvət edərək şəxsi avtomobili ilə polis şöbəsinə gətirmişlər. Şəxs şöbənin giriş qapısında maşından düşərək ətrafda mülki şəxslərin hərəkət etdiyini görüb uca səslə nalayiq ifadələr işlədərək “yaxşı edirəm 102 əməkdaşlarını söyürəm, heç kim mənim qarşımı ala bilməz” deyib ünvansız söyüşlər söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etmişlər, ictimai yerdə nalayiq ifadələr işlədilməsinin və ətrafdakı insanların nəzərini özünə cəlb etməklə nümayişkaranə hərəkətlər etməsinin son qoymaq istəmir, yenə də ünvansız nalayiq söyüşlər söyür və ətrafdan keçən insanların diqqətini özünə cəlb etmək istəmişdir. Buna görə də həmin şəxsi çətinliklə sakitləşdirib rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Rəcəb Zübeyir oğlu digər şahid X2 ifadəsinə uyğun izahat verərək, onun göstərdiklərini təsdiq etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-163/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-163/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver