Məhkəmə qərarları › İş №3(025)-164/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-164/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-164/2023 18.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlunun iştirakları ilə Şəxs Nurəddin oğlu - 1970-ci il yanvarın 01də Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Nurəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 18 aprel 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X4 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Nurəddin oğlu xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən qardaşı,həmkəndlisi Zərərçəkmiş şəxs yaşayış həyətində sonuncunu döyərək, fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 18 aprel 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X4 göstərdi ki, Şəxs Nurəddin oğlu xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs yaşayış həyətində sonuncunu döyərək, fiziki ağrı yetirmişdir. Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X1 ********* saylı cinayət işi üzrə 16 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən cinayət işinin istintaqı zamanı şahid Şəxs Nurəddin oğlunun əməlində cinayət tərkibi olmadığı müəyyən edildiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, lakin, Zərərçəkmiş şəxs qəsdən ağacla sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi üçün barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Beləliklə, Şəxs Nurəddin oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlu özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs böyük qardaşıdır. Onunla uzun müddətdir ki, aralarında münaqişə vardır. Səbəbi isə ata yurdundan qalan torpaq sahələrini ələ keçirmək istəməsi, orada olan meyvələri yığması və istifadə etməsidir. Halbuki, həmin torpaq sahələrinə özünün, bacıları Xatirənin, Nəcibənin, digər qardaşı Həsənağanın da paylar olmalıdır. Ələddin isə bütün torpaq sahələrinə iddia edir. 04 oktyabr 2022-ci tarixdə saat təxminən 15-16 radələri imiş. Təkcə həmin bağ sahəsinə şabalıdların yetişib-yetişmədiyinə baxmaq üçün getmişdir. Bağ sahəsinə daxil olanda Ələddini bağda şabalıd ağacında, təxminən 4-5 metr hündürlükdə şabalıdları çırpıb yerə tökdüyünü görmüşdür. Ələddini bağda görüb onun olduğu ağacdan təxminən 2 metr məsafədən keçərək digər şabalıd ağaclarına baxmağa getmişdir. Ələddin də ona nəsə deməmiş, onu görüb-görmədiyini bilmir. Bu zaman həmin bağ sahəsinin yuxarı hissəsinə kənd sakinlərinin qoyunlarının nəzarətsiz şəkildə bağa daxil olduğunu görmüşdür. Qoyunları çıxarmaq üçün bağın yuxarı hissəsinə getmiş, Ələddinin çırpdığı şabalıd ağacından təxminən 30 metr uzaqlaşmışdır. Bu zaman Ələddinin olduğu ağac tərəfdən “ayyy” deyə qışqırıq səsi gəlmişdir. Ancaq nə dediyi anlaşılmırmış, qışqırtı qısa çəkmişdir. Çevilib Ələddinin olduğu ağaca baxanda Ələddini ağacın dibində çöməlmiş vəziyyət görmüş, Ələddinə tərəf gəlmiş, ona təxminən 15 metrə kimi yaxınlaşanda Ələddinin başında, sifətində qan olduğunu görmüş, Ələddin bu zaman onu görmüş, ancaq yenə də ona nəsə deməmiş, özü də Ələddinə heç nə deməmişdir. Ələddin yıxılmağı barədə nəsə demirmiş. Ələddinə tərəf daha getməmiş, belə ki, özü ayağa qalxmış, evinə tərəf addımlamışdır. Öz evinə gəlmiş, pilləkəndə oturmuş, daha Ələddinin görməmişdir. Sonradan Ələddinin polisə şikayət edərək yalandan onun və Əfqanə tərəfindən döyüldüyünü bildirməsini öyrənmişdir. O, Ələddini döyməmişdir. Əksinə daha əvvəllər Ələddin onu və arvadını döymüş, nədənsə həmin materialların polis şöbəsindən məhkəməyə gətirilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlunun təqsirliliyi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. Habil və ailə üzvləri ilə uzun müddətdir ki, aralarında münaqişə vardır. Səbəbi isə odur ki, Mıxlıqovaq kəndində özünə və ailəsiə məxsus təxminən 80 sot pay torpaq sahəsi vardır. 04 oktyabr 2022-ci il tarixdə ssat təxminən 15-16 radələrində evdə yemək yeyəndən sonra həyətindən həmin pay torpaq sahəsinə baxan zaman Habil və Əfqanənin orada şabalıd ağacının dibində əllərində təxminən 1,5 metr uzunluqda ağac parçası olduğunu, vedrəyə şabalıd yığdıqlarını görmüşdür. Onların yanına getmişdir. Olara çatıb təxminən 1 metr məsafəyə kimi yaxınlaşaraq Habilə “çıxın gedin burdan, bura sizin yeriniz deyil” demişdir. Bu zaman Habil ona “ehtiyacım var, yığacağam” deyə cavab vermişdir. Təkrar Habildən çıxıb getməsini tələb etmişdir. Bu zaman Əfqanə heç bir söz demədən əlindəki ağacı ona tərəf havaya qaldırıb iki əllə zərbə ilə həmin ağacı onun başının ortasından bir qədər sağ doğru nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən özünü saxlaya bilməyib oturmaqla aşağıya doğru yerə yıxılmışdır. Ayağa qalxmağa cəhd edə bilməmişdir. Yerdə olarkən Habil və Əfqanə hər ikisi əllərindəki ağacla onun bədəninin vurmağa başlamışlar. Habil həmin vaxt Əfqanəyə “qollarına, kürəyinə vur” deyirmiş. Döyülməsi barədə polisin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs şikayətçidir və qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərarda göstərilmişdir ki, Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxs Qəbələ rayon şöbəsindən daxil olmuş Zərərçəkmiş şəxs barəsində olan 588 saylı canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. Zərərçəkmiş şəxs bədəni üzərində başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin arxa sol və sağ aşağı hissələrinin, sol çiyinin bayır tərəfinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sağ budun bayır yuxarı, sol budun bayır orta 1/3-nin zolaq formasında, sağ əlin İ barmağın dırnaq falanqasının üst səthində və sol əlin üstündə İ daraq sümüyü nahiyəsində qeyri-müəyyən formada qançırları kimi xəsarəti vardır.Qeyd olunan xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni, 04 oktyabr 2022-ci ildə törənməsinə xarakterikdir.Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə aiddir.

2. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər ayrı-ayrılıqda dərəcəsinə görə başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə, döş qəfəsinin arxa sol və sağ aşağı hissələrinin, sol çiyinin bayır tərəfinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sağ budun bayır yuxarı, sol budun bayır orta 1/3-nin zolaq formasında, sağ əlin İ barmağın dırnaq falanqasının üst səthində və sol əlin üstündə İ daraq sümüyü nahiyəsində qeyri-müəyyən formada qançırları isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir.

3. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər yerləşmə nahiyəsinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə yıxılma nəticəsində törənməsinə uyğun gəlmir və həmin xəsarətlər kənar şəxs və ya şəxslər tərəfindən küt alətlə(yumuruq, təpik, ağac və sairə ilə) vurulma nəticəsində törənməsinə uyğun gəlir. İş materiallarında olan Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X1 ********* saylı cinayət işi üzrə 16 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, cinayət işinin istintaqı zamanı şahid Şəxs Nurəddin oğlunun əməlində cinayət tərkibi olmadığı müəyyən edildiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, lakin, Zərərçəkmiş şəxs qəsdən ağacla sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi üçün barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə sistemin”dən çıxarışdan görünür ki, Şəxs Nurəddin oğlu İ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nurəddin oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Nurəddin oğlu həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlunun İ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən 1.4.1-ci bəndinə əsasən birinci cümlədə “İ dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini, tərəflərin ər-arvad münasibətlərində olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Nurəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Nurəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar